Turistlər üçün zəngin məkan: Qarabağ torpağı TƏHLİL

Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər turizm sahəsinin inkişafında da mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan turizmin inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülüb. Ölkəmizin qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Görülən işlər ölkəmizə marağı artırmış və çoxsaylı insanların turist olaraq Azərbaycanı istirahət üçün seçməsinə səbəb olub. Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlar və müxtəlif görüşlərdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması istiqamətində uğurlar sırasındadır.
Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün və əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr və terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq turizmin də inkişafında önəmli faktorlardan biridir.

Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

AZƏRBAYCANIN ÇOXƏSRLİK TARİXİNİ ÖZÜNDƏ YAŞADAN ABİDƏLƏR

Azərbaycanda ötən 19 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar, xidmət sektorunun inkişafı və regionlarda yol-nəqliyyat infrastrukturunun yenidən qurulması nəticəsində turizmin inkişafına prespektivlər açıb. Görülən tədbirlər şaxəli və fərqlidir. Bu gün Azərbaycanda turizm bazarı açıq və rəqabətə davamlıdır. Bu sahənin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur.
Müxtəlif sahələrlə yanaşı, ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi də hazırlanıb. Qeyri-neft sektorunun inkişafında turizm sahəsinin xüsusi çəkisi var. Prezident İlham Əliyevin Ağsu və İsmayıllıya səfəri çərçivəsində də turizm obyektinin açılışı, Azərbaycanın çoxəsrlik tarixini özündə əks etdirən abidələrin bərpası turizm potensialının yaradılmasıdır. "Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq", - deyən Azərbaycan Prezidenti qeyd edib ki, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər: "Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır."

QARABAĞIN TURİZM İMKANLARINA VURULAN ZƏRBƏ

Azad olunmuş ərazilərimizdə qısa müddətdə müasir infrastruktur qurulub. Belə ki, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdış həyata keçirilib. Digər yaşayış məntəqələrimizin yenidən qurulması və bərpası isə davam etdirilir. Qarabağda mövcud şərait – flora və faunanın rəngarəngliyi, iqlim, istirahər üçün zəruri hesab olunan amillər daha zəngin və cəlbedicidir. Bu amillər Azərbaycanın iqtisadi potensialının daha da yüksəlməsinə müsbət təsirini göstərəcəkdir. Zəngin Qarabağ torpağı istənilən əcnəbi turistin marağından kənar qala bilməz. Məlumdur ki, tarixi kökü olmayan və ərazinin tarixi ilə heç bir bağlılığı olmayan ermənilər 30 ilə yaxın işğal dövründə qəddarcasına Qarabağın və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi dağıdıb, bir sözlə regionun turizm infrastrukturunu tamamilə məhv ediblər. Talançılıq missiyasını reallaşdıran Ermənistan "sivilizasiyalı" dövlət kimi dünya ölkələri tərəfindən qəbul olunmuş konvesiya, qərar, bəyanat və qətnamələrə əməl etməyib. İşğal dövründə adı "Qırmızı Kitab"a salınmış neçə-neçə flora faunamıza aid olan qiymətli nümunələrə zərbə vurulub. Adı "Qırmızı Kitab"a salınmış Kəlbəcər rayonunda yerləşən ayıfındığı növündən ibarət 968 hektar meşə hazırda kütləvi qırılıb və mebel istehsalı üçün Ermənistana göndərilib.
Dünyanı ən nadir flora və faunası ilə zəngin olan Azərbaycan istirahət guşəsi kimi bütün imkanları özündə birləşdirir. Burada on bir iqlimdən doqquzunun mövcudluğu Azərbaycanın həqiqətən də cənnət beşiyi olduğunu əsasladıran amildir ki, ta qədimdən bu günə kimi tarixi sərvətləri ilə ölkəmizin qonağı olan insanların marağına səbəb olmuşdur.
Qarabağ torpağının işğal dövründə təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir. Belə ki, Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur.
Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır.
İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətmələri də hər kəsin xatirindədir. "Leşkar" meşə sahəsində isə yararlı ağaclar tam qırılıb. Buna Azərbaycan iqtisadi gücü, potensialı var. Xatırladaq ki, Laçın dövlət yasaqlığında cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. Qubadlı dövlət yasaqlığında isə işğaldan əvvəl müəyyən olmuşdur ki, burada 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş çüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daim sakinlərindəndirlər. Belə bir səfalı yerlərə malik, turizmin inkişafına böyük təkan olacaq yerlərimizin ermənilərin əlində 30 ilə yaxın qalması Azərbaycanın iqtisadi inkişafına, onun turizm imkanlarının genişlənməsinə zərbə vurmuşdur. İşğal dövründə ermənilər bu xəzinədən vəhşicəsinə istifadə etmişdirlər. Cənnətməkan hesab olunan ərazilərimizi xarabalığa çevirən ermənlər yaxın bir zamanda buranın əvvəlkinən də gözəl bir məkan olacağının şahidi olacaqlar. Öz milli xüsusiyyət və təlabatlar çərçivəsində bu məkanlarda ab-hava yaradaraq Qarabağı turistlərin ən çox maraq göstərdiyi bir mərkəzə çevirəcəyik.

ŞƏRQ MÜHİTİ VƏ KOLORİTİ

Əlbəttə ki, hər bir bölgənin özünəməxsusluğu, cazibəliyi var. Elə Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, Qudyalçayın sahilində yerləşən Quba kimi. Əbəs deyil ki, bu rayon turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Mətbəxi, ənənəvi yaşayış tərzinə sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq mühiti ilə fərqlənən Quba turizm potensialı ilə fərqli və zəngindir. Qubaya gələn turistlər rayonun tarix və mədəniyyət abidələrinə biganə qala bilmirlər. Əlbəttə ki, son illər ölkəmizin hər bir yerində olduğu kimi, Quba rayonunda da yaradılmış infrastruktur turizmin inkişafına təkan vermişdir. Kənd yollarının yenidən qurulması turizmin inkişafı deməkdir. Rustov-Xanəgah-Girdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgə xacə, Rustov-Baxçalı-Yekdar avtomobil yolunun istifadəyə verilməsi yeni turizm istiqamətinin açılmasına səbəb olmuşdur. Rayon mərkəzindən 58 kilometr məsafədə, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq özünəməxsusluğu ilə marağa səbəb olur. Hündürlüyü 75-80 metrə çatan əzəmətli "Afurca şəlaləsi"nə də üz tutanların sayı çoxdur. Şəlaləni görmək istəyənlər məşhur "Təngə dərəsi"ndən də keçməli olurlar. Xınalıq kəndində Qudyalçay üzərindəki Tağlı körpü, eləcə də Avropanın ən uca dağ kəndi sayılan IX əsrə aid Atəşpərəstlər məbədi mühafizə olunur.
Xınalıq qoruq elan edildiyi üçün burada yeni binaların tikintisi qadağandır. Bu gün Xınalığa çoxlu turist gəlir. Hər il yenidən bura gələn almanlar, hollandlar, fransızlar, amerikalılar Xınalıq dilini öyrənməyə cəhd edirlər. Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olmuş, Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub.
Turistlərin Qubadakı təbiət abidələrinə də marağı böyükdür. Rayon ərazisində 60-dan çox təbiət abidəsi mövcuddur. "Xan bulağı", "Ağacda ev", "Atəşgah", "Cəfər dərəsi", "Minarə", "Xaşı istisuyu", "Sona bulağı" kimi təbiət abidələrinə maraq çoxdur. Memarlıq abidələrindən Ağbil türbələri, Alpan kəndində Subaba türbəsi, Birinci Nügədi kəndində məscid və minarə, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məsciddə yerləşir.
Bu abidələr sırasında XIX əsrə aid Səkinəxanım məscididir. XIX əsrə aid bu məscidin spesifik xüsusiyyəti qadın adı daşımasıdır. Məscid öz monumentallığı ilə insanları heyrətə gətirir. Doqquz günbəzli məscid binasının hündürlüyü 27 metrdir. O, qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məscid bərpa edilib və yenidən dini ibadətgah kimi istifadəyə verilib.
Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan "Rixos Quba Azərbaycan" otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstərilir. Dünya standartlarına cavab verən mərkəzlərdən biri Quba Olimpiya Kompleksidir ki, burada müasir səviyyəli idman zalları inşa edilib. Böyük futbol, mini futbol, basketbol, voleybol, tennis, üzgüçülük meydançalarını var. Kompleksdə qonaqlara Avropa standartlarına cavab verən şəkildə xidmət olunur. "Nazlı bulaq" istirahət mərkəzi, "Məst Dərgah" istirahət mərkəzi, "Bərpa SPA" Mərkəzi, "Oskar" oteli və digər mərkəzlər müasir standartlara cavab verir.
Ölkəmizin hər bir bölgəsinin belə turizm imkanları vardır. Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün ölkənin zəngin coğrafi landşafta, flora və faunaya malikliyi əsas şərtlərdəndir. Zəngin mədəni, tarixi irsə və əlverişli təbii şəraitə malik Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə