Səhnədə pərvanə kimi dolanan “Göyçək” Fatimə - FOTOSESSİYA

Səhnədə pərvanə kimi dolanan “Göyçək” Fatimə - FOTOSESSİYA

Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış rəqqasə Fatimə Fətəliyevanın "Fatimənin nağılı" adlı konserti keçirildi. SİA-nın məlumatına görə, yerli şou-biznes əhli ilə bol olan konsert maraqlı anlarla yadda qaldı. Konsertə "Uzundərə" rəqsi ilə başlayan rəqqasə davamında "Suleymani", "İncəlik" "Tovuz quşu" və bir çox xalqların milli rəqsini ifa etdi. O, ispan, yahudi, hind, kürd və bir çox millətlərin rəqsini nümayiş etdirdi.


Səhnədə pərvanə kimi dolanan və dayanmaq bilməyən Fatimə libaslarını göz qırpımında dəyişirdi. Rəqqasə peşəkarlıq nümayiş etdirməyi bacardı. Konsertinə uzun zamandır fasiləsiz hazırlaşan Fətəliyeva səhnədə tək qalmadı. O, bir neçə tərəf müqabili- Anar Şahmuradov, Ülvi Babaşi, Etibar Məmmədov, Tahir Eynullayev və İlham Kərimi ilə birgə rəqs nömrələri təqdim etdi.


Əsas təşəkkürü isə Fatimə peşəkar xoreoqraf Fərhad Vəliyevə bildirdi. Müəlliminin sayəsində konsert proqramını unudulmaz edən rəqqasə öz tələbəsini də unutmadı. O, rəqsin sirlərini öyrətdiyi Ayna ilə eyni geyimdə hind rəqsi nümayiş etdirdi.


Gecənin aparıcısı da fərqli bir sima idi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın aktyoru, əməkdar artist Elşən Cəbrayilov bu dəfə də "Sultan" kimi öz taxt-tacında əyləşib, gecəni idarə etdi.


Onu da bildirək ki, Fatimə səhnəsini xalq artisti Faiq Ağayev, əməkdar artisti Ədalət Şükürov, müğənnilər Gülay Qədirova, Niyam Səlami, Günay İbrahimli, Xəyyam Nisanov, yeni ulduzun iştirakçısı Vüqar və Maestro Ceyhunla bölüşdü. Rəqqasəni qonaq qismində isə teleaparıcılar Zaur Nəbioğlu, Cavid Gül, prodüser Təranə Səmədova, rejissor Aynurə Tahirqızı izləyirdi.


Konsert zamanı daha məqam da heç kimin diqqətindən yayınmadı. Səhnədə böyük bir gül çələngi var idi. Bu jest isə Azərbaycanın xalq artisti, türk dünyasının sənət kraliçası İlhamə Quliyevadan gəlmişdi. Primaddona konsertə təşrif buyurmasa da Fatiməni belə təbrik etmiş oldu.


Gecə "Azərbaycan" mahnısı ilə yekunlaşdı. Adıçəkilən musiqinin sədaları altda rəqs edən Fatimənin başının üzərində bayrağımız da dalğalandı.


Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə