Zəngəzuru tanıyaq və tanıdaq!

Zəngəzur - adı da, özü də bizə məxsus olan diyar. Yerin, ərazinin adı onun kimə məxsusluğu haqqında çox şey deyir. Adları, təbii ki, insanlar verirlər və öz dillərinə, xarakterlərinə, tayfalarına, yaşadıqları yerin təbiətinə uyğun adlar düşünüb tapırlar. Azərbaycanın ən qədim və ən şöhrətli torpaqlarından biri olan Zəngəzurun adının mənasını da Azərbaycanın tarixi keçmişində axtarmaq lazımdır. Tarixi Zəngəzur ərazisi ayrı-ayrı dövrlərdə müxtəlif adlarla tanınıb. Bölgənin ən qədim adlarından biri Sünik olmuşdur. Sünik Albaniyanın dörd böyük vilayətindən biri idi. Sünik bəzi dövrlərdə müstəqil knyazlığa çevrilsə də, bəzən Atropatenanın, əksər dövrlərdə isə Albaniya dövlətinin tərkibində olmuşdur.

Qədim dövrü araşdıran bir sıra alimlər Sünik toponimini eradan əvvəl IV minillikdə Çinin indi uyğurlar yaşayan bölgəsindən Qafqaza köç etmiş syun-na, syun-nu tayfalarının adı ilə bağlayırlar. Sünik adını «su ətrafı ərazi» kimi də yozurlar. E.ə. III minilliklərdə regionda türk mənşəli su, (suv) tayfalarının məskunlaşması həmin ərazidə türk (suv) tayfalarının yaşaması ehtimalını gücləndirir. Sünik adının fars variantı sayılan Sisakan adına ilk dəfə VI əsr Suriya səlnaməçisi Zaxari Ritorun əsərində rast gəlinir. Müəllif 555-ci il hadisələrini təsvir edərkən Sisakanı Ərməniyyə ilə heç bir əlaqəsi olmayan, Arran və Qurzan (Gürcüstan) kimi müstəqil ölkə kimi xarakterizə etmişdir. Alban tarixçisi Musa Kalankatlı "Alban tarixi" əsərində Zəngəzur ərazisini «Sisakan», «Sünik», eləcə də «Sünestan» adlandırmışdır. Erməni "alimləri” “Zəngəzur” sözünün mənasını iki anlamda izah etməyə çalışırlar. "Zanqe", yaxud "Zanqa" - "mağara" və "Zur" - "bərk səslənən". Guya ki, Zəngəzurda çoxlu kahalar və mağaralar vardır və bu mağaralar çox bərk əks-səda verir. Əslində bu cür "izah" erməni yalanının əks-sədasından başqa bir şey deyildir. Əvvəla ona görə ki, dünyanın hansı dağlıq ərazisində mağara, yaxud kaha yoxdur, o mağara və kahalar səsə əks-səda vermir? Bəs niyə dünyanın hər hansı bir ölkəsində, eləcə də ermənilər yaşayan başqa yerlərdə böyük bir regiona "bərk səslənən mağara" adı vermirlər?

İkincisi, axı, Zəngəzurda o qədər də çox mağara yoxdur, əksinə, çoxlu sıldırım qayalı, başı qarlı dağlar, dərin dar dərələr, sıx meşələr, kollu yamaclar və çiçəkli alp çəmənlikləri vardır. Erməni alimləri isə yalnız mağaraları görüblər?! İzahı çox sadədir: ermənicə nə dağ, nə dərə, nə də çəmən sözləri “Zanqe”, yaxud “Zanqa” kimi səslənmir. Nisbətən abırlı erməni alimləri bir qədər həqiqətə yaxın gələrək “Zəngəzur” sözünü “Zanqe+dzor”, yəni "Zəngi dərəsi" anlamında izah etməyə çalışırlar. Bu izahın birinci hissəsi həqiqətə yaxındır. Lakin erməni mənbələrində erməni mənşəli termin ("dzor" - ermənicə "dərə" deməkdir) kimi vurğulamağa cəhd göstərildiyinə baxmayaraq, əslində "Zəngəzur" toponiminin nə ermənilərə, nə də onların "dzor" sözünə heç bir dəxli yoxdur. Ermənilər özləri də heç vaxt "Zəngəzur" sözünü Zanqedzor şəklində işlətməyiblər.

Zəngəzur sözünün ermənicəyə dəxli olmadığını daha bir fakt da sübut edir. Hazırkı Ermənistanın inzibati ərazi bölgüsündə Zəngəzur adlı ərazi yoxdur. Bu bölgəni Ermənistanda Sünik mərzi adlndırırlar. Sovet hakimiyyəti illərində Zəngəzurun özü kimi adına da iddia edən ermənilər hazırda faktiki olaraq Zəngəzur terminindən imtina etmişlər. Bu toponimin "Səngi-Sur" formasında izahı da, hər hansı bir elmi əsasa malik olmasa da, maraq doğurur. Belə ki, fars dilində "səng" - daş, qaya, ərəbcə isə "sur" sözü silsilə divar, qala mənasındadır. Zəngəzur sözü bu anlamda başdan-başa, daşlı, qayalı yer, daşların qala divarları kimi düzüldüyü ölkə mənasını verir. Fikrimizcə, "Zəngəzur" toponimi bu ərazilərdə yaşayan, öz igidliyi və cəngavərliyi ilə seçilən Zəngi tayfalarının adı və ərəblərin bu ərazilərə gəlişi ilə bağlıdır. Ərəbcə "sur" daş-divar, qala, bürc deməkdir. Bu Bölgənin çox döyüşkən və azadlıq sevən əhalisi ərəblərə qarşı axıradək mübarizə aparmış, şübhəsiz ki, bu illərdə onlarca qalalar, istehkamlar tikərək, eləcə də, bu yerlərə xas olan təbii istehkamlardan düşmənə qarşı mübarizə vasitəsi kimi istifadə etmişlər.

Ömrünün sonunadək ərəb xilafətinə qarşı ardıcıl, amansız mübarizə aparmış Babəkin Bəzz qalası yeniləndən sonra Darvazatəpə dağında yerləşən Şəki qalasına gəlməsi və məhz Zəngəzurdakı Şəki qalasının hakimi Saklı Sumbat tərəfindən tutularaq ərəblərə təslim olunması epizodu da bu ərazilərin o dövrdə geniş döyüş meydanı olduğunu və Zəngəzurun ən sonda, həm də Sumbat kimilərin xəyanəti nəticəsində yenildiyini təsdiq edən tarixi faktlardır.

Məlum olduğu kimi, Zəngi tayfaları tarixdə görkəmli qoşun başçıları və dövlət xadimləri ilə məşhur olan bir türk boyudur. Zəngi tayfalarının ən qədim yaşayış məskənlərindən biri Cənubi Azərbaycandakı Zəncan şəhəridir. Bu şəhərin adını farslar "Zənqən" ("ən" farsca çoxluq bildirən şəkilçidir.) kimi tələffüz edirlər. Ərəblərin bu ərazilərə gəlişi ilə bağlı "q" səsinin "c" səsi ilə əvəzlənməsi nəticəsində yazılı mənbələrdə şəhərin adı Zəncan kimi qeyd olunmağa başladı.

Zəngi tayfalarının ana vətəni Orta Asiya, daha konkret desək, indiki Özbəkistan əraziləridir. Zəngi tirəsi hal-hazırda da Özbəkistanda yaşayır və burada zəngi adı ilə bağlı çoxlu toponimlər indi də qalmaqdadır (Zəngi, Zəngitəpə, Zəngərik və s.).
Zəngilər bizim eranın əvvəllərində daha geniş areala səpələnməyə başladılar. Qazaxıstana, Əfqanıstana, İrana və Qafqaza gələn zəngilər məskunlaşdıqları yerlərdə öz adları ilə bağlı şəhərlər, kəndlər salmağa, öz adlarını çaylara, dağlara, dərələrə verməyə başladılar.

Zəncan və Zəngəzur adından savayı, zəngilərlə bağlı onlarca toponim saymaq olar: Türkiyədə - Ərzincan, Gürcüstanda - Zəngişamlı, Zəngənə, Azərbaycanda - Zəngilan, Zəngəran və Zəngələ(Yardımlı rayonu), Zəngənə (Sabirabad rayonu), Zəngişalı (Ağdam rayonu), Zəngidərə çayı (Qobustan rayonu), Zəngi çayı (Ismayıllı rayonu), Irəvan mahalında - Zəngibasar, Zəngilər, Zəngili, Zəngi çayı kimi «zəngi» komponenti ilə bağlı toponimlərin olması bu toponimin məhz geniş arealda yaşamış, bir yerdən başqa yerə köçmüş böyük və qüdrətli bir tayfanın adı ilə bağlılığından xəbər verir.

Tarixdən məlumdur ki, Zəngi tayfaları orta əsr Azərbaycan Atabəylər dövlətində yuxarı zümrədə təmsil olunmuş, sonra isə Səfəvilər dövlətinin yaranmasında və inkişafında yaxından iştirak etmişlər. Məhz zəngilərin indiki Zəngəzur ərazilərinə köçü də Atabəylər dövründə başlamış, Səfəvilərin hərbi yürüşlərində isə daha da güclənmişdir.

Şah İsmayıl Xətainin yaratdığı qüdrətli Səfəvilər səltənətinin təkamülündə və güclənməsində qayı oğuzların bir boyu olan, igidliyi və cəsurluğu ilə seçilən zəngi tayfalarının böyük rolu olmuşdur. Orta əsr tarixi mənbələrinin («Kitabi-Dədə Qorqud» (VII əsr) Mahmud Qaşğari (Divani Lüğəti-it-Türk (XI əsr)), Rəşid əd Din (Oğuznamə (XIV əsr), Əbdülqazi (Şəcəreyi-Tərakimə (XVII əsr) şəhadətinə görə oğuzlar 24 tayfaya bölünür ki, onların da ən məşhurlarından biri qayı (kayıq) boyudur. Qayı türklərinin məşhur qəbilələri bunlardır: Qacar, avşar, zülqədər, zəngənə, çoban, baharlı, padar, ustaclı, lək, xəlilli, sorsor, şəfəq və s. Bu qəbilələrin bir çoxu Səfəvilər dövlətinin yaranmasında yaxından iştirak etmiş, qəbilə başçıları isə qızılbaşların hərbi və inzibati rəhbərliyində geniş təmsil olunmuşlar. A.A.Bakıxanov zəngənə, xəlilli, ustaclı, qacar, kəngərli, xələc, qaramanlı, çıraqlı, təkəli, şamlı tayfalannın adlarını çəkmiş, onların türk tayfaları olduğunu və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdığını göstərmişdir.

Məhz Azərbaycan Atabəylər dövlətinin və daha sonra Səfəvilər xanədanının dövründə İrəvan, Çuxursəd, Ərzincan, Sisakan ərazilərində zəngənə oğuzlarının ictimai-siyasi fəallığının yüksəlməsi müşahidə edilməyə başladı. Bu dövrdən etibarən "zəngi(ə)" kökü ilə bağlı müxtəlif toponimlər və oronimlər bu arealda yayılmağa başladı. Babək Xürrəmdinin ərəb xilafəti ilə mübarizəsi illərindən ərəblərə yaxşı tanış olan Sisakan mahalı, bu ərazinin dağlıq, qayalıq, təbii qala, divarı xatırladan silsilə daşlardan ibarət landşaftı ərəb səyyahlarının və alimlərinin diqqətində müdafiə istehkamı-qala kimi qalmışdır.

Eyni zamanda yaşayış məntəqələrinin demək olar ki, hamısı qalalar şəklində tikildiyindən zəngi tayfalarının geniş arealda yayıldıqları bu dağlıq ərazini ərəb səyyahları Zəngisur - zəngilərin qalası adlandırmaqda tamamilə haqlı idilər. Sur, sür sözü (eləcə də sürü, sürəkli, sürüşmək sözlərinin kökündəki "sür") ərəb dilində silsilə divar, daş hasar, qala mənasını daşıyır.
Kiçik Qafqaz sıra dağlarının davamı və ən hündür dağ silsiləsi sayılan, daş zəncir kimi ta Qarabağ yaylasına qədər uzanan, dar dərələri, keçilməz yamacları, qorxunc sıldırımları, sərt qayaları ilə təbii bir istehkamı, qala divarlarını xatırladan, Zəngi türklərinin at oynatdığı bu dağlıq mahalın Zəngəzur adlandırılması həm tarixi-coğrafi, həm etnoqrafik, həm də məntiqi mənada tamamilə doğrudur.

Məlum olduğu kimi, "Zəngəzur" termini bir toponim kimi yazılı mənbələrdə XIV əsrdən məlumdur. Bu dövrdə isə təkcə Zəngəzurda deyil, eləcə də bütün Qafqazda qüdrətli türk-müsəlman ruhu hakim idi. Zəngəzur ərazisində xeyli sayda sur (zür) topomorfantı ilə bitən digər toponimlərin də olması və bu kəndlərin demək olar ki, hamısının dağlarda və sıldırım qayalıqlarda yerləşməsi (Təkəzür, Ərcəzür, Gecəzür, Dərməzür, Astazur, Əynəzur, Goranzur və s.) faktı da Zəngəzur adının məhz dərə ilə deyil, dağla, divarla, qala ilə bağlılığını bir daha sübut edir.

Bütün tarixi mübarizələrlə, yerli və gəlmə hakimlərin ağalıq iddialarından yaranan irili-xırdalı döyüş səhnələri ilə zəngin olan dağlıq bir ərazidə yaşayış məntəqələrinin dərədə deyil, dağlarda, özü də təbii istehkamlara yaxın yerlərdə salınması məqsədə uyğun idi və yuxarıda adlarını sadaladığımız kəndlərin hamısı belə bir landşaftı olan ərazidədir.

Digər tərəfdən, Zəngəzurun təbiəti - qarlı, sərt şaxtalı qışı və kifayət qədər günəşli yayı tələb edir ki, yaşayış məntəqələri dərədə deyil, dağ döşündə, qar uçqunu basmayan, sel, tufan tutmayan yerlərdə, digər kəndlərlə nəqliyat, səs və görüntü əlaqəsi yaratmaq üçün həyati və strateji baxımdan əlverişli olan yerlərdə salınsın. Zəngəzurun adı da, özü də bizə məxsusdur. Min illər öncə bizim ulu babalarımız bu torpaqları əkib-becərmiş, abadlaşdırmış, kəndlər, şəhərlər şalmış, Vətən etmişlər. Son yüzillikdəki qısa fasilələr istisna olmaqla bu torpaqlarda həmişə bizim xalqımız yaşamış və hökm etmişdir.
Sovet hökuməti trəfindən Zəngəzura qarşı törədilmiş qəsd və tarixi ədalətsizlik həmdə Azərbaycanın və türk coğrafiyasının ərazi bütövlüyünü pozmuşdur.

Cənab Ali Baş Komandan İlham Əliyevin iradəsi ilə tarixi geri dönüş, ədalətin bərpası zamanı başlamışdır. İndi dünya sularında üzərində cənab İlham Əliyevin imzası olan "Zəngəzur" tankeri üzməkdədir. İndi Şərqi Zəngəzur iqtisadi rayonu sürətlə qurulmaqdadır, Zəngəzur dəhlizinin açılması və coğrafi cəhətdən əlaqəsi kəsilmiş böyük türk dünyasının bütövlüyünün bərpası tarxin reallığına çevrilməkdədir. Bakıdan çıxan sürət qatarının Zəngəzurdan keçərək Naxçıvana və Qarsa gedəcəyi gün o qədər də uzaqda deyildir! Biz Şərqi Zəngəzura qayıtmışıq! Qərbi Zəngəzura da gedəcəyik. Hansı gün və hansı nəqliyyat vasitəsi ilə gedəcəyimizi isə Ali Baş Komandan söyləyəcəkdir!

Zəngəzur Azərbaycandır!

Musa Urud

Millət vəkili

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...