Xoşqədəm Hidayətqızının bu videosu hələ çox danışılacaq

Xoşqədəm Hidayətqızının bu videosu hələ çox danışılacaq

Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" proqramının çəkilişlərindən birinin biyabırçı görüntüsü ortaya çıxıb. Həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq "qəhrəmanlar" başqa formada təqdim olunur və tamaşaçı aldadılır.

Hətta efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim "qəhrəman"ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

Verilişin aparıcısı və müəllifi Xoşqədəm Hidayətqızı isə deyib ki, telekanal rəhbərliyinin icazəsi olmadan heç bir iş görməyib: "Açığı bilmirəm söhbət hansı görüntülərdən gedir. Çünki mən o görüntüləri görməmişəm. Amma istəyirəm biləsiz ki, ATV-də işlədiyim dönəmdə hansı addımlar atmışamsa, hansı işlər görmüşəmsə, hər birindən rəhbərliyin xəbəri var. Ümumiyyətlə, rəhbərliyin izni olmadan mən heç bir addım ata bilmərəm".

Məsələ ilə əlaqədar olaraq SİA-ya günlərdir Xoşqəm Hidayətqızının insanları aldatdığına dair videonu yayan jurnalistlərdən münasibət öyrənib.

Onları təqdim edirik:

Jurnalist Rəsul Mübarizoğlu: "Bu görüntülərdə ATV kanalının rəhbərliyinin birbaşa günahı vardır. Çünki gəlir əldə etmək üçün bu cür oyunlara əl atırlar. İnsan sağlamlığı onlar üçün önəmli deyil. Xoşqədəmin verilişinə demək olar ki, bir çoxları baxır. Ona görə də onlar verilişi reytinqli edərək, reklam qazanırlar. Amma bilmirlər ki, insanların hissləri ilə oynayırlar. Hamı elə bilir ki, bu verilişdə yaşanalar həqiqətdir və hər kəs ağlayır. Orada rol alan həkimə gəldikdə isə şərəfini pula satmış biridir. Bu bir cinayət sayılır. Xoşqədəm etdiyi hərəkəti kanal rəhbərliyinin üstünə ataraq məsuliyyətdən yayınmaq istəyir".

Jurnalist Ədil Ədilzadə: "Mənim fikrimcə yayılan videonun arxasında maraqlı olan qüvvələr dayanır. Hansı ki, Xoşqədəmin nəaliyyətlərini qısqanır, göz götürmür. Çünki, bir neçə gün öncə Xoşqədəm fəxri ad alıb.

Ancaq bununla yanaşı onu da qeyd etmək lazımdır ki, bu veriliş heç də yayımlandığı kimi deyil. Bəli müəyyən qaranlıq məqamlar var. Burada son söz rəsmi qurumlarındır".

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitika şöbəsinin müdiri Təvəkkül Dadaşovla da əlaqə saxladıq. O, sualımızı eşidincə, ''Bu haqda danışmayacam''-deyərək dəstəyi yerə qoydu.

"Səni axtarıram" layihəsi 2014-cü ilin ortalarında ATV-də yayımını dayandırdı. Bundan sonra veriliş ANS-də işıq üzü gördü. Hazırda isə "Xəzər" TV-də yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə