İlhamə Quliyeva tələbəsini niyə təbrik etmədi? - TƏDBİR

İlhamə Quliyeva tələbəsini niyə təbrik etmədi? - TƏDBİR
Türk dünyasının sənət kraliçası, Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın tələbəsi, gənc müğənni Zaur vətənə dönən kimi yaradıcılıq işlərinə başladı. SİA-nın məlumatına görə, müğənni "Xoşbəxtliyin rəngini çək" adlı klip çəkdirib. Sözləri və musiqisi Xanım İsmayılqızına məxsus olan mahnıya çəkdirdiyi klipi o, dünən mətbuat nümayəndələrinə təqdim etdi. Onu təbrik etmək üçün xalq artisti Faiq Ağayev, əməkdar artist Elza Seyidcahan, müğənni Rəqsanə, Sevinc Musayeva, Yaşar, bəstəkar Xanım İsmayılqızı gəlmişdilər. Gözümüzə dəyməyən bircə Zaurun müəlliməsi, xalq artisti İlhamə Quliyeva oldu. Bəs görəsən İlhamə xanım niyə tələbəsinin həm yeni klipini həm də artıq biznesmen olmağını təbrik etməyə gəlmədi. Bu suala cavab axtarsaq da, tapmadıq.

Lakin bu təqdimat müğənniyə yaman baha başa gəldi. Belə ki, o, klipini hər kəs kimi mətbuat konfransında yox, yeni acdığı geyim dükanında təqdim etdi. Zauru təbrik etmək üçün gələn qonaqlar isə bu fürsətdən olduqca faydalandılar və yeni açılmış "Zeta Mondo" dükanında olan geyimləri özləri üçün hədiyyə götürdülər. Faiq Ağayeva isə onu qeyd etdi ki, onun əyninə olan geyimlər hər zaman azlıq təşkil etsələr də, bu dükanda o, öz "razmerini" tapdı.

Tortu kəsən müğənnilər Zauru olduqca təriflədilər. Faiq Ağayev isə qeyd etdi ki, Zaur çox məsuliyyətli insandır: "Düzdür, mən Zauru İlhamə xanım Quliyevanın vasitəsi ilə tanımışam. Amma onu deyə bilərəm ki, o, çox vasvası oğlandır. Yəni seçicidir , hər şeyi bəyənmir. Amma sevinirəm ki, o, buranı nəhayət ki, bəyəndi. Onun alnının tərinə fikir verin, bu məsuliyyətdən irəli gəlir. Ona uğurlar arzu edirəm. Amma bir sevindirici hal budur ki, Zaurun da boyu mənim kimi balacadır. Demək biz burdan asanlıqla özümüzə geyim seçə bilərik". (gülür)

Bütün xəbərlər Facebook səhifəmizdə