Türkan Sultanın Bakı xatirələri...

Türkan Sultanın Bakı xatirələri...

Türkiyənin məşhur və sevilən aktrisası Türkan Şoray Azərbaycan səfəri haqqında məqaləsi dərc olunub. SİA-nın türk mətbuatına istinadən həmin məqaləni təqdim edir:

Sizə salam gətirmişəm...

Azərbaycanda 3 gün yaşadığım gözəlliklər məni bu yazını yazmağa sövq etdi. Qardaş ölkədə, yəni Azərbaycanda çox sevildiyimi bilirəm. Mən də azərbaycanlı qardaş və bacılarımı çox sevirəm. İlk fürsətdə bu ölkəyə gedərək onlarla qucaqlaşmaq istəyirəm. Deməli nə qədər ürəkdən istəmişəm ki, qarşıma bir anda Azərbaycan səyahəti çıxdı. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovla Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısının açılış mərasimində iştirak etmək üçün dəvət aldım. Daha sonra bu gənclərlə kino və incəsənət barədə danışmağımı (master-kalss) xahiş etdilər. Azərbaycanda 3 gün unuda bilməyəcəyim anlar yaşadım. Qardaş ölkədə sözlə ifadə edə bilməyəcəyim sevgi seli ilə qarşılaşdım. Çaşmışdım. Uşaqlar, gənc qızlar, insanlar gördükləri yerdə, əksəriyyəti də göz yaşlarıyla məni qucaqlayırdılar. Belə qarşılamaqlarının səbəbi mənə qaranlıq qalmışdı. Maraqlandıqda anladım ki, 1990-cı illərdə Qarabağ müharibəsi və müstəqillik mübarizəsi vaxtı Azərbaycan dövlət televiziyası xalqın əhval-ruhiyyəsini yaxşılaşdırmaq üçün mənim, "Arım Balım Pətəyim" filmimi dəfələrlə nümayiş etdirib.

Türk Hava Yollarının (THY) səhər reysi erkən saatda idi. Axşamdan paltarlarımı və aksesuarlarımı hazırladım. Özümə ən çox yaraşdırdığım paltarları seçdim. Səhər zəngin səsi ilə oyandım. Təyyarə tərəfə yollandım. Təyyarənin qapısında nazir müavini İntiqam Babayev və heyət məni çiçəklərlə qarşıladılar. Azərbaycana çatanda Ümumilli lider Heydər Əliyevin qəbrini ziyarət edərək məzarına çiçəklər qoydum. Bu ziyarət etdiyimiz yerdə tanınmış ictimai siyasi dövlət xadimlərinin və milli qəhrəmanların da məzarları vardı. Sonra şəhidlər xiyabanına getdik. Yüzlərlə lövhələrdə xalq şəhidlərinin adları yazılmışdı. Bu şəhidlərin mənəvi hüzurunda abidəyə qırmızı güllər qoyduğum anda gözlərim doldu. Xiyabanın sonunda əbədi məşəl yanırdı. Daha sonra istirahət etmək üçün çay evinə getdik. Yerə basdırılmış böyük bir torpaq küpdə bişən təndir çörəyi, isti çay, kərə yağı, qaymaq və ev mürəbbəsilə yediyim səhər yeməyinin dadından doymadım. Sonra otelə qayıdaraq axşam keçiriləcək tədbir üçün hazırlığa başladım.

Axşam tədbirə qatıldım. Mərasimdə Türkiyə səfirliyinin hörmətli nümayəndələri də iştirak edirdi. Zalda çox adam vardı və səhnəyə çıxmağım böyük alqışlarla qarşılandı.

Ertəsi gün oteldən səhər yeməyimi otağıma gətirmələrini xahiş etdim. Amma nədənsə səhər yeməyi gecikirdi. Bu səfərdə məni müşayiət edən Şenay Ülkü qəbul otağına (resepşın) zəng vuraraq səhər yeməyinin niyə gecikdiyini soruşdu. Sən demə, orda bizdəki "kahvaltı" (türkcə səhər yeməyi) günorta yeməyi imiş. "Kahvaltıya" isə səhər yeməyi deyirlər. Bir müddət sonra otağın telefonuna zəng vuraraq gecikməyə görə üzr istədilər və tez bir zamanda yeməyimizi gətirdilər. Bu çox xoşuma gəldi və gülməyə başladım. İki gün ərzində Azərbaycan türkcəsi ilə olan çox xoş danışıqlara şahid oldum. Misal üçün öldü əvəzinə, dünyasını dəyişdi deyirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə