Cennifer Lopez Bakı sakinlərinə fantastik şou nümayiş etdirdi

“Salam Bakı”
Cennifer Lopez Bakı sakinlərinə fantastik şou nümayiş etdirdi

Dünən gecə Bakının Kristal Zalında dünya şöhrətli ulduz Cennifer Lopez və azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov möhtəşəm konsert proqramı ilə çıxış ediblər. SİA-nın məlumatına görə, 25 000 tamaşaçı auditoriyasına sahib Kristal Zalının səhnəsinə öncə bizim Emin çıxıb. Tamaşaçıları salamlayıb, ən gözəl mahnılarını ifa edən Emin bu sözlərlə konserti açdı: "Bu zalda sonuncu dəfə konserti bağlamışdım. Ancaq indi açılış etmək mənə qismət oldu. Çox şadam ki, Cennifer Lopez kimi mükəmməl ifaçı ilə eyni səhnəni bolüşürəm. Bir az aktiv olun".

"Just For One Night", "Never Enough" kimi mahnılarını səsləndirən Emin yeni işıq üzü görən "After The Thunder" albomuna da müraciət edib.

Tamaşaçıların yanına enən və onlarla daha yaxından görüşən Emin son ifasını SSRİ xalq artisti, uşaqlıqdan pərəstiş etdiyi Müslüm Maqomayevin xatirəsinə həsr edib. O, dahi müğənninin ifasında dinlədiyimiz "More" (Dəniz) mahnısını səsləndirib, səhnəni Cenniferə təhvil verib.

"Salam Bakı" sözləri ilə səhnəyə çıxan Lopezin ikinci mahnısından sonra zalda izdiham yaşanıb. Azərbaycanda ilk dəfə çıxış edən ulduzu yaxından izləmək üçün tamaşaçılar ayağa qalxıb, səhnəyə tərəf yol aldılar.

Təkrarolunmaz rəqslər nümayiş etdirən Lopez geyimləri ilə də tamaşaçıları valeh edib. Möhtəşəm işıq effəktləri, peşəkar komanda və mükəmməl ifaya sahib Cennifer hər kəsi ayaqüstə oynamağa sövq edib. Azərbaycan dilində "Gəlin mənimlə oynayaq" deyən Lopez gurultulu alqışlar qazanıb.

Səhnə üçün doğulan bu xanım Bakı tamaşaçılarına unudulmaz gecə bəxş edib. Konsertin sonunda səhnəyə yalnız aktyor və rəqqas Kasper Smatrla çıxan müğənni olduqca cəsarətli çıxış nümayiş etdirib. Onu da bildirək ki, xarici mətbuatın yazdığına görə, adıçəkilən rəqqas Lopezin sevgilisidir.

Müğənni ilə birgə ABŞ-ın Los-Anceles şəhərindən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilib. Konsertin hazırlıq işlərinə 500-dək heyət cəlb olunub.

Qeyd edək ki, ulduzların Bakı konsertini "Universal Music Group" un Azərbaycanda olan nümayəndələri "Omnikomo Music Group" təşkil edib.

Bundan sonra Bakı tamaşaçıları Rihanna və Şakiranın gəlişini gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə