İzzət Bağırov halallıq verdi

Son zamanlar ifa etdikləri mahnılarla şou-biznesdə yeniliklərə imza atan "Abşeron" qrupu bu dəfə də tamaşaçıları təəccübləndirib. Qrup bir zamanlar İzzət Bağırovun ifa etdiyi "Eşqə and içmişdik" mahnısına yeni nəfəs verib. Onu da deyək ki, bu mahnı bir zamanlar İzzət Bağırova çox böyük uğur gətirmişdi.

Bu barədə SİA-ya açıqlama verən "Abşeron"qrupunun rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, onlar mahnını yeni aranjemanda, fərqli tərzdə ifa ediblər.

Ş. Məhərrəmov onu da söyləyib ki, mahnını lentə almazdan qabaq İzzət Bağırovdan icazə alıblar: "Mahnı ərsəyə gəlməzdən qabaq İzzət Bağırovdan halallıq aldıq. O da bizə məsləhətlərini verdi. Mahnının bəstəkarı və müəllifinin kim olduğunu soruşanda maraqlı və heç kəsə məlum olmayan bir cavabla qarşılaşdıq. Sən demə, bu mahnının böyük tarixi varmış. İzzət Bağırov bu mahnını ilk dəfə türk müğənnisi Emrahın ifasında eşidib və daha sonra özü oxuyub".

"Abşeron" qrupunun üzvləri ilə söhbət zamanı İzzət Bağırov bildirib ki, sözləri və musiqisi bəlli olmayan "Eşqə and içmişdik" mahnısının müəllifinin kimliyini bilməsə də, kürdlərə aid olduğu dəqiqdir.

Qeyd edəki, İzzət Bağırovla görüşdən çox məmnun olan "Abşeron" qrupu yaxın bir ay ərzində daha 2 yeni mahnı da təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə