“Həsrət hər gün məni bitirirdi”

“Həsrət hər gün məni bitirirdi”

Bir neçə il əvvəl Türkiyədə keçirilən mahnı yarışmasına qatılan gənc müğənni, musiqi yarışmalarının laureatı Sima Qasımova tanış olduğu türkiyəli vətəndaşla ailə həyatı quraraq orada yaşamağa qərar vermişdi. Sima sənətdən uzaqlaşıb və bu müddətdə övladının qayğısına qalıb.

Son aylar vətəni üçün, səhnə üçün darıxan Sima hər iki tərəfin razılığı ilə səhnəyə qayıtmağa qərar verdiyini SİA-ya açıqladı: "Türkiyəni çox sevdiyim üçün fikirləşdim ki, orada yaşamaq, ailə həyatı qurmaq qurbət hissini yaşatmaz mənə. Amma yanıldım. Səhnə həsrəti, Vətən həsrəti hər gün məni damla-damla bitirirdi. Həyat yoldaşım da nə qədər acı çəkdiyimi anlayıb, müəyyən tərəddüdən sonra Vətənə, səhnəyə dönməyimə izn verdi. Hələki övladımla birlikdə Bakıdayam, səhnə üçün iztirabıma son qoyuram".

Sima Qasımova Türkiyə ilə birdəfəlik vidalaşmadığını da bildirdi. Söylədi ki, ara-bir həyat yoldaşı, yaxud da özü ailəsini görmək üçün yola çıxacaqlar. Hələlik Bakıda qalacağını qətiləşdirən Sima ailəsindən böyük dəstək alır: "Sənət dostlarım da qayıtmağıma az israr etmədilər. Təhsil aldığım Azərbaycan Milli Konservatoriyasının müəllim, tələbə heyəti sosial şəbəkələrdə səhnəyə dönməyimi israr edirdilər. Sənətkarların fikri təkan oldu".

Həzin səsi ilə həm yerli səhnədə, həm də Türkiyədə olarkən sevilən Sima Qasımovanı tərzini türkiyəli sənət əhli Sibel Canla uyğunlaşdırıblar. Lakin Sima bu xanımın sənətini çox sevsə də, təqlid etmək fikrində deyil: "Mənim öz dəsti-xəttim var. Özüm kimi oxuyacam. Planlarım çoxdur. Mötbər yarışmalar, böyük səhnələr və ən başlıcası sanballı repertuar. Hazırda sonuncunun üzərində çalışıram".

Bütün xəbərlər Facebook səhifəmizdə