Məşhurlar “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışında FOTOLAR

Məşhurlar “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının açılışında FOTOLAR

Fəvvarələr meydanında dördüncü "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkası açılıb. SİA-nın məlumatına görə, gecənin aparıcılığını əməkdar artist Murad Dadaşov edib.

Xeyriyyə yarmarkası Fəvvarələr meydanındakı kiçik taxta evlərdə təşkil edilib. Burada doğmalar və yaxın adamlar üçün Yeni İl hədiyyələri, suvenirlər, kitablar, geyim və şirniyyat almaq, bununla da ehtiyacı olan uşaqlara böyük sevinc bəxş etmək olar. Satışa yalnız müxtəlif şirkətlərin məhsulları deyil, həm də internat məktəblərinin yetirmələri tərəfindən hazırlanan məmulatlar çıxarılıb.

Tədbirdə xalq artistləri Zülfiyyə Xanbabayeva, Alim Qasımov, Mübariz Tağıyev, əməkdar artistlər Abbas Bağırov, Fərqanə Qasımova, müğənni Samira Allahverdi mahnılar səsləndirib.

Yarmarka 2017-ci il yanvarın 15-dək davam edəcək. Ənənəyə görə, tədbirdə toplanmış vəsait xeyriyyə məqsədləri üçün istifadə olunacaq. "Nargis Fund" yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, "Amapola Exclusive Events", "Caspian Drilling Company", SEBA (Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), "Azərişıq", "Elevatione", "Norm", "Fresh Catering" ilə birlikdə ehtiyacı olan uşaqlara (müalicə, cərrahiyyə əməliyyatı və sair) kömək göstərəcək.

Yarmarkanın əsas qonaqları uşaq evlərinin sakinləri olacaq. Onları tanınmış adamlarla görüşlər, sevimli ifaçıların çıxışları, ənənəvi suvenirlər, şirniyyatlar və sponsorların hədiyyələri, sürprizlər və çoxsaylı əyləncələr gözləyir.

Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta Baba və Qar Qız, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə