Faiq Ağayevin konsertindən təfərrüatlar: “ Vida yoxsa rum əlifbası?”
Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Faiq Ağayev 5 illik fasilədən sonra solo konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında pərəstişkarlarının qarşısına çıxan ulduz müxtəlif təbəqəli insanları mükəmməl səsi ilə heyran edib.
Konsertdə balaca uşaqdan tutmuş, ağsaqqallara qədər hər yaş nümayəndəsini görmək olurdu. Ən yaxşı sıraları isə Ağayevin yaxın ulduz qonaqları zəbt etmişdi. Uzun illərdir xalq artisti ilə dostluq edən tanınmış diktor Nərgiz Cəlilova, yeni təqdim olunan "Əlvida" klipində rol alan cazibədar teleaparıcı Afaq Gəncəli, "Bu şəhərdə" yumoristik qrupunun üzvləri, rəqqasə Fatimə Fətəliyeva, müğənnilər Xəyyam Nisanov, Zarina Məmmədova, Ayan Babakişiyeva, teleaparıcı Zaur Nəbioğlu, Səxavət Nur, Zabir Əliyev, Ulvira Qarayeva, bəstəkar Murad Arif, şairə Ülviyyə Alovlu, gənc yazıçı Aysel Əlizadə və digər məşhurlar xalq artistinə saysız-hesabsız gül dəstələrini təqdim etdilər.
Faiq Ağayev öz punktuallığını səhnədə də qorudu. Biletlərin üzərində saat 18:00 qeyd olunmuşdu və konsert deyilən vaxtda da başladı. Maraqlısı budur ki, sarayın səhnəsində baş tutan bütün böyük konsertlər saat 19:00-da başlayırdı. Ancaq F.A ənənəni pozdu. Baxmayaraq ki, deyilən vaxtda zal dolmamışdı, ancaq Cənab Qızıl Şlyager toplaşan 70 % tamaşaçını gözlətmədi. Saat 19:00-da isə bütün yerlər tutulmuşdu.
İfaları ilə yanaşı tamaşaçılarla ünsiyyət quran xalq artistinin "Bu şəhərdə" qrupu ilə zarafatları da nəzərimizdən qaçmadı. Aktyorlar səhnədə sərhəd tanımayan Ağayevin ünvanına "Ehtiyatlı ol, yıxılarsan" deyə səslənib, zərafatlar da edirdilər. Təbii ki, xalq artisti onları cavabsız qoymurdu. Rəfael İsgəndərov isə səhnənin kənarında daha öncə pərəstişkarı tərəfindən təqdim edilən gülü təkrar xalq artistinə verdi. F.A-nın mikrafonuna "Martda da bizim konsertdir" deyən aktyor tamaşaçıları qəhqəhəyə boğdu.
O ki qaldı Faiq Ağayevin səhnəsinə, işıq və səs effektləri peşəkarcasına qurulmuşdu. Canlı səslənən mahnıların illər öncə çəkilmiş klipləri səhnədə quraşdırılmış 6 manitorda nümayiş olunurdu. Bu isə tamaşaçıları ən azı 10 il öncəyə qaytardı. Axı 25 ili əhatə edən yaradıcılıq dövründə cənab Ağayevin saysız-hesabsız mahnı və klipləri var!
Yeri gəlmişkən, illər Ağayevdən sanki heç nə almayıb. Köhnə lentlərlə müqayisə etsək, sənətkar bir az da cavanlaşıb. Bəlkə də bu, xalq artistinin geyimləri ilə bağlı idi. Modelyer Renat Ramazanov tərəfindən hazırlanan geyim kolleksiyasında sədəlik olmasa da kübarlıq var idi.
Ən göz oxşayan məqam isə Faiq bəyin səsi və ifası idi. Bütün mahnıları canlı səsləndirən estrada ulduzunun ifasının bəzi məqamlarında SSRİ xalq artisti, mərhum Müslüm Maqomayevin boğazları sezilirdi. Diqqətli tamaşaçılar da bunu açıq-aydın hiss edirdilər.
Bütün bunlardan əlavə, konsertdə bir əmma oldu. Belə ki, kaş Faiq Ağayevi müşayiət edən rəqs qrupu özü qədər olmasa da, Rüstəm Zeynallının rəhbərlik etdiyi ansambl qədər peşəkar olardı. Məsələyə yumşaq yanaşsaq, rəqqaslar öz işinin öhdəsindən gəlməyi bacarmadı. Hələ Azərbaycanda peşəkar hesab olunan rəqs qruplarından biri "Spider"in göz oxşamayan hərəkətləri belə 100% F.A-nın səhnə təcrübəsinə kölgə sala bilmədi.
Bitməyən enerjisini tamaşaçılara ötürməkdən yorulmayan xalq artisti gül "yağışına" tutuldu. Bütün tamaşaçılarından diqqət görən Ağayev ona gül təqdim edən hər bir xanımın əlindən və üzündən öpürdü. Axı o, həm də centlimendir!
Konsertin sonunda gəlib çatdıq əsas məqama- "VİDA"ya! Gözlədiyimiz kimi, xalq artisti səhnəni tərk etmədi. O, sadəcə tamaşaçılarla intellektual oyun apardı. Uzun zamandır anonslarda "F.A- VİDA" başlığını görürdük. Xalq artisti bunun açıqlamasını belə izah etdi: "Siz tamaşaçılar, mənim dilimdən "VİDA" sözünü eşitmisiz? Yox! Mən sadəcə demişdim ki, nöqtəni yerində qoymaq gərək! Mən də yerində qoydum- F.A- "VİDA" sözünün isə daha məntiqli açıqlaması var. Qədim rum əlifbasında "Vİ" bu işarə 6 rəqəmini ifadə edir. Mən də ənənəni pozaraq konsertə rum əlifbasının ifadəsində başladım, yəni saat 6-da (Vİ-DA). Heç bir vida olmayacaq, mən sizinləyəm! Bu ideya isə yaxın dostum tərəfindən hələ bir il öncə təklif olunmuşdu".
Onu da qeyd edək ki, Faiq Ağayev tək bu günlə kifayətlənmədi. Onun sarayın səhnəsində hələ dekabr ayının 28, 29 və 30-da çıxışları olacaq.
İndi isə işinin öhdəsindən layiqincə gələn Faiq Ağayevin 4 saatlıq konsertində baş verən ən maraqlı məqamları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz:
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB