Məşhurun gəlişinin səbəbi məlum oldu
Türkiyəli müğənni və bizim Zarina

Türkiyənin tanınmış müğənnisi, bəstəkar Ümid Sayının Azərbaycana gəlişi barədə xəbərlər dolaşır. Müğənninin bu gün paytaxtımızın qonağı olacağı deyilir.

Türkiyəli sənətkarın Bakıya gəlişinin səbəbini araşdırdıq. Məlum oldu ki, o, gənc və iddialı müğənni Zarina Məmmədovanın qonağı olacaq. Məsələ burasındadır ki, Zarina söz və musiqisi Ümid Sayına məxsus "Kader utansın" mahnısını ifa edib. Özü də tək deyil, elə Ümidin özü ilə. Simalar mahnıya Türkiyədə klip belə çəkdiriblər.

Zarinanın SİA-ya verdiyi açıqlamaya görə, klipin gələn həftə geniş təqdimatı da olacaq: "Ümidlə mənim işlə yanaşı dostluq münasibətimiz var. Mahnını mənə təqdim edərkən, çox bəyəndim. Sanki sırf mənim səs tembrimə uyğun yazılıb. Bu da lirik notlar üzərində qurulub. Klip olduqca sadədir. Ancaq sadəliyi qədər də fərqlidir. Türk peşəkarları ilə çalışmaq xüsusi zövq verib. Bütün işçi heyyəti boynuna düşənin öhdəsindən peşəkarcasına gəlir. Ümidlə oxumaq isə başqa bir zövqdür".

Onu da bildirək ki, "Kader utansın" mahnısının arenjimanı Gürsel Çelikə məxsusdur. Mahnı Zarinanın Türkiyədə işıq üzü görən "Dəlilik" adlı ilk albomuna daxildir. Klipin rejissoru müğənninin daha öncə Türkiyədə çəkdirdiyi "Dəlilik" klipini ərsəyə gətirən Kemal Başbuğdur.

Qeyd edək ki, bu gün Türkiyədən Azərbaycana gələn Ümid Sayın 4 gün paytaxtımızın qonağı olacaq. Müğənni klipin təqdimatından sonra Zarina ilə birgə mini konsert proqramı ilə də çıxış edəcək. Sənətçinin paytaxtımızla tanışlığı da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə