Aygün Kazımova “İstanbul Shopping Fest”in əsas qonağı seçilib-FOTOSESSİYA

Aygün Kazımova “İstanbul Shopping Fest”in əsas qonağı seçilib-FOTOSESSİYA

Bu gün Bakıda Türkiyənin "İstanbul Shopping Fest" şəbəkəsinin tanıtım aksiyası təşkil olunub. SİA-nın məlumatına görə, aksiyanın təşkilində əsas məqsəd İstanbula turist səfərlərini stimullaşdırmaqdır.

Tanıtım aksiyasında çıxış edən İstanbul "Shopping Fest" alış-veriş festivalının baş direktoru Fisun Sönməz deyib ki, ötən il ölkə daxilindən və xaricdən 5 milyon turisti qarşılıyan festival bu il də milyonlarla insanı qarşılamağa hazırdır. Onun sözlərinə görə, iyunun 9-29-da keçiriləcək alış-veriş festivalı bu il ötən ildən nisbətən qısa müddət əhatə edəcək. Ötən il təşkil olunan festival 40 gün davam etdisə, bu il 21 gün olacaq. Festivalın iyunun 8-də Taksim meydanında açılışı olacaq.

O deyib ki, 2011-ci ildə təşkil olunmuş festivala ümumilikdə 50 milyon türk lirəsi xərclənib. Festival boyunca 100-dən çox modern ticarət mərkəzləri ilə yanaşı, İstanbulun Taksim, Nişantaşı, Şişli, Bakırköy, Fatih, Bahariye və Bağdat kimi rayonlarında da təşkil ediləcək. F.Sönməz bildirib ki, ötən il Azərbaycan vətəndaşları alış-veriş festivalında 2-ci pillədə qərarlaşdı: \"1-ci yerdə İran, 3-cu yerdə isə Rusiya oldu. Ümudvaram ki, bu il Azərbaycan birinci yerdə olacaq\".

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd isə bildirib ki, ötən il İstanbula 10 milyon turist səfər edib. Onlardan 578 mini Azərbaycan vətəndaşı olub: \"İstanbul haqqında əlavə məlumat verməyə lüzum yoxdur. Çünki İstanbul Allahın bizə bəxş etdiyi bir şəhərdir".

Qeyd edək ki, tədbirin və "İstanbul Shopping Fest"in əsas qonaqlarından biri Azərbaycanın xalq artisti Aygün Kazımova idi. Müğənni Türkiyə səfirliyindən dəvət aldığı üçün çox məmnundur: "Mənə yetirilən diqqətə görə çox minnətdaram. Əgər bir yerdə "Shopping" sözü varsa, mən orda olmalıyam. Üstəlik orada musiqi, əyləncə varsa, mən mütləq orda olmalıyam. Mənim üçün Türkiyə və Azərbaycan ayrılmaz dövlətlərdir. Biz bir millət, iki dövlətik",-deyə xalq artisti açıqlama verib.

Tədbirin sonunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Aygün Kazımovanın festivalda iştirak etməsinə razılıq verdiyi üçün diplomla təltif edib.

Xatırladaq ki, artıq ikinci ildir baş tutan İstanbul "Shopping Fest" festivalı Türkiyənin Mədəniyət və Turizm Nazirliyi, o cümlədən müxtəlif təşkilatlar tərəfindən həyata keçirilir.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə