Gülnarə Xəlilova moda gecəsi keçirib

Gülnarə Xəlilova moda gecəsi keçirib

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın moda gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Gülnarə Xəlilovanın ziyafət paltarları və milli geyimlərdən ibarət yeni rəngarəng kolleksiyası gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Moda gecəsini izləməyə gələnlər arasında Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli, əməkdar artist, müğənni və bəstəkar Tünzalə Ağayeva, sağlam qidalanma üzrə mütəxəssis, teleaparıcı və şairə Mələk Xəlil, aparıcılar Leyla Mustafayeva, Ceyhun Əli, Vüsalə Səid, Samirə Rüstəmova, Rəşad Mehdili, model Könül Əzizova və başqa məşhurlar yer alıb.

Bayram tədbirləri və təntənəli məclislər üçün nəzərdə tutulmuş parlaq ziyafət paltarları moda gecəsinə xüsusi ovqat bəxş edib. Milli geyim kolleksiyası isə özündə yalnız qədim ənənələri deyil, eyni zamanda, müasir stilizasiyanı əks etdirib. Parlaq geyim elementləri və ornamentlərlə, hətta qədim cəngavərlərin döyüş geyiminin elementləri ilə bəzədilmiş ağ gəlinlik paltarı isə gecənin kulminasiya nöqtəsi olub.

Gecənin sonunda Gülnarə Xəlilova özü üslublaşdırılmış milli geyimdə model kimi podiuma çıxıb. Моdelyer-dizayner gecənin təşkilinə və diqqətə görə təşəkkürünü bildirib və etnik yaradıcılığın təbliği, milli adət-ənənələrimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi ilə ölkədə milli geyim gününün təsis olunmasının vacibliyini bir daha qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə