Əməkdar artistin qızı: “O gün bir az da böyüdüm”

Əməkdar artistin qızı: “O gün bir az da böyüdüm”

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estrada səhnəsinə rahatlıqla gəlməyə müvəffəq oldu. Bəlkə də bu ona əməkdar artistin qızı olduğu üçün, bəlkə də sadəcə istedadlı olduğuna görə asan oldu. Hər iki halda Aynişan heç vaxt gündəmdən düşmədi. SİA-ya danışan gənc müğənni onun səhnəyə gəlişinin kimlərisə narahat etdiyini iddia etdi: \"Mən yanvar ayından solo-karyerama başlamışam və səhnədəyəm. Amma varlığım kimlərisə narahat edir. Bəlkə də belə insanlar həddindən artıq çoxdur. Özümə qarşı bu qədər aqressiyanı gözləmirdim. Onlar bu aqressiyanı çox açıq şəkildə göstərirlər".

Aynişan başına gələn bir hadisədən söz açdı: \"Azərbaycan teleməkanlarından birində olan müsabiqəyə getdim. Hələ o vaxt efirə çıxmırdım. Məhz bu efirə çıxmadığım müddət ərzində hər kəs mənimlə başqa cür davranırdı. Anama görə həmişə qabağıma gəlib mənimlə görüşən insanlar rəqabət gördülər deyə, üzümə də baxmaq istəmirdilər. Yəgin fikirləşdilər ki, Aybəniz Haşımovanın qızıdır, yeri mütləq hazırdır. Heç vaxt saxta insan olmadığım üçün bu, mənə çox pis təsir etdi. Mən insanlara yalançı gülüş göstərməmişəm. Amma yalançı gülüşlər mənə çox şeyi öyrətdi. O yalandan gülən insanların belə hərəkəti mənə psixoloji baxımdan pis təsir etdi. O gün bir az da böyüdüm və başa düşdüm ki, insanlarda paxıllıq hissi nə deməkdir. Allaha şükür, heç vaxt paxıllıq etməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə