Tarixi yaddaşında zəngin irsimizi qoruyan Şuşa ANALİZ

Azərbaycanın hər daşında, hər abidəsində bir tarix yaşayır. Xalqın çoxəsrlik tarixi. O tarix ki, əsrlərin daş yaddaşına hopub və hər biri milli-mənəvi, maddi dəyərlərimizdən danışır. Qalaq-qalaq salnamələrin yaddaşıdır, bu tarix. Ölkəmizi qarış-qarış gəzdikcə daş kitabələr vərəqlənir və oradan dünyaya səs salan nümunələr ilə yaxından tanış olursan. Tariximiz olan maddi-mənəvi memarlıq abidələri Qız qalası, Şirvanşahlar Sarayı, Möminə Xatun Türbəsi və s. hər biri dünyaya vəsiqə almış irsimizdir. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan gələn səslərdə böyük bir dünyadan söz açılır. Kimlərin səsi, ünü gəlmir bu diyardan? Mir Möhsün Nəvvab, Baba bəy Şakir, İsgəndər bəy Rüstəmbəyov daha kimlər Şuşa bulağından su içməyib? Xüsusi olaraq qeyd edək ki, Şuşada təkcə XIX əsrdə 95 şair, 22 musiqişünas, 58 xanəndə, 12 nüsxabənd, 19 xəttat, 16 nəqqaş, 8 memar, 5 astronom, 16 həkim, 42-yə qədər müəllim və s. olmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Belə bir əməl sahibi olmaq əlbəttə ki, onların iç dünyasından yağan bir ideologiyanı göstərir - faşist ideologiyasını. Belə vandallıq əməllərinin müəllifi olanlara nə ad vermək olar? Hərdən susursan da, söz tapa bilməyəndə. Üzeyirlər, Bülbüllər yetirən torpağın səsini-sədasını kömürmək qeyri-mümkündür. Çünki hər daşının yaddaşı bizi qeybdən gələn səslərə yaxınlaşdırır.

ÇOX GÖZLƏR DİKİLİB BU DİYARLARA

28 ilə yaxın bir tarixdə erməni işğalında qalan torpaqlarımız işğaldan azad olundu. Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsatlı olan Şuşamız tarixin dönəmlərində çox hücumlara məruz qalıb və başını dik tutub, əyilməz, məğlubedilməz olub. Çox gözlər dikilib bu diyara. Hər daşında bir tarix yaşar, bir tarix danışılar. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi haqqında Sərəncamı bu şəhərin böyük mədəniyyət beşiyi olduğunu bir daha təsdiqlədi.
Zaman-zaman Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidilib. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilib, xalqın ruhu, istəyi öz ifadəsini tapıb. Bu şəhərin Azərbaycan mədəniyyət tarixində özünəməxsus yeri və rolu var. Şuşanın yetirdiyi sənətkarların hər biri mədəniyyət tariximizdə dəsti-xətti ilə seçilib. Azərbaycan muğam sənətinin böyük ustadı, musiqimizin xanı, bu gün haqqında söz açacağımız Xan Şuşinski kimi. Bu gün onun ruhu bu torpaqlarda firavan dolanır. Həsrətlə boylandığı yurd-yuvasına sahibi olaraq pərvaz edir. Səsinin sehri ilə naxış saldığı hər bir küçəsində, yolunda Xanın musiqi dünyasından böyük bir dünya boylanır.
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

- deyə oxuyan Xan Şuşinski bu məkanın gözəlliyini musiqinin dili ilə yaddaşına köçürüb:
Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı

İlin bu günündə 20 avqust tarixində dünyaya göz açan sənətkar ömrünün son gününə qədər səhnədə öz səsini, nəfəsinin ahəngini qoruyub saxlaya bildi. Musiqi beşiyi tək qəbul olunmuş Şuşamızda dünyaya göz açan sənətkar ona qədər və eləcə də müasirləri olan böyük bir sənət məktəbindən bəhrələnmiş, maarifçilik ideyaları yaşayan insanlardan böyük insanlıq dərsini əxs etmişdir. Böyük sənətkarların beşiyində boy atan balaca oğlan tez bir zamanda çalın-çarpaz, enişli-yoxuşlu yolları keçdi və adı sənətin fövqündə hallandı. Tərcümeyi-halı zəngin bir xəzinə olan sənətkar böyük bir məktəbin müəllifinə çevrildi. Sənət tarixinə tərcümeyi-halı həkk olunan yazılarda qeyd edilir ki, Xan Şuşinskinin əsl adı İsfəndiyar olsa da, tez bir zamanda, bu isim dəyişildi. İsfəndiyar Aslan oğlu Cavanşirov kimi deyil, Xan Şuşinski kimi tanındı. Bu ad ona 12-13 yaşlarında məclislərin birində verildi. Qeyd edim ki, böyük sənətkar Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Ancaq sovet hakimiyyəti qurulduqdan sonra Ballıca kəndində, Şuşada mülkü və dörd kəndi olan Aslan bəyin bütün var-dövləti müsadirə edilir. Bu hadisədən sonra Aslan bəy Bərdəyə köçür. Beləliklə, İsfəndiyarın sənətə gəlişində Segah İslamın xüsusi rolu olub. Belə ki, Segah İslam məclislərin birində səsini bəyəndiyi İsfəndiyarı özünə şagird götürüb. Xan Şuşinski çox məsuliyyətli insan olub. Xan səsini qoruyan idi. O, müəyyən təamlardan, nemətlərdən həmişə özünü təcrid edib. Bunun səbəbini soruşanda isə, söyləyib ki, İlahi əmanətinə naxələf çıxa bilmərəm. Xan Şuşinski gənclikdə ona verilən Xan adının məsuliyyətini ömrünün sonuna qədər daşıyıb. O, Azərbaycan musiqisinin həqiqi Xanı olub. Cabbar Qaryağdıoğlunun: - "Səsin sənə qulaq asmadı, - oxuma, zökəm oldun, - oxuma, yorğun oldun, - oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə", - sözlərini ömrü boyu unutmayan Xanın səsi həmişə yerində olub. Yaşının ən ahıl çağlarında belə, o, səs imkanlarını qoruya bilib.

"ŞUŞANIN DAĞLARI DEYİL DUMANLI"

Sənətkarın bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarını Xan Şuşinski bəstələyib. Vurğulamaq yerinə düşər ki, "Şuşanın dağları" mahnısının sözləri də Xana məxsusdur. Bu mahnının sözlərinə görə, hətta vaxtilə onu çək-çevirə də salıblar - "Şuşanın dağlarının başı niyə dumandır? Bununla nə demək istəyirsən?". Xan Şuşinski da bu sualın cavabında bildirir ki, Şuşa dağlarının başı həmişə dumanlı olur. Yenə əl çəkmirlər. Nəhayət, Xan məcbur olub, bir müddət bu mahnının sözlərini dəyişərək, "Şuşanın dağları deyil dumanlı" kimi oxuyur.
"Mirzə Hüseyn segahı" onun ifasında yeni bir nəfəslə təqdim olunur. Adətən də, onu "Mirzə Hüseyn segahı"nın ikinci müəllifi adlandırırlar. Çünki 120-130 il sürən uzun fasilədən sonra bu muğama Xan yenidən "Manəndi müxalif" şöbəsini əlavə edib. Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub.
Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Deyilənə görə, Üzeyir Hacıbəyli Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. Yeri gəlmişkən, onu da deyək ki, 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub. "Qarabağ şikəstəsi"ni oxumağı çox sevərmiş. Şikəstə ondan əvvəl məclisdə 3-4 xanəndənin ifasında səslənsəydi də, Xan bütün çıxışlarında həmişə birinci "Qarabağ şikəstəsi"ni oxuyarmış. Onun ifası haqqında Cabbar Qaryağdıoğlu deyir ki, "Seyidlə üç-dörd il idi Qarabağa getmirdik. Dedik sənin səsinlə Qarabağın axar-baxarlı dağlarını, Turş suyunu, İsa bulağını, Cıdır düzünü, Topxana meşəsini gedib gəzib gələk. Çox sağ ol. Gəzdik gəldik". Xanın səsi Qarabağın ab-havası idi.
Xan geniş səs diapazonuna sahib olmaqla yanaşı, Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. O, mürəkkəb muğamların mahir bilicisi olub. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqət mərkəzində olub. Xan təvazökar, sadə sənətkar olub. Sirlərini dostları, həmyaşıdları ilə bölüşüb. Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də qayğıkeş, mehribanlığı ilə sevilib. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinski səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb. Xan Şuşinski yaradıcılığına xas olan cəhət ondakı təkrarolunmaz ifa üslubu idi. Əksər müasirlərindən fərqləndirən xüsusiyyəti onun güclü və nadir təsadüf olunan tembrli səsə malik olması və vokal texnikasına ustalıqla yiyələnməsi idi. Xanın repertuarında "Mahur-hindi", "Bayatı-Qacar", "Qatar" muğamları ilə yanaşı, ritmik "Arazbarı", "Heyratı" muğamları, xalq mahnı və təsnifləri geniş yer tutmuşdur. Xan onları xüsusi zövqlə ifa edir, hər ifasında da onları yeni-yeni xallarla zənginləşdirir və inkişaf etdirirdi. Zaqafqaziya xalqlarının 1934-cü ildə Tiflis şəhərində keçirilən ilk müsabiqəsində Xan Şuşinski birinci dərəcəli mükafata layiq görülmüşdü. Hələ o zamana qədər məşhur xanəndə kimi ad çıxarmış Xanın şöhrəti artıq Azərbaycanın sərhədlərini aşıb daha uzaqlara yayılmışdı. Xan Şuşinski, nəinki muğamın bilicisi idi, eyni zamanda, çox sayda xalq mahnısını yaddaşında qoruyub yaşadırdı. Həqiqi yaradıcılıq qabiliyyətinə sahib insan kimi, o, xalq musiqisi xəzinəsini öz mahnıları ilə də zənginləşdirmişdir. Xan Şuşinski ömrünün 50 ildən çoxunu muğamın yaradıcı şəkildə inkişafına həsr etmişdir. O, milyonların sevimlisi kimi tanınırdı, onun ifalarını heyranlıqla qarşılayırdılar.

ZAMAN YETİŞDİ "XARIBÜLBÜL" FESTİVALI ŞUŞADAN DÜNYAYA SƏS SALDI

Xan Şuşinski çox sayda istedadlı xanəndə yetişdirmiş və milli musiqi sənətinin inkişafına böyük təsir göstərmişdi. Muğam sənətinə müasir dövrümüzdə olan münasibətin nəticəsidir ki, Heydər Əliyev Fondu tərəfindən muğam albomu buraxılmış və sənət korifeyləri sırasında Xan Şuşinskinin də səsi yazılmış lentlər yüksək, nəfis bir şəkildə bu topluya daxil edilmişdir. İndi demək olar ki, dünyanın bir çox ölkəsində Xan Şuşinski ifası dinlənilir, Azərbaycan muğamları fərqli bir şəkildə təqdim olunur. Bu gün işğaldan azad olunan Şuşamızda yenidən toy-büsata qovuşub. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın "Xarıbülbül" musiqi festivalına ev sahibliyi etməsi bu sənət beşiyindən olan sənətkarların ruhunu şad etdi. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşada bu gün bayrağımız dalğalanır və Şuşada aparılan abadlıq-quruculuq işləri Xan Şuşinski kimi haqq dünyasında olan və ruhu göylərdə dolaşan böyük sənətkarlarımızın ruhunu şad edir.
28 illik zamandan sonra Şuşa yenidən öz həyatına qovuşdu. Erməni işğalından azad olan qədim şəhər azad nəfəs aldı. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində həsrətində olduğumuz torpaqlarımızı geri qaytardı. Buranın hər qarışında qan izi olduğundan Şuşa bizim üçün bir and yerinə, müqəddəs məkana çevrilib.
Bu gün Şuşa yeni bir ab-havadadır. Abadlıq-quruculuq işlərinin, yeni infrastrukturun yaradılması, tarixi-mədəni dini abidələrin bərpa və inşası və s. Şuşada böyük bir həyatın canlanmasından xəbər verir. Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalandırılması bu torpaqda Böyük Qayıdışın rəmzi idi. Qısa bir zamanda abadlıq-quruculuq işlərinə başlanıldı. İki ilə yaxın bir müddətdə böyük işlər görüldü və bu gün abadlıq-quruculuq işlərinin sürəti artıb. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Tezliklə, Natəvan bulağı bərpa olundu, Gülələnmiş heykəllər əzəli torpağına döndü. Uzun illər idi ki, heykəlləri güllələnmiş Xan qızı, Üzeyir bəy, böyük nəğməkar Bülbül öz doğma yurdlarına qayıdacaqları günü gözləyirdilər. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri Şuşaya qaytarılacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrildi. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bu gün Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri öz məkanlarında rahat nəfəs alır. Azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Zaman yetişdi "Xarıbülbül" festivalı Şuşadan dünyaya səs saldı. Xalqın milli və klassik musiqisi dağları-dərələri aşdı. Bundan qürurverici nə ola bilərdi? Vaqif Poeziya Günləri sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramına çevrildi. Bu gün Xan Şuşinskinin ruhu bu torpaqda yaşanılanlardan şaddır.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...