Əməkdar artist “Bir damla su” adlı konsert verəcək

Əməkdar artist “Bir damla su” adlı konsert verəcək

Əməkdar artist Elza Seyidcahan iyulun 27-si Xəzər dənizi sahilində yerləşən istirahət məkanlarının birində "Bir damla su" adlı möhtəşəm şou konsert proqramı ilə çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, müğənni suya həsr etdiyi konsertində tamaşaçılar üçün gözlənilməz sürprizlər təqdim edəcək. Onun səhnəyə çıxmasından əvvəl moda sərgisi, rəsm əsərləri, sehrbazların maraqlı nömrələri nümayiş etdiriləcək. Daha sonra əməkdar artist Elman Əzimovun rəhbərlik etdiyi ansamblın müşayiəti ilə səhnəyə çıxacaq. Həm repertuarındakı mahnıları, həm də xalq, bəstəkar və türk mahnılarını canlı ifa edəcək müğənni səhnəni ara-sıra duet oxuduğu həmkarları ilə də bölüşəcək. Ola bilsin ki, oğlu Ələkbər də müğənni kimi səhnəni anası ilə bölüşsün. İfaçı qonaqlar sırasında Elza xanımın bacısı Rasimə Muradova da solo ifa nümayiş etdirəcək. Seyidcahanın konsertinə millət vəkili Qənirə Paşayeva, bəstəkarlar Arif Məlikov, Siruz Abasbəyli, xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Gülyaz və Gülyanaq Məmmədovalar, modelyer Gülnarə Xəlilova kimi tanınmışlar qonaq qismində iştirak edəcəklər.

Nəzərinizə çatdıraq ki, bir neçə gün bundan öncə ad gününü qeyd etmiş müğənni, əsl ad günü tortunu sürpriz şəkildə məhz həmin konsertdə kəsəcək.

Qeyd edək ki, konsertə tamaşa etməyə gələnlər arasında oruc olan qonaqlar üçün xüsusi iftar süfrəsi də təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə