Şairə Leyli real hadisələrdən bəhs edən roman yazır - MÜSAHİBƏ

Şairə Leyli real hadisələrdən bəhs edən roman yazır - MÜSAHİBƏ
Əksər populyar Azərbaycan estrada müğənnilərinin repertuarlarında olan hitt mahnıların sözlərini yazmış şairə Leyli özünü başqa ampluada sınamaq fikrinə düşüb. O, ilk sevgi romanını yazmağa başlamaqla oxucuların görüşünə yazıçı kimi də gəlməyə hazırlaşır. SIA-ya müsahibəsində şairə, yaradıcılıq işləri haqda ətraflı məlumat verib.

- Leyli, artıq 5 ildir ki, dinləyicilər səni şairə kimi tanıyırlar. Demək olar ki, gənc şairə kimi çox populyarsan. Mahnılara yazdığın sözlərin seviləcəyini bu dərəcədə təsəvvür edirdinmi?

- Təvazökarlığı bir kənara qoysaq, deyə bilərəm ki, dinləyicilər tərəfindən sevgi qazanmağım məni çox sevindirir. Təəssüratlarını mənimlə bölüşən insanların sevgilərini heç nə ilə müqayisə edə bilmərəm. Məncə hər şairəyə belə bir qismət nəsib olmur. O, vaxt mən şerlər yazmağa başlayanda elə bilirdim ki, heç bir nailiyyət əldə etməyəcəyəm. Tanınmaq zirvəsinə qədər ucalacağım ağlıma belə gəlmirdi.

- Görünən odur ki, sən gənclər arasında pioner oldun. Səndən sonra çoxları özündə istedad aşkarlayıb, müxtəlif təxəllüsləri adlarına yaraşdırıb şer yazmağa başlayıblar. Necədir münasibətin?

- Açığını desəm, bu hal heç də mənim xoşuma gəlmir. Mən mahnı sözləri yazanda elə də şairlər çox deyildilər. Sevimli şairlərimiz Baba Vəziroğlu, Sərvər Şahbəyli, Xanım İsmayılqızı, İsmayıl Dadaşovdan sonra mənim adım bu sırada çəkilməyə başladı. Haradasa bu dörd şairdən ilham alıb, əlimə qələm götürmüşdüm. Məndən sonra isə bu sahədə yeni dəb formalaşdı. Və mahnı sözləri yazanların sayı çoxalmağa başladı. Hərdən oturub fikirləşirəm ki, sanki, üzr istəyirəm ifadəmə görə, şer yazmaq bir növ bazara çevrilib. Mən sırf özüm üçün hobbi olsun deyə edirdim. Haradasa, iki il sözlərimə görə müğənnilərdən qonorar almırdım. Sonra şairəlik mənim üçün professional işə döndü və gəlir əldə etməyə başladım.

- Leyli adını marka hesab etmək olar?

- Özüm desəm də artıq marka kimi qəbul olunub. Zarafatla mənə hit-meyker də deyirlər. Allaha min şükür, bu günə qədər mahnılara yazdığım bütün sözlər, müğənnilərin repertuarlarında hittə çevrilib. Bu mənim uğurumdan xəbər verir.

- Bildiyimiz qədər, yaradıcılığında yeni bir dövrə keçid edirsən. Söhbət qələmə almaqda olduğunu sevgi romanından gedir.

- Hə, sırf xanımlara aid olacaq bir roman yazıram. Ürəyimdən keçələri qələmə alıram. Dəqiq deyə bilmərəm yaradıcılığımdakı bu yenilik necə qarşılanacaq. Amma başlamışam yazmağa. Yəqin ilin sonuna kimi tamamlayıb bitirərəm.

- Hər zaman deyirsən ki, mahnılarda səslənən sözlərini, real həyatda baş verən hadisələrdən qaynaqlanıb yazırsan. Romandakı qəhrəmanlar kimlər olacaq? Real, yoxsa ...?

- Qəhrəmanın bir qızdır. Onun birinci sevgisində bəxti gətirmir. Demək olar ki, həyatı alınmır. Detallarını danışmaq istəmirəm. Onu deyərdim ki, ətrafımda olan dostlarımın başına gələn maraqlı məqamları da kitaba əlavə edirəm. Romanın ikinci hissəsində qızın həyatına ikinci şəxs peyda olacaq. Həmin qəhrəmanımı şəxsən tanıyıram. Əslində roman üçün bu müsbət qəhrəman obrazı çoxdan axtarırdım və belə oldu ki, real tanıdığım insanın həyatından yazmağa qərar verdim. Həmin oğlan həqiqətən də bədbəxt bir qızın həyatını yaxşılığa doğru dəyişib.

- Çətin taleli qız, əsas qəhrəmanın bəlkə elə sənin özünsən?

- Haradasa ola bilər. Öz həyatımda baş verən hadisələri də yazmaqdayam. Özüm şairə olsam da qəhrəmanımı bəstəkar kimi qələmə verirəm. Özüm bilərəkdən elə seçdim ki, qəhrəmanım xasiyyət və xarakter etibarı ilə mənə yaxın olsun. Romandakı hadisələr Bakı şəhərində, 2005-ci ildən sonrakı illəri əhatə edəcək. Bir sözlə müasir həyat öz əksini tapacaq. Fikrimcə xanımlar daha çox maraq göstərəcəklər bu romanı oxumaqdan ötrü. Kitabı iki dildə nəşr etməyi düşünürəm. Azərbaycan və rus dillərində. Qoy sözümü qəribçiliyə salıb məndən inciməsinlər, doğma dilimizdə kitab oxuyanlar çox az saydadırlar. Ona görə də rus dilinə tərcümə etdirəcəyəm ki, oxuyanların sayı çox olsun.

- Əsas qəhrəmanın olacaq həmin xanımın həyatından bəlkə bir az da ətraflı danışasan.

- Bu qızın ömür boyu bir arzusu olur. O, da tanınmış bir bəstəkara çevrilmək. Ailə həyatı qürur və qəza nəticəsində həyat yoldaşını itirir. Maraqlısı orasındadır ki, oğlanın ölməsinə, qızı günahkar biləcəklər. Depressiyalar yaşamağa məruz qalır. İkinci hissədə ortaya çıxaraq, qızın həyatını dəyişəcək oğlan isə subaydır. Birlikdə çox böyük macəralar yaşayacaqlar. Sonunu açıqlaya bilmərəm. Vurğulamaq yerinə düşərdi ki, bu gün elə xanımlarımız var ki, doğurdan da həyatların burulğanlar baş verdiyi zaman özlərindən küsüb, yaşamağa nifrət etməyə başlayırlar. İstəyim odur ki, romanımı oxuyacaq xanımlar bilsinlər ki, Allahın bizə əmanət verdiyi ömrü layiqincə yaşamaq lazımdır. Nəyin baş verməsindən asılı olmayaraq, xüsusilə xanımlar heç vaxt sınmamalıdırlar. Yəni hər bir çətin günün, işıqlı sabahı da var. Axı, boşuna deməyiblər ki, insan öz həyatının memarıdır.

- Leyli, bayaq sualımızın üstündən ötüb keçdin. Əmin ol ki, romanı oxuyacaq əksər tanışların iddia edəcəklər ki, öz həyatından yazmısan .

- Sualı açıq qoyaq. Kim bilir bəlkə, siz deyəndir?

- Çünki müsahibələrinin birində elə mənə demişdin ki, vaxtı çatanda öz həyatından yazacaqsan.

- Yadımdadır. Sözün açığı istədim ki, ancaq öz həyatımdan yazım. Sonra fikirləşdim ki, oxuyanlar bu sırf özümü reklam etmək, gündəmdən enməmək üçün yazdığımı düşünərlər.

- Leyli, hansı klassiklərin əsərlərini oxuduqdan sonra qərara gəldin ki, roman yazasan?

- Əksər yazıçılarımızın adlarını çəkə bilərəm. Amma ruhuma yaxın mərhum türk yazıçısı Xalide Edip Adıvarın romanlarıdır. Bu xanım sağlığına şəxsi həyatında çox müsibətlər yaşayıb. Bu qadın dəfələrlə edama məhkum olunsa da yaşamaq uğrunda mübarizədən qalib çıxıb. Yazdığı əsərlər hələ də Türkiyədə öz aktuallığını itirmir. Digər türk yazıçısı Rəşad Nuri Güntəkin isə mənim idealımdır. Mən o insana həmişə pərəstiş etmişəm ki, bir yazıçı kimi qadınları necə duyub, yaza bilib? Mən onun qızının müsahibəsindən oxumuşdum ki, atası ancaq real həyatda baş verən hadisələri qələmə alıbmış.

- Qayıdaq sənin romanına. Hansı adla ilk əsərini oxucularına təqdim etməyi qərarlaşdırmısan?

- Romanın adı "Gecə səyahəti"dir. Əsas qəhrəmanın adı isə Əzradır. Bu ad ərəb dilindən tərcümədə Gecə həyatı deməkdir.

- Kitabı çap etdirməkdən ötrü maliyyə dəstəyini hardan əldə edəcəksən?

- Hələ ki, sponsor yoxdur. Amma Allah heç vaxt məni darda qoymayıb. Yəqin ki, öz büdcəmin hesabına olsa da kitabı nəşr etdirəcəyəm. Bir istəyim də var. Az əvvəl hansı yazıçıların əsərlərini oxuduğumla bağlı sual ünvanlamışdım. Mən Azərbaycanın xalq artisti, görkəmli ziyalımız, Yazıçılar Birliyinin sədri Anar müəllimin adını xüsusi olaraq çəkmək istəyirəm. Onun "Beş mərtəbəli evin, altıncı mərtəbəsi" əsərini oxuyanda göz yaşlarıma hakim ola bilmirəm. Eyniadlı romana çəkilmiş "Təhminə" filmi isə məni elə təsirləndirir ki, heç vaxt bu filmin finalına baxa bilmirəm. Bir arzum var. O, da yazacağım ilk romanıma Anar müəllimin ön söz yazmasıdır. Əgər o, bu istəyimi yerinə yetirsə, yer üzündə mənə tay olacaq ikinci bəxtəvər insanın kimliyini soruşsalar, elə Leylidir deyərəm... Türkan

Bütün xəbərlər Facebook səhifəmizdə