İfaçımız Fransaya üz tutur - FOTOSESSİYA

İfaçımız Fransaya üz tutur - FOTOSESSİYA

Beynəlxalq Muğam Müsabiqəsinin diplomantı, gənc xanəndə Nişanə Baxışova mayın 28-də Fransaya səfərə hazırlaşır. Gənc xanəndənin SİA-ya verdiyi məlumata görə, o, Mədəniyyət və Turizm Nazirliyinin və Xarici İşlər Nazirliynin təşkilatçılığı ilə keçirilən rəsmi səfərdə nümayəndə heyətinin tərkibində iştirak edəcək.

Azərbaycandan eyni zamanda gənc xanəndə Elbrus Niftəliyev də Fransada keçiriləcək tədbirdə iştirak edəcək. Nişanənin prodüseri Şəhriyarın bizə verdiyi məlumata görə, Fransada keçiriləcək mərasimdə gənc xanəndələrimiz konsert proqramı ilə çıxış edəcəklər.

Fransa ilə Azərbaycanın dostluq və mədəniyyət əlaqələrinin genişləndirilməsi istiqamətində keçirilən bu tədbirdə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı da gözlənilir. Nişanə Fransaya getməzdən öncə - mayın 20-də Beynəlxaq muğam Mərkəzinin səhnəsinə çıxacaq.

Mayın 20-də Beynəlxalq muğam Mərkəzində "Qədim Muğam sənətinin gənc səsləri" adlı konsert proqramında Şahəni Baxışova ilə birgə səhnəyə gənc xanəndələrdən İlkin Əhmədov, Könül Tağıyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov çıxacaqlar.

Azərbaycan muğamının gənc ifaçıları konsert proqramında muğamlarımızı, təsnifləri, xalq mahnılarımızı ifa edəcəklər.

Xatırladaq ki, Nişanə Baxışova Şöhrət ordenli, xalq artisti Nəzakət Teymurovanın tələbəsidir. Şəhanənin dediyinə görə, ustadı ona təkcə muğam sənətinin incəliklərini deyil, o cümlədən səhnə mədəniyyətini, sənətin görünməyən məqamlarını öyrətməyə çalışır.

Nişanənin bu günlərdə yeni albomu da işıq üzü görüb. "Neyçün Bəs" adlı alboma Dəşti, Segah, Şanaz təsnifi kimi xalq mahnıları ilə yanaşı Əlibaba Məmmədovun mahnısı da daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə