Aparıcı Murad Arif SİA-ya müsahibə verib
-Artıq Murad Arif adı qalmaqallı açıqlamalarla çıxış edən aparıcılar sırasına daxildir
-Son iki il ərzində mahnı yazıram və bu müddət ərzində yazdıqlarım hər zaman müzakirəyə səbəb olur. Mən isə o mahnılarla bağlı cavablar verirəm. İki ildir ki, bu ənənə davam edir. İndi gördülər ki, bu selin qabağını almaq mümkün deyil. Bu gün fəaliyyətimi xırda-xırda hissələrə bölüb araşdırmırlar, indi Murad Arif faktorunu müzakirəyə alıblar. Mən inanıram ki, iki ildən sonra bəlli olacaq ki, bu da faydasızdır. Çünki insanlar var danışır, insanlar var öz daxili aləmlərini araşdırırlar, bununla da özlərinin daha nə bacardıqlarını üzə çıxarırlar. Amma deyim ki, onlar iki ildən sonra bu barədə danışmaqdan bezəndə, mən onlara başqa bir mövzu verəcəyəm. Məsələn üçün, Murad Arifin buraxdığı təzə roman və ya Murad Arifin sərgisi... Yəni, bütün bunlara hazır olsunlar.
- İnsanları müxtəlif kateqoriyaya böldün. Danışan və işləyən. Maraqlıdır, Murad Arif hansına aiddir?
- Mən əslində o qədər sadə və səmimi insanam ki, bunu deməkdən artıq bezmişəm. Çünki heç kim inanmır. Heç kimi inandırmaq fikrim də yoxdur. Nəzərə alsaq ki, Murad səhər saat 8-dən gecə saat 2-yə qədər çalışır, onda mən işləyən kateqoriyaya aid olaram. Danışmağı da sevirəm, amma vaxt tapanda, gördüyüm nəyəsə münasibət bildirərkən "facebook"daki statuslarımı dəyişirəm.
- Bax Murad, sən həm aparıcısan, həm mahnı müəllifisən, həm də musiqi prodüserisən. Gəl səmimi danışaq, hərdən səni qınayırlar. Bu qədər iş gördüyün halda, digərlərinin ağlına "yarımçıq papaqçılıq" gəlir.
- Vaxtı ilə onu Nizami deyib ki, yaxşı da deyib. Bəlkə də Nizamiyə görə, yaxşı palançılıq yarımçıq papaqçılıqdan yaxşıdır. Amma əslində o Nizaminin dövrü idi, yəni dahilərin zamanı idi. İndi isə burda nə mən, nə də başqa birisi dahi deyil. Murad Arif yarımçıqdırsa, digərləri bəyəm bütövdür? Yox, sadəcə olaraq Murad hər şeyi çatdırır, başqaları isə bəlkə də çatdırmır. Özümdə isə heç bir zaman yarımçıqlıq hiss eləməmişəm. Tutaq ki, mənim 7 mahnım var, əgər onlardan heç olmasa 4-dü tanınmasaydı, 2-si tutsaydı, o da dostlarım tərəfindən sevilsəydi... onda düşünərdik ki, bu insanların sözlərində həqiqət var və bir azca az danışardım, utanardım. Amma görürəm ki, mahnıların hər biri satılır və hit olur. Xalq artistləri, ulduzlar və ümumiyyətlə, keyfiyyətli insanlar tərəfindən sifarişlər dayanmır. Yəni sifariş gəlir, yazıram. Axı heç kim işimi sığortalaya bilməz ki, 2012-ci ildə Murad Arif mahnı yaza biləcək. Niyə, nəyə görə öz fəaliyyətimə son qoymalıyam? Kimin sözünə görə dayanmalıyam? Kimdir bu dəqiqə hakim? Murad Arifi analiz etmək hüququnu kim öz üzərinə götürüb, hansı dahi musiqiçi?
- Murad, çox maraqlıdır, Azərbaycanda fəaliyyət göstərən bütün prodüserlər özlərini sadəcə prodüser adlandığı halda, sən özünə musiqi prodüseri deyirsən.
- Mən bu fəaliyyətlə məşğulam, amma əslində tam mənada özümə musiqi prodüseri deyə bilmərəm. Çünki mane olan şeylər var. Ən əsas faktor isə Azərbaycan şou-biznesinin bugünkü durumudur. Ümumiyyətlə, mənə görə şou-biznes yoxdur. Bir sahədə ki, oxuyanlar, yazanlar və onu yayımlayanlar, yəni hər üç tərəf yalnız toylara işləyirsə, burada musiqi prodüseri olmaq üçün dahi olmaq lazım deyil. Bunun üçün nə lazımdır, müğənni üçün yaxşı toy mahnısı tapırsan, oxudursan. O müğənni toylara da, səhnəyə də o mahnılarla çıxır, vəssalam. Bu gün Azərbaycanda özünə prodüser deyən bir çox insanların bu sahədən başı çıxsa da bunun adı başqa cürdür, axı.
- Nədir bunun adı?
- Bu, əslində toy maklerliyidir. Mən buna belə deyirəm.
-Prodüser aləmində "disk daşıyan" adına münasibətin necədir?
- Ümumiyyətlə, Azərbaycanda prodüser aləmi yoxdur, prodüser var. Burada sadəcə prodüser işini, onun nəzəriyyəsini bilən var. Məsəl üçün, Zülfiyyə Xanbabayevanı keyfiyyətli şəkildə təqdim edən Nigar var. Amma mən inanıram ki, onların özləri ilə danışsanız, deyəcəklər ki, bu, ciddi sahə deyil. Çünki şou-biznes, şou-biznes kimi deyil. Bura belə olmalı deyil. Buranın öz qayda-qanunları var. Bu sahədə gəlir səhnədən olmalıdır. Bizdə isə yalnız toydandır. Toyda isə "bərk gedən" müğənni olmaq üçün güclü prodüserə ehtiyac olmamalıdır. Abbas Bağırova prodüser lazım idimi? Yox, Abbas bu gün səs imkanları və repertuarına görə ən "bərkgedən" toy müğənnisidir. Ola bilsin, Anar Mədətov və Namiq Qafarov çox yaxşı prodüserlərdilər. Amma vaxtında və lazımı yerdə doğulsaydılar. Azərbaycanda onların yaxşı prodüser olmağı heç kimə lazım deyil. Eltona bu dəqiqə Maks Fadeyev kimi prodüser lazım deyil. Eltona lazımdır ki, çıxıb 8-10 dənə mahnı oxusun ki, toya aparsınlar. Məhz bu baxımdan mən özünü prodüser adlandıran insanların fəaliyyətini ciddi qəbul etmirəm. Çünki şou-biznesimiz ciddi deyil. Bu sahənin adını dəyişməyi məsləhət görürəm – "Toy biznesi". Məndən heç kim inciməsin.
- Murad, hərdən bəziləri sənə nəyisə məsləhət verməyə çalışırlar. Maraqlıdır, bir nəticə çıxarırsanmı?
- Çox pis xasiyyətim var. Mənimlə bacarmaq çox çətindir. Mən nəticə çıxarda bilmirəm, dostlar məndən inciyə bilərlər, amma bacarmıram. Baxıram, verilişlərə çıxıb əsəblərini korlayırlar, danışırlar, danışarkən boğazlarında damarları çıxır, mən isə onlardan bir nəticə çıxara bilmirəm. Onlar belə etdikcə mən də əziyyət çəkirəm. İstəyirəm həm onları sakitləşdirəm, amma sonra düşünürəm ki, yox, qoy danışsınlar.
- Amma sən onların damarlarının çıxmasını məcbur edirsən.
- Mən nə edim ki, yazmaya bilmirəm. Bağışlasın məni Ceyhun İsmayılov da, Anar Mədətov da, amma mən yaradıcı insanam. Əlimi-qolumu bağlasalar da, yazacağam. Bu, mənim özümdən asılı deyil. Bəlkə də psixi çatışmazlığım var. Mütləq həkimə müraciət etməliyəm. Əslində məni qıcıqlandıran bir çox məsələlər var. Məsələn son zamanlar özümə qarşı plagiat sözü ilə daha tez-tez rastlaşıram. Amma bir kişi oğlu tapılmadı ki, efirdə çıxıb plagiat sözünü deyib, notla onu sübut eləsin. Çünki hamı bilir ki, Beynəlxalq Bəstəkarlar və Müəlliflər Konvensiyasının qərarına görə, bir melodiyada ardıcıl gələn 7 not, digər melodiyanın eyni ilə ardıcıl gələn 7 notu ilə tam şəkildə üst-üstə düşürsə, bu mahnını plagiat adlandırmaq olar. Əgər mahnıların ritmi, harmoniyası, mətnlərinin mövzusu eynidirsə, bunlar plagiat deyil. Murad Arifdən bir maarifləndirmə dərsi olmasın, amma hər halda bu qaydanı yaxşı-yaxşı öyrənsinlər. Və sonra fikirləşsinlər ki, nə əcəb mən Muradın mahnısına plagiat dedim?
- Müsahibənin əvvəlində dedin ki, mənə keyfiyyətli insanlar müraciət edir. Maraqlıdır, görəsən keyfiyyətli insan necə olur?
- Mənə görə keyfiyyətli insanlar, mənə qarşı münasibətlərində dürüst olanlardır. Musiqilərimin effektinə inananlardır. Həmin o mahnıların musiqi tərəfini öz nəfəs və səsləri ilə yaşada bilən və fanatlara çatdıran insanlardır. Yaxşı qonorar verənlərdir.
- Bilirsənmi ki, səni həm də qeyri-təvazökar olmaqda ittiham edirlər?
- Uşaq səmimiyyəti ilə bir açıqlama vermək istəyirəm. Məni qeyri-təvazökar adlandıranda, pis oluram. Deyirlər ki, Murad özünü çox tərifləyir. Axı bu, belə deyil, mən danışanda sadəcə ürəklə danışıram. Çalışıram onlara ən səmimi təriflərimi yağdıram. Heç vaxt deməmişəm ki, mən bəstəkaram, demirəm ki, mahnılarım "Oskar" mükafatı ala bilər, heç vaxt deməmişəm ki, mənim o mahnılarım xaricdə kiməsə lazımdır. Sadəcə olaraq faktlara əsaslanmışam. Demişəm ki, bu balaca ölkədə camaatın bu mahnıya marağı var. Mənə bir dəfə hitmeyker dedilər, durub baxdım, ikinci dəfə dedilər, güldüm, üçüncü dəfə isə elə ləzzət elədi ki... (əlini sinəsinə çəkir). Gördüm ki, mahnılarım hamısı "tutub" və dedim, bəli, mənəm də hitmeyker, bəs kim olmalıdır? Amma bu, o qədər də böyük titul deyil ki. Uğurlu mahnıların müəllifi olmuşam. Heç vaxt nə Qara Qarayevin, nə Fikrət Əmirovun yerinə iddialı olmamışam. Deyiblər not bilmirsən, razılaşmışam. Deyirlər, instrumentdə ifa edə bilmirsən, demişəm bilmirəm. Hər zaman təvazökar olmuşam, niyə mənə əksini yaraşdırırlar? Həmişə demişəm ki, mən savadlı, ziyalı, qrammatik cəhətdən düzgün, Azərbaycan dilində danışıb fikrimi bildirirəm və belə aparıcılar da çox deyil. Mən faktı demişəm, deməmişəm ki, mən bir nömrəli aparıcıyam. Xahiş edirəm, bu gündən sonra bütün media desin ki, Azərbaycan səhnəsinə gəlib getmiş ən təvazökar və başıaşağı insan, Murad Arifdir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB