Əməkdar artist Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyətə başlayıb. SİA-ya teatrın mətbuat katibindən verilən xəbərə görə, tezliklə müğənninin baş rolu ifa edəcəyi yeni səhnə əsəri tamaşaçılara təqdim olunacaq. A.Ələsgərli də teatra dönməyi barədə danışıb:
"Mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komedyia aktyorluğu" fakültəsində təhsil almışam. İlk dəfə 1985-ci ildə - tələbə ikən məhz burda – Musiqili Teatrda səhnəyə çıxmışam. Emin Sabitoğlu və Xalidə Hasilovanın "Nəğməli könül" əsərində baş qəhrəmanı – Könül obrazını canlandırmışam. Sonra tale elə gətirdi ki, teatrdan uzaq düşdüm, əsasən müğənnilik fəaliyyəti ilə məşğul oldum. Amma bütün bu illər ərzində ürəyim həmişə teatrın, səhnənin yanında oldu. Elə bilirdim ki, həyatımda nəsə çatmır. Əmin olanda ki, içimdəki teatr, səhnə sevgisi məni heç vaxt tərk etməyəcək, qərar verdim ki, yenidən bu şöhrətli kollektivə qayıdım. Xeyirxah insan, əvəzsiz dost kimi tanıdığım Əliqismət müəllimə müraciət etdim. Sağ olsun, məni qəbul etdi, dinlədi və Musiqili Teatrda aktrisa kimi fəaliyyət göstərməyim üçün şərait yaratdı.
Hazırda baş rollardan birini ifa etdiyim yeni tamaşanın məşqləri gedir. Burda çox gözəl yaradıcı mühit, səmimi, işgüzar kollektiv var. Yaxın zamanlarda hazırladığımız tamaşanın premyerası olacaq. Qeyd edim ki, bu səhnə əsərinin quruluşçu-rejissoru, həm də bu tamaşada mənim tərəf-müqabilim olan Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamaldır. Fürsətdən istifadə edib bir daha mənə göstərdiyi etimada görə Dövlət Musiqili Teatrının direktoru, Azərbaycanın böyük ziyalısı Əliqismət Lalayevə təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB