Xoreoqraf: “Çox xoşbəxtəm ki, ...” MÜSAHİBƏ-FOTOLAR

Xoreoqraf: “Çox xoşbəxtəm ki, ...” MÜSAHİBƏ-FOTOLAR

Azərbaycan Dövlət Rus Dram Teatrının xoreoqrafı Raulya Türkkanla müsahibəni SİA sizlərə təqdim edir:

- Neçə ildir rəqs qurursunuz?

- 16 ildir ki, xoreoqraf olaraq rəqs qururam. 10 ili müəllimlik olub. Müasir bal rəqsləri dərsi verirdim. Sonra teatra gəldim. 6 ildir ki, burada xoreoqraf işləyirəm. Hazırda səhnədə xoreoqrafik obrazlar, insan bədəninin hərəkət və hallarını yaradıram. Teatr mənim üçün başqa dünyadır. Bu işə elə aşiq oldum ki, indi özümü teatrsız təsəvvür etmirəm.

- İndiyədək qurduğunuz səhnə işləriniz nə ilə fərqlənib? Yəni, bu 6 ildə formalaşmış özünüzə məxsus dəsti-xəttiniz varmı?

- Aktyorlarla işlədiyimə görə mənim xoreoqrafiyaya münasibətim tamam fərqlidir. Aktyorlarlar mənim qurduğum xoreografiyanın köməyi ilə öz aktyorluq məharətlərini göstərirlər. Təbii ki, mənim quruluşlarımda fərq mütləq var. Həmin fərq məni başqalarından ayırır. Məsələn, qurduğum əsərdə "Modern dance" (müasir rəqs) adlanan yeni sənət istiqaməti özünü göstərir. Ümumiyyətlə, xeyli fərqli əsərlərim var. Amma səhnə xoreoqrafiyasının ənənəvi balet formalarını inkar edən müasir ifadələrini daha çox sevirəm.

- Heç qurduğunuz, amma istədiyiniz nəticəni ala bilmədiyiniz rəqs olubmu?

- Yox, belə hadisə olmayıb. Mən özümü tamaşaya tam verirəm. Bəzən aktyorlar mənim onlardan nə istədiyimi başa düşməyə bilər. Ancaq istədiyimi onlardan alana qədər əl çəkmirəm. Onlara yerinə yetirəcəkləri elementi dəfələrlə izah edirəm. Belə vəziyyətlərdə psixoloji təsir də çox önəmlidir. Belə ki, aktyor və aktrisaları inandırmalıyam ki, onlar bu və ya digər elementi yerinə yetirə bilərlər.

- Xoreoqraf olaraq rəqqaslarla iş qurmaq sizin üçün nə qədər asan, və ya nə qədər çətindir? Bu, aktyorlarla da alınırmı? Bunun öhdəsindən həmişə gəlirsinizmi?

- Əgər səmimi danışsaq, rəqqaslarla rəqs texnikası üzərində işləmək asandır. Amma aktyorlarla işləmək daha maraqlıdır. Onlar səhnədə yaşayır, mən isə səhnədə sözsüz anlaşıla biləcək xoreoqrafiya yaradıram. Rejissorların qarşımda qoyduğu vəzifəni başa düşdükdən sonra bunu yerinə yetirmək mənim üçün çox asandır.

- Ən əsası, buna nə qədər nail ola bilirsiniz? Yəni xoreoqraf rəqqasların hərəkətlərinə bütövlük verir. İşinizin nəticəsində o bütövlük alınırmı?

- İşim elə ondan ibarətdir. Tamaşalar üçün səhnələr hazırlayan bir xoreoqrafın vəzifəsi tamaşa boyu tamlığı qorumaq, mətnindən uzaqlaşmamaqdır.

- Bəzi xoreoqraflar öz biliklərini artıq mövcud rəqslərin yenidən qurulması üçün istifadə edir, bəziləri isə müxtəlif texnikalar istifadə edərək, tamamilə yeni səhnə işi yaradırlar. Sizin də tamamilə yeni səhnə işiniz varmı?

- Mənə belə gəlir ki, mən hələ yeni istiqamət yaratmaq üçün kifayət edəcək bilik və təcrübə toplamamışam. Amma bir xoreoqraf kimi Aleksandr Şarovskinin "Maskarad" tamaşasındakı yeni səhnə işim tamamilə fərqli idi. Burada mən plastikanın köməyi ilə tamaşanın bütün daxili əhval-ruhiyyəsini göstərə bildim.

- Yeri gəlmişkən, baş rejissor, xalq artisti Aleksandr Şarovskinin quruluşunda səhnələşdirilən "Maskarad" tamaşasında beynəlxalq komanda ilə işləmisiniz. Çətin olmadı ki?

- Deyə bilmərəm ki, mənim üçün çox çətin olub. Qətiyyən belə deyil. Nəinki çətin deyildi, əksinə, belə bir komandada işləmək çox maraqlıydı. Rejissor Şarovski və kostyum üzrə rəssam Krujilina ilə işləmək xüsusilə mənə zövq verdi. Düşünürəm ki, hər halda bəxtim gətirib ki, rejissor mənə belə mürəkkəb bir işi etibar edib.

- Bundan sonrakı hədəfiniz nədir?

- Məqsədim maraqlı layihələrdə iştirak etmək, çalışmaqdır. Arzum isə budur ki, teatr səhnəsində plastik tamaşa qoymaqdır.

- Bildiyimizə görə, bir qızınız var və artıq tamaşalarda da oynayır. Övladınızın səhnədə olmasından narahat deyilsiniz ki?

- Elədir. Qızım artıq 5 yaşından səhnəyə çıxır, tamaşalarda oynayır. Aylin artıq teatrsız qala bilmir. Bu, məni narahat eləmir. Qızıma, onun seçiminə görə nigaran deyiləm. Onun seçiminə həmişə hörmətlə yanaşacağam. Hətta ehtiyacı olduğu anda, hər işində ona yardımçı olacağam.

- Ana kimi daha çox qızınızın harada parlamasını istəyirsiniz: ailədə, yoxsa səhnədə?

- Mənə elə gəlir ki, ailəmizin artıq səhnə təcrübəsi var. Kiçik bacım Nigar Rzayeva Dövlət Rəqs Ansamblının solistidir. Nigar hələ 20 yaşında "Əməkdar artist" adını alıb. Biz səhnəsiz yaşaya bilmərik. Hamımızın həyatı səhnə ilə birbaşa bağlıdır. Birimiz - qızım oynayır, birimiz - bacım rəqs edir, mən də tamaşalar səhnələşdirirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə