Tanınmış bəstəkar kimlərə cavab verdi?

Tanınmış bəstəkar kimlərə cavab verdi?

Bir çox məşhur mahnıların bəstəkarı, müğənni Pərviz Mahmudov bir neçə yeni mahnı üzərində çalışır. Pərvizin SİA-ya verdiyi açıqlamasına görə, yeni mahnı da digərləri kimi məşhurluq qazanacaq.

P.Mahmudov bu günədək mahnılarına klipin çəkilib-çəkilməməyinə də münasibət bildirdi: "Mənim indiyə qədər təqdim etdiyim heç bir mahnı havada qalmayıb. Yazdığım mahnıların əksəriyyətinin ekran versiyası hazırlanıb, amma klipin çəkilməsinin mənim üçün fərqi yoxdur. Əsas odur ki, mahnı sevilib. Mən sadəcə, mahnının ifası və aranjemanı ilə maraqlanıram. Qalanı müğənninin öz işidir".

Bu yaxınlarda iki xalq artisti də Pərviz Mahmudovun bəstəsini ifa edəcək. Bəstəkar mahnılarının ən uğurlu ifaçılarının adlarını deməkdən çəkinmədi: "İki xalq artistinin adını deyəcəyəm. Amma mənim mahnılarımın uğurlu ifaçıları arasında Sevda Yəhyayeva, Röya, Aygün Kazımova, Günay İbrahimli, İlhamə Qasımovanın adını deyə bilərəm. Kişi müğənniləri arasında yeganə olaraq Xalid Hacıyev mahnılarımdan birini ifa edib və çox gözəl də alınıb".

Bəstəkar müğənninin populyarlığından asılı olmayaraq mahnılarına qiymət qoymadığını da bildirdi. O, bəstələrinin sevilməsinin sirlərini də gizlətmədi: "Mən öz işimi çox qiymətləndirirəm. Bu gün öz həmyaşıdlarım arasında ən yüksək qonorarı mənim mahnılarım üçün verirlər və müğənnilərə ən çox mahnı da mən təqdim edirəm. Mahnılarımda indiyədək qiymət fərqi olmayıb. Mən bəstəkarlığa başladığım gündən işimi belə qurmuşam. İlk mahnılarımı belə yaxşı qonorara vermişəm. Düzdür, artıq qiymətlər dəyişib, amma indi də yaxşı qiymətə satmışam. Bu gün yeganə musiqi müəllifiyəm ki, mənim üçün ifaçıların populyar olub-olmamasının fərqi yoxdur".

Qeyd edək ki, Pərviz Mahmudov Aygün Kazımovanın ifasında "Alışdırma", Röyanın "Bəlkə də", "Bir il keçdi", Sevda Yəhyayevanın "O zaman", "Sənsiz", "Buz kimi", Günay İbrahimlinin "İzlər ", "Səndən öncə, səndən sonra", İlhamə Qasımovanın "Səni sevdim" kimi mahanıların bəstəkarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə