“Şou-biznes” nümayəndələrinin tarixi rüsvayçılığı! SORĞU

“Şou-biznes” nümayəndələrinin tarixi rüsvayçılığı! SORĞU

Bu gün 9 May - faşizim üzərində Qələbə Günüdür. Bununla bağlı olaraq şou-biznes nümayəndələri arasında sorğu keçirmək qərarına gəldik. "9 may nə günüdür"? sualını ünvanladığımız sənətçilərin bəziləri azərbaycanlı olmaqlarına baxmayaraq, sualımızı cavablandıra bilmədilər.

Əməkdar artist Nüşabə Ələsgərli: " 9 May – faşizm üzərində Qələbə Günüdür. Biz sovet hakimiyyətini görmüş insanlarıq. Bu tarixi hər zaman böyük sevinclə qeyd etmişik. Bu gün də ölkəmizdə 9 May – faşizm üzərində Qələbə Günü böyük təmtəraqla qeyd olunur".

Müğənni Xatirə İslamın prodüsseri: "Sualınızı yenidən təkrarlayın". (Susaraq sorğumuza cavab verə bilmədi və dəstəyi asdı).

Rəqqasə Fatimə Fətəliyeva: "Bu gün Azərbaycanda 9 May -faşizim üzərində Qələbə Günüdür".

Müğənni Rəqsanə: "Mən hazırda xarici ölkədə olduğum üçün sualınıza cavab verə bilməyəcəm" -deyərək telefonu söndürdü.

Müğənni Günel: "Sovet dövründən bu günə kimi 9 may tarixini faşizm üzərində Qələbə Günü kimi qeyd edirik".

Müğənni Rüfət Axundov: "Biz sənətçilər 9 may günü ilə əlaqədar olaraq artıq bir neçə gündür ki, konsert proqramlarında iştirak edirik. 9 may Ulu Öndər Heydər Əliyevin ad günüdür. Eyni zamanda da Gül bayramıdır".

Müğənni Manaf Ağayev: "Bu gün 9 May - faşizim üzərində Qələbə Günüdür. Ətraflı danışa bilməyəcəm. Çünki hazırda hüzür yerindəyəm".

Müğənni Elçin Hüseynov: "9 May - faşizim üzərində Qələbə Günüdür".

Sorğumuzun sonunda 9 May - faşizim üzərində Qələbə Gününü bilməyən şou-biznes nümayəndələrinin nəzərlərinə çatdıraq ki, XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 millyon ton neft istehsal olunub ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları veriblər.

Onu da deyək ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.

Qeyd edək ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə