Yeni düzən fəlsəfəsi, geosiyasət və Qarabağ: Azərbaycanın yaratdığı reallıqlar kontekstində

Geosiyasətdə fəlsəfi və məntiqi yanaşma bu gün

Yeni reallıqlar fonunda geosiyasi münasibətlərdə müxtəlif forma və meyillərin cərəyan etməsi əhəmiyyətli dərəcədə artıb. Bu münasibətlər qlobal maliyyə imperiyalarının tryaktoriyasındakı cərəyanları nəzərimizə gətirməsi də təbii haldır. İndi sirr deyil ki, sülh fəlsəfəsinin müxtəlif maraqlar çərçivəsində dərki prosesi dondurulmuş, həlli çətinə salınmış münaqişəli zonaların sabitlik məsələsinin, yaxud münaqişə vəziyyətində saxlanılmasının mahiyyətinin beynəlxalq maraqlar kontekstində analiz edilməsi ilə bilavasitə bağlıdır. Faktiki olaraq bu gün Ermənistanın beynəlxalq siyasi və maliyyə imperializmindən asılılığı və onun nəticələri qlobal maraqları çarpazlaşdıran fakt olaraq üzə çıxır. Bununla da, Ermənistanı iflasa təhrik edən oyuncular məqsədlərinə çatmağa çalışdıqca, bu toplumun müxtəlif qüvvələrin, avantüradan çıxış edən maliyyə və geosiyasi oyunçuların tam təsiri altına düşməsini görmək çətin deyil. Vətən müharibəsindəki hərbi diplomatik strategiya çox şəffaf olaraq göstədi və məlum oldu ki, Azərbaycanın siyasi iradəsinin humanizmliyi ondadır ki, Ermənistana bunu açıqca anladır, onun düşdüyü aqoniyadan xilas olması üçün tarixi şərait yaradır. Hətta öz maddi və siyasi maraqları naminə Ermənistan üzərində eksperiment aparan qüvvələrin maraqlarının fəlsəfi-məntiqi mahiyyətini açıb göstərir. Bu, yalnız hərbi məsələ deyil, həm də düşüncə və təfəkkür məsələsidir. Ermənistanın ən böyük məğlubiyyəti bu həqiqətləri dərk edə bilməməsi və eyni adlı toplumun bu gün də terrorculuğa, seperatizmə təhrik edilən vasitə kimi istifadə edilməsindədir. Vətən müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın Azərbaycan sərhədindəki təxribatlarının ssenarisi göstərir ki, Ermənistan ictimaiyyəti, əslində, sağlam əməkdaşlıq platformasından özünü təcrid edib və o ənənəvi terror, miflərin təsirində özünü axtaran erməniçilik sindromundan kənara çıxa bilmir. Məntiqi analiz budur ki, belə olmasaydı Azərbaycanın dövlət sərhədindəki təxribata əl atmaq kimi ağılsız addımı ilə özünü növbəti dəfə gülüş və qəzəb obyektinə çevirməzdi. Aydındır ki, bu addım Azərbaycan ərazilərini tərk etmək zərurəti yarandıqca, erməniçilik düşüncəsindən qopan xəstə təfəkkür işartılarıdır.

Növbəti məğlubiyyətlə Ermənistan atdığı addımlarında iki reallığı gündəmə gətirdi.

Məlum olur ki, Ermənistanın müstəqil dövlət olması sual altındadır. O tarixi miflərdən və himayədar qüvvələrin Azərbaycan ərazilərində yaratdığı oyuncaq bir qurumdur. Öz təxribatlarına tarixən don geydirmək, məğlubiyyət zamanı məzlum və rəzillikdən utanmayan hiyləgərliyə əl ataraq imdad istəmək onların mənəviyyatsızlığının ifadəsidir. İşğalçılıq cəhdləri, hiyləgərlik, rəzillik bu toplumun tarixi ənənəsindən ayrı təsəvvür edilə bilməz. Ermənistanda siyasi və ideoloji fikir axını bu gün də tamam bərbad haldadır. Orada sabitlik və dövlətcilik haqqında düşüncələrin formalaşması keçmiş miflərdən irəli getməyib. Hətta məlum oldu ki, Ermənistan ictimai fikri region üçün zərərlidir, dağıdıcıdır, siyasi avantüranın təhlükəli formasıdır. Hesab edirik ki, bu başlıca amil Ermənistanın məğlubiyyətini və iflasını müəyyənləşdirir. Təcrübə sübut edir ki, ideoloji-siyasi və təfəkkürdəki məğlubiyyət tam məğlubiyyətə gətirir.

Dünya siyasi məkanında dəyişən meyillər

1990- cı ilin əvvəlindən Qafqaz geosiyasi məkanında erməni işğalcılığına qarşı dəqiq obyektiv mövqeyin olmaması bir yana, işğalcılığa haqq qazandırmaq dövlətlər üçün sanki divident gətirməyə hesablanmışdır. Məlum oldu ki, istər ABŞ da istər də də Avropada beynəlxalq hüquqi mexanizmlərin çoxluğu özü əslində ədalətin mövcudluğuna və bərqərar olmasına əngəl yaradan amilə çevrilməkdədir. Təbii ki, bu məqam yeni yaranan və işğalcılıqla üz-üzə qalan dövlətlərə çox ağır nəticələr yaratdı və hətta haqq ədalətə inamı itirdi. Ermənistana işğalçı dövlər timsalında hüquqi-siyasi qiymətin verilməməsi BMT-nı, ATƏT-i və bir sıra regionla və beynəlxalq təşkilatları nüfuzdan düşməsinə gətirib çıxardı. Bu kontekstdə biz dünyadakı son 30 ilin siyasi proseslərinin təhlili zamanı bir sıra dövlətlərin iradəsizliyinin fonunda Azərbaycanın siyasi iradəsinin dünyada dəyişən meyllərə olan böyük təsirinin şahidiyik. Azərbaycanın regionda BMT–nin qərarlarının icrasını təmin etməsi reallığı anlamaq üçün kifayət edir. Bu zaman nə qədər çətin olsa belə demək olar ki, bütün dünyanın basqısı ilə üz-üzə qalan Azərbaycan Qarabağda itirilmiş əraziləri ilə barışmadı. Onu bütün dünyaya ədalətsizliyə edilən cəhd kimi sübut edə bildi. Zamanın reallıqları onu göstərdi ki, dəyişən meyllər məhz bu iradənin sayəsində mümkün olub. Maraqlıdır ki, dünya bu amili Azərbaycanın Vətən müharibəsinin əvvəlində və gedişində müşahidə etdi, anlaşıqsız qəbul etdi, nəticədə isə dərk etmə məcburiyyətində qaldı. Azərbaycan öz iradəsi ilə hüquq mexanizmlərinin və dövlətlərin fəaliyyətsizliyinin təsdiqini sübut edərkən heç bir suala yeri qoymadı. İndi siyasi cərəyanlar icərisində Azərbaycanın yaratdığı reallıq sübut edir ki, müasir dünyada müharibə həm də sülhün təmin edilməsi zərurətindən yaranır. Sülh isə müharibələrin nəticəsində ağıllı elmi-ideoloji strategiyaya əsaslanan iradənin gücü ilə dayanıqlı və təsirlidir.

Vətən müharibəsindən sonra Qarabağla bağlı həqiqətlərin etirafı təkcə etirafdırmı? Təbii ki, yox. Regionun və qitənin balanslı siyasi müstəvisinin olması zərurətidir. Şərq-Qərb, Şimal-Cənub kommunikasiyalarının həyata keçirilməsində münbit tarixi şəraitə duyulan ehtiyacdır. Asanlıqla məlum olur ki, bu tarixi şans təkcə Azərbaycan-Türkiyə, Rusiya Ermənistan və İranın əməkdaşlıq strategiyasında yeni mərhələnin başlanması ilə kifayətlənmir. Hazırda dünyanın və NATO-nun gündəliyində həssas məsələ olan Rusiya- Ukrayna münasibətlərində radikal qruplaşmaya olan meyillərin qarşısının alınması və sağlam əməkdaşlıq platformasına olan təhdidlərin qarşısının alınması üçün təsirlidir. Ona görə də Azərbaycan həmişə işğalı, təcavüzü və vandalizmi pisləməklə yanaşı, dünyanı və qitəni əməkdaşlığa çağırmış, siyasi diplomatiyanın bu sahədəki gücünün alternativsizliyini gündəmə gətirmişdir. Məhz bu amilin qəbul edilməsi dəyişən meyillərin platformasına edilən çağırış kimi müsbət nəticələrə malikdir.

Sülhə əsaslanan baxış bucaqları fəlsəfi təfəkkürdən niyə asılıdır?

Avrasiya qitəsində sülhün bərqərar olması mexanizmləri sırasında Avropa-Rusiya- Türkiyə və Çin faktorlarını önə çəkən nəzəriyyəçi alimlərin baxışlarında sanki bir durğunluq və çaşqınlıq hökm sürməkdədir. Ona görə ki, sülhün bərqərar olmasının bu dövlətlərin iradəsindən aslılığı narahat regionlarda müxtəlif cür qəbul edilir. Lakin biz hesab edirik ki, dövlətlərin iradəsindən aslı olmayan reallıqlar zaman axarında öz yerini tutmaqdadır. Bu fəlsəfənin və intellektin verdiyi imkanlara əsaslanan analizdir. Məsələn, zaman keçdikcə təhlillər özü sübut etdi ki, Amerika, yaxud Avropa Qafqazda nə dərəcədə sülhün olmasında maraqlıdır. Yaxud onlara bu barədə düşünmək lazımdırmı? Bu sualın cavabı Azərbaycan və Türkiyənin regiondakı siyasi iradəsində tapıldı. Yaxud Rusiya-Ukrayna müharibəsində sülh səylərinin tətbiqi mexanizmləri qüvvələr nisbətində necə ifadə olunur! Olunmadığı halda qitənin taleyini nə gözləyir! Bu, bir qədər açıq qalır. Ona görə ki, bütün münaqişələrin həllinə edilən cəhdlər ümumi maraqlardan kənara çıxdıqda və digər qüvvələrin öz maraqları naminə müdaxiləsində sülhə və dialoqa nail olmağın çətinliyini yaradır. Burada da Türkiyənin və Azərbaycanın mövqeyində sülhə olan cəhdlərinin ümumi maraqlar baxımdan səmərəliliyini görməmək mümkün deyildir. Prezident İlham Əliyev bu baxımdan 14-15 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatının iclası da qlobal məsələlərə aydınlıq gətirdi. Bu aydınlıq əməkdaşlıq platformasının və münaqişələrin həlli ücün vacib məqamları əks etdirir. Dövlətimizin başcısı demişdir: 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”.

Bu gün Qərbin və Rusiyanın özündə belə qonşuluq siyasətinə kölgə salan qüvvələrin mövcudluğu təəssüf hissi ilə göstərir ki, qonşuluq siyasətində sağlam dialoq potensialı olduğu halda onun reallaşmasına inam tamamilə azalıb, səmərəli olmasına maneələr yaradıb. Fəlsəfi təfəkkür və diplomatik müdrikliyin gücü bu inamı bərpa etməli və regionda tam etibarlı tərəfdaşlıq konsepsiyası ortaya qoyulmalıdır. Burada Çinin hadisələrə münasibətdə iqtisadi maraqlarının təmini konteksti siyasi baxımdan baş verən qlobal proseslərə çevik münasibətini arxa plana keçirmişdir. Halbuki, onun bu prosesdə böyük təsir imkanları istisna deyildir. Beləliklə, əsaslandırılmış fəlsəfi mühakimənin nəticəsi göstərir ki, Azərbaycan və Türkiyənin regionda və Mərkəzi Orta Asiyadakı sülh missiyası, ortaq Türk Birliyinin formalaşmasının gələcək geosiyasi proseslərin balanslaşdırılmasına açdığı imkanlar, həm də qitənin sabit gələcəyi üçün mühüm önəm daşıyır. Biz yeni düzən fəlsəfəsində bu reallıqların mahiyyətinin nəzərə alınmasını önə çəkməliyik.

İlham Məmmədzadə

fəlsəfə elmləri doktoru, professor

Sənan Həsənov

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Bütün xəbərlər Facebook səhifəmizdə