Emre Aydın: “Röyanın adını tez-tez eşidirəm” MÜSAHİBƏ

Emre Aydın: “Röyanın adını tez-tez eşidirəm” MÜSAHİBƏ

Bakıda qonaq olan türkiyəli müğənni Emre Aydının meneceri Ümüt Orhan yerli jurnalistlərin müğənnidən müsahibə almağına etiraz bildirsə də, Səs İnformasiya Agentliyini (SİA.AZ) istisna etdi. Odur ki, kaprizli müğənninin açıqlamalarını təqdim etdiyimiz müsahibədə oxuyun:

- Xoş gəlmisiniz. Azərbaycan sizi ilk dəfə qarşılayır. Təəssüratlarınız çox maraqlıdır?

- Şəhərinizi gəzməyə vaxtım olmadı. Amma qonaqpərvər olduğunuz ilk dəqiqələrdən bəlli oldu. Əslində, uzun müddətdir ki, Bakıda konsert keçirmək istəyirdik. Ancaq yaradıcılıq işlərimlə əlaqədar olaraq vaxtım yox idi. Yeni albom üzərində hazırlaşırdıq. Demək ki, Azərbaycanda konsert vermək bu günə qismət imiş. Onu da deyim ki, mənim burda fan-klubum var. Onlar illərdir məni izləyirlər. Ona görə də mənim və komandamın burada olması çox xoşdur.

- Azərbaycanlı müğənnilərdən kimləri tanıyırsınız ?

- İfaçılarınızdan çoxlarını tanımıram. Onu da deyim ki, heç türkiyəli sənətçilərinin fəaliyyətindən o qədər də xəbərim yoxdur.

- Bəs, Azərbaycan mahnılarından hansılarını dinləyirsiz?

- Çox oxunan və xalq mahnılarınızın bəzilərini bilirəm. Digər mahnılarla maraqlanmağa vaxtım olmayıb.

- Azərbaycanlı sənətçi Röya Ayxanın yaxın zamanlarda Türkiyəyə gəlmək istədiyindən xəbəriniz var? Ümumiyyətlə, Röyanı tanıyırsınız ?

- Bəli, Röyanın adını tez-tez eşidirəm. Ancaq ifa etdiyi mahnılara qulaq asmamışam.

- Bəs, adıçəkilən müğənni ilə duet oxumağa razı olardınız ?

-Təbii ki, razı olardım. Əgər gözəl səsi varsa niyə də olmasın? Onu da nəzərinizə çatdırım ki, mən Azərbaycanı Türkiyədən fərqləndirmirəm. Bura da mənim vətənim sayılır.

-Bizim mətbəxdən nə dadmısınız? Sevdiyiniz yemək hansıdır?

-Yeməkləriniz o qədər çoxdur ki, adlarını dəqiq bilmirəm. Amma çox dadlı yeməklər yedim.

- Bildiyimizə görə, fanalarınız hansı mahnınızı çox sevirsə ona da klip çəkdirirsiniz?

- Xeyir, bu, belə deyil. Çünki hansısa mahnıya klip çəkdirmək istədikdə komandamla albomu qarşımıza qoyub, fikirləşirik. Daha sonra musiqilər içərisindən seçim edib, klip çəkdiririk.

- İllər öncə qrup şəklində fəaliyyət göstərirdiniz. Solo yaxşı idi, yoxsa qrupda çıxış etmək?

-Tək olanda insan qərarları özü verir. Bir sözlə. rahatcılıq olur. Odur ki, solo daha xoşdur.

- Konsert verən zaman sizə xoş gələn nədir ?

- Səhnədə olanda tamaşaçıların mənimlə birgə oxuyub, rəqs etməsi xoş təsir bağışlayır. Çünki tamaşaçılarımın coşğusunu görən zaman mənə daha da enerji gəlir.

- Hansısa mahnınız işiq üzü gördükdən sonra tamaşaçılar tərəfindən sevilmədiyinə görə, narahat olursunuz ?

- Çox narahat oluram. Eyni zamanda mənimlə birgə komandam da narahat olur. Çalışırıq ki, mahnını olduğu kimi tamaşaçılara çatdıraq.

- Bir çox duetləriniz olub. Hazırda yenə duet oxumaq fikriniz varmı ?

-Türkiyənin tanınmış müğənnisi Nilufərin albomunda birgə ifa etdiyimiz duetimiz var. Mən bu mahnını çox sevirəm. İnanıram ki, tamaşaçılar da sevir.

-Türkiyənin ən kaprizli simalarından birisiz. Bu qədər kaprizli olmağınız məşhurlurluğunuzla əlaqəlidir?

-Kaprizli biri deyiləm. Sadəcə olaraq yorğunam. Komandamla birgə bir çox ölkələrdə, konsertlərdə olduq. Ona görə də insanlarla ünsiyyət qurmağa çətinlik çəkirəm. Eyni zamanda da vaxtım olmur.

-Amma mətbuata da açıq deyilsiniz. Sizdən müsahibə almaq çətindir. Bizə müsahibə verməyinizi nəyə borcluyuq?

-Dediyim kimi,öz dövlətimdir və uzun zamandır bu konsertə hazırlaşırdıq. Bilirəm ki, Bakıda çoxlu sayda pərəstişkarlarım var. Təşəkkür edirəm hər birinizə.

P.S. Onu da bildirək ki, təəccüblü olsa da Emre Aydın yerli jurnalistlərlə şəkil çəkdirməkdən imtina etmədi.

Bütün xəbərlər Facebook səhifəmizdə