"Dövlət başçılarının sammiti olduqca böyük əhəmiyyətə malikdir" - POLİTOLOQ AÇIQLADI

"Türkmənistanın paytaxtı Aşqabadda keçirilən VI Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti olduqca böyük əhəmiyyətə malikdir. Çünki sammitdə 5 ölkəni maraqlandıran məsələlər müzakirə olunur". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, burada iqtisadi əməkdaşlıqdan da söhbət gedir: "Digər tərəfdən nəqliyyat sahəsində olan əməkdaşlıq, həmçinin ekoloji tarazlığın saxlanması ilə bağlı da fikir mübadiləsi də çox vacibdir. Biz bilirik ki, Xəzər dənizinin təəssüflər olsun ki, səviyyəsi azalır. Bu da müəyyən ekoloji təhlükələr törədir. Bu prosesin qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir. Çox güman ki, tərəflər bu məsələni də müzakirə edəcəklər. Digər tərəfdən Xəzərin əhəmiyyəti artır. Çünki Xəzər dənizi mühüm Avrasiya qitəsində olan nəqliyyat qovşağına çevrilir və bu qovşaq nəinki Çindən, yaxud da Mərkəzi Asiyadan Avropa istiqamətinə gedən malların daşınmasını təmin edir. Difər tərəfdən şimal ölkələrindən Hind okeanına qədər yerləşən ölkələrin ticarət mübadiləsini təmin edir. Ona görə də sammitdə məsələlərlə bağlı keçirilən müzakirələr əhəmiyyətlidir.

Sammitdə ənənəvi olaraq təhlükəsizlik məsələləri müzakirə olunur. Qeyd olunur ki, Xəzər dənizi sülh, əməkdaşlıq dənizidir. Burada hərbi qarşıdurmaya yol verilməməlidir. Azərbaycan tərəfi hər zaman bu nöqteyi-nəzərdən çıxış edib. Düşünürəm ki, digər ölkələr də buna təşəbbüs göstərirlər. Beləliklə Xəzər dənizi ölkələrinin münasibətləri daha konstruktiv təşkil olunur. Üzümüzə gələn illərdə də bu qarşılıqlı maraqların nəzərə alınması prinsipləri Xəzər dənizinin əməkdaşlığını müəyyən edəcək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə