"Sammitdə bölgənin taleyini həll edəcək qərarların qəbul olunması mümkün deyil" - PARTİYA SƏDRİ DANIŞDI

"Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti bütün dünyada çox diqqətlə izlənir. Rusiyanı maraqlandıran bu suallara müsbət cavab verilməsi mümkünsüzdür və Prezident İlham Əliyev Rusiya Prezidenti Putinin nəzərdə tutduğu məsələlərin həll edilməsi mümkün deyil. Bəzi dövlətlər, ilk növbədə Çin nə qədər istəsə də Rusiyaya sammitə qədər etdiyi yardımları ciddi şəkildə artıra bilməz. Bir az daha çox neft və qaz almaqdan o tərəfə keçmək Çin üçün ciddi problemlər yarada bilər. Çünki Çinin ötən il 6 trilliyonu keçən ticarət dövriyyəsinin təqribən yarısı ABŞ-ın və ona yaxın olan dövlətlərin payına düşür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, son dərəcə ağıllı və ehtiyatlı siyasət apararaq dünyanın ikinci iqtisadi gücünə çevrilən Çin çox güman ki, bu siyasətdən imtina etməyəcək və Qərbin “qırmızı xətlərini” keçməməyə çalışacaq: "Bu baxımdan, rəsmi şəkildə hərbi yardım göstərilməsi ehtimalı yoxdur və Rusiyanın gözləntilərinin özünü doğrultmayacağı şübhə doğurmur. Sammitdə bölgənin taleyini həll edəcək qərarların qəbul olunması mümkün deyil. Aparıcı dövlətlər çox ciddi problemlərlə üz-üzədir. Rusiya böyük potensialı olan NATO ilə ölüm-dirim mübarizəsi aparır. Çinə qarşı qərbin təxribatları günbəgün artmaqdadır və onun yaxın 10-15 ildə dünyanın birinci iqtisadi gücə çevrilməsinin qarşısını almaq cəhdləri davam edir. Hindistanla Cin və Pakistan arasında ziddiyyətlər azalmayıb. Yüksək sürətlə inkişaf edən bu dövlət ABŞ və Rusiya arasında seçim edərək, qəti addımlar atmaq istəmir və mümkün qədər hərəkət sərbəstliyini qorumağa çalışır. Pakistandakı “mübahisəli” hakimiyyət dəyişikliyi təəssüf ki, onun nüfuzunu və təsir gücünü xeyli azaltdı.

Bir sözlə, Şanxay Əməkdaşlıq Təşkilatı ciddi qərarlar qəbul edəcək monolit qurum deyil və hələ uzun müddət bu vəziyyətdə qalacağı istisna olunmur.

Bu baxımdan, bölgəmiz üçün mühüm qərarlar ikitərəfli, əgər mümkün olsa üçtərəfli görüşlərdə qəbul oluna bilər. Rusiya prezidentinin Azərbaycan, Türkiyə və Ermənistan prezidentləri ilə keçirəcəyi görüşlərdə mühüm qərarların qəbul olunması mümkündür. Rusiya Azərbaycan-Ermənistan danışıqlarında təşəbbüsü ələ almaq üçün fəallaşmaq məcburiyyətindədir. Brüssel danışıqları və sərhəddə baş verən şiddətli qarşıdurma Rusiyanı tələsməyə və həm Türkiyə, həm də İranla bu istiqamətdə daha intensiv fəaliyyət göstərməyə məcbur edir. Bu səbəbdən, Səmərqənddə Azərbaycan, Türkiyə, Rusiya və İran liderlərinin mütləq şəkildə Qafqaz xəritəsini də müzakirə edəcəkləri şübhə doğurmur. Bu müzakirələrin nəticələri necə olacaq? Bunu yaxın günlər və həftələr göstərəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...