İrəvanda memarlıq abidələrimizin yeganə şahidi - Təpəbaşı məhəlləsi TƏHLİL

Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıb, mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Azərbaycanın mədəni irs nümunələrini erməni mülkiyyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna çevriliblər. Azərbaycanın işğal altında olan ərazilərini xarabalığa çevirən ermənilər vəhşilik missiyalarını həyata keçiriblər. Ermənistan ərazisində məhv edilən Azərbaycan abidələri - Zəngəzurdan İrəvana qədər dağıdılmış tarixi abidələr erməni vandallığının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütləvi terrora məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalıb öz dədə-baba yurdların tərk etdilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edildi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

ERMƏNİ VANDALLARI TARİXİ-MEMARLIQ ABİDƏLƏRİMİZİ YER ÜZÜNDƏN SİLDİLƏR

Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir məzar daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irsin nümunələri bu yerlərdədir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı əsl müsəlman şəhəri kimi təsvir etmişlər. İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.
XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı.

MİLLİ-MƏDƏNİ, TARİXİ İRSİNİN SONUNCU QALIĞI TƏPƏBAŞI MƏHƏLLƏSİ

Bu gün qədim Azərbaycan şəhəri olan İrəvanda sağ qalan yeganə şahid - Təpəbaşı məhəlləsi məhv edilmə təhlükəsi ilə üzləşib. Təpəbaşı məhəlləsinin memarlıq abidəsi kimi mühüm əhəmiyyət kəsb edir. İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi də acınacaqlıdır. Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi məqsədi ilə təcavüzkar siyasət davam etdirilir.
Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da sökülərək, məhəllənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar əldə olunub. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin də tarixi nüvəsini təşkil edir. Ermənilər tərəfindən aparılan, 100 ildən çox davam edən və sistemli xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüzə qədər gəlib çıxıb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhəllənin müasir zamanda müqəddəratı ilə bağlı ciddi narahatlıq var. Bu məhəllədə Təpəbaşı məscidi yerləşir. Bunu İrəvan şəhər idarəsinin üzvü, İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir.

UNESCO ERMƏNİSTAN ƏRAZİSİNDƏ OLAN AZƏRBAYCAN ABİDƏLƏRİNİN AQİBƏTİNƏ LAQEYDDİR

İrəvandakı Təpəbaşı məhəlləsində xalqımızın irsinə qarşı mədəni soyqırımı ilə bağlı Azərbaycanın elm və ictimaiyyət xadimləri UNESCO-ya müraciət etmişdilər. 2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi gözlənilir. UNESCO indiyə kimi bir dəfə də olsun Ermənistan ərazisində olan Azərbaycan abidələrinin aqibəti ilə maraqlanmayıb. Tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycanda çoxlu sayda tarixi-memarlıq abidəsi, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. ermənilər tərəfindən viran edilib. UNESCO və digər beynəlxalq təşkilatlar Ermənistanı bu əməllərinə görə cəzalandırmalıdır. Azərbaycan abidələrinin dağıdılması, azərbaycanlıların qəbiristanlılarının yer üzündən silinməsinə dünya laqeyd qala bilməz.
Qarabağda və Qərbi Azərbaycanda tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il konvensiyasına ziddir.

"ERMƏNİSTANIN MƏQSƏDİ ƏSRLƏR BOYU HƏMİN ƏRAZİLƏRDƏ YAŞAMIŞ AZƏRBAYCANLILARIN İZİNİ SİLMƏK OLUB"

Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa etmişdir. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib", - deyərək bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub.
Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması, silinməsi prosesinin 90-cı illərdən sonra geniş vüsət alıb. Bizim əzəli torpaqlarımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar üzərində Ermənistan dövləti yaradılıb. Tarixi mənbələr də sübut edir ki, Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır və Azərbaycanın da tarixi həqiqəti bərpa etmək haqqıdır. Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları kifayət qədərdir ki, hər bir ərazimizin coğrafi-tarixi mənbələrini əsaslandırmağa dəlillərimiz var. Utopik fikirlərlə yaşayan Ermənistan öz xülyalarından əl çəkərək, tarixi həqiqətləri qəbul etməlidir. Sanki düşüncələri ilə öz dünyalarında "Böyük Ermənistan" yaradırlar. Sənəd, tarix və faktlar bu "xalq"a yad olan məfhumlardır. Nə qədər belə yol getsələr də "DƏMİR YUMRUQ" onlara həqiqət yolunu göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə