Xalq artisti: "Unutmayaq ki, biz sənətçilər də az-az efirə çıxmaqla tanınmışıq" MÜSAHİBƏ
Xalq artisti Gülyanaq Məmmədovanın müsahibəsini SİA-ya oxucularına təqdim edirik:
-Yaradıcılığınızda hansı yeniliklər var?
-Muğam dəstgahları var ki, onları tələbələrimlə birgə ifa edəcəm. Eyni zamanda bəstəkar mahnılarına müraciət edəcəm. Belə ki, Ruslan Səfəroğludan təklif gəlib. Həmin təklifi dəyərləndirəcəm. Bundan başqa Gülağa Tənhanın ana haqqında mahnısını ifa edəcəm. Şəki haqqında da bəstəm hazırdır. Tezliklə dinləyicilərin ixtiyarına verəcəm.
-Ramazan ayı olduğu üçün toylar yoxdur. Bu ay nə etməyi planlaşdırırsınız?
-Bu ay toylarımız yoxdur. Onun üçün köhnə yazılmış bəstələri yeni aranjemanda səsləndirəcəm. El şənliklərində olanda səsim yorğun olur. Səsyazma studiyasında istədiyim nəticəni əldə edə bilmirəm.
-Klip çəkdirməyi düşünürsünüzmü?
-Bu yay klip lentə aldırmaq niyyətində deyiləm.
-Gülyanaq Məmmədova sevənlərinə konsert verəcək?
-Bəli, planda var ki, konsert keçirim. Belə ki, noyabr ayında konsert verəcəkdim. Lakin bəzi səbəblərə görə, konserti fevral ayına keçirməli olduq. Heydər Əliyev Sarayında bacım, xalq artisti Gülyaz Məmmədova ilə konsert verəcəyik.
-Hər zaman gənclərə dəstək olursunuz..
-Onlara kömək etmək biz xalq artistlərin borcudur. Hazırda tələbələrim var. Onlarla duet oxumağı planlaşdırıram. Tələbələrimə solo efirdə oxumağa imkan yaratmadıqları üçün mən də məcburam onlarla duet oxuyum. Gənclərə dəstək olmayanda həvəsdən düşürlər. Amma onların gözəl səs tembirləri var. Niyə biz müəllimlər tələbələrimizin istedadını üzə çıxarmayaq? Unutmayaq ki, biz xalq artistləri də az-az efirə çıxmaqla tanınmışıq və tamaşaçıların rəğbətini qazanmışıq.
-Şəxsi həyatınızda yenilik varmı?
-Allah qismət etsə, dördüncü dəfə ana olacam. Səhhətim yaxşıdır. Allah balamı sağ-salamat qucağıma almağı qismət etsin. Övladı olmayanlara bala payı versin. Əslində, bu haqda danışmaq istəmirəm, böyük-kiçik var.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB