Murad Arif üçün özəl gün

Müğənni-bəstəkar Murad Arifin övladı Mikayılın ad gündür. SİA-nın məlumatına görə, sənətçi övladını belə təbrik edib: "2012-ci il mayın 10-u... Sənin doğulmağın üçün hələ tez idi... Lakin həkimin söylədikləri və Sənubər nənənin bizi təlaşa salması, fikrimizi qətiləşdirdi və qərar verildi - o gün bu gündür!

Tələsik işdən çıxıb evə gəldim ki, xəstəxanaya yollandıq. Çalışdım həyəcanımı cilovlayam. Həm də sükandaydım, həyəcansız və rahat bir şəkildə ananla nənəni xəstəxanaya çatdırmalıydım. Son 4-5 ay ərzində sənlə hər zaman söhbət edir, gecələr "gecən xeyrə", səhərlər "sabahın xeyr" deyirdim... Sən də hökmən atanın səsinə yumruğunla (bəlkə də təpiklə) cavab verərdin. Anan həmişə deyirdi ki, "Sən onunla danışanda sakitləşir". Xəstəxanaya çatdıq, ananı otağa apardılar. 35-40 dəqiqədən sonra həkim xanım yanıma gəlib dedi ki, "Sizin kürəniniz dünyaya gəldi".

Sənubər nənən həmişəki kimi dualarını oxuyurdu, mən də sevincimdən Stokholmdakı nənə-babana zəng etdim. Deyirlər ki, guya atalar bu məqamda sevincindən ağlayır. Mən isə o an kövrəlmədim heç. Sağ olsun tibb bacısı, uşağı xüsusi çarpayıda yanımdan keçirtdi. "Mika" deyib atıldım, sən də oyanıb, başını mən tərəfə döndərdin. Kişi bala, eşq olsun, atanın səsini tanıdın.

5 yaşındır artıq! Qaqam, qaqaşım, oğlum, həyatım, Vətənim. Sən doğulandan sonra mən çox dəyişdim, Mika. Yaradana dualarım, şükranım qat-qat çoxaldı. Ən birincisi, sənə uzun və sağlam ömür arzu edirəm. İkinci məsələ, yaradanı hiss et, onu duy və ürəyində hər zaman onunla məsləhətləş, şükür et. Bu həyatda gözəl arzular qur, arzuların gerçəkləşməsi üçün zəhmətə qatlan, əziyyətdən qorxma, amma mütləq istədiyinə can at. Dünyanı gəz, dolaş, dilləri öyrən, səni ən çox sevən qıza könlünü ver, ailə qur, xoşbəxt yaşa. Bir sözlər, atan kimi ol".

Bütün xəbərlər Facebook səhifəmizdə