İki gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bildirib ki, mayın 22-də Brüsseldə tərəflər Ermənistan ərazisindən keçən dəhliz, o cümlədən dəmir yolu və avtomobil yolunun tikintisi ilə bağlı razılığa gəliblər. Bu fikirlərə Ermənistan tərəfinin cavabı özünü çox gözlətməyib. Amma Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu cavabı çox məntiqsiz alınıb. Bildirib ki, “Ermənistan ərazisində dəhliz məntiqində heç bir yol və ya nəqliyyat kommunikasiyası ola bilməz. Brüsseldə əldə olunan bütün razılaşmalar regional kommunikasiyaların açılmasına aiddir və Ermənistan nümayəndələrinin bundan əvvəl açıqladığı bəyanatlara uyğundur”. Bu şəxsin timsalında həm də ölkəsinin bilavasitə yuxarı idarəçiliyində təmsil olunan birisinin belə çiy məlumatlar tirajlaması həqiqətən cılız görüntü yaradır. Həqiqətənmi Qriqoryanın Ermənistandakı vəziyyətdən, onun regionda küncə dirəndiyindən, kommunikasi xəttlərindən kənarda qaldığından xəbəri yoxdur? Əgər xəbəri olsaydı, təbii ki, bu şansı əldən verməz, prosesin əngəllənməsinə bu qədər həvəsli görünməzdi.
Azərbaycan qalib ölkədir, torpaqlarını məhz Ermənistan silahlı birləşmələrinin, xarici dairələrin maliyyə dəstəyi ilə fəaliyyət göstərən separatçı, terrorçu dəstələrin, klanların işğalında qurtarıb. Əslində belə bir şəraitdə, 30 il torpaqlarını işğalda saxlamaqla bərabər, şəhər və kəndlərimizdə bütövlükdə vandalizm aktı törədən, orada yaşayan insanları yurdundan, yuvasından didərgin salan işğalçı, separatçı ölkə ilə nəinki regional layihələrdə birgə iştirak etmək, hətta heç bir əlaqə yaradılmamalıdır. Amma Azərbaycan bütün bunlara rəğmən, həm də milli maraqlardan çıxış edərək Ermənistana sülh əlini uzatmağa çalışır, uzadır. İşğalçı ölkə isə hər addımda bu əlaqələrdən, ona verilən imkandan yararlanmamağa çalışır.
Bəs Zəngəzur dəhlizi nədir?
"Zəngilan rayonu həm İranla, həm Ermənistanla həmsərhəddir, Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq". Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Vahid Hacıyevi prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Dövlət başçısı deyib: “Zəngilandan Ordubada gedən dəmir yolu, avtomobil yolu, o cümlədən İran ərazisinə keçir, - mart ayında müvafiq Memorandum imzalanmışdır, - eyni zamanda, Ermənistan ərazisindən də mütləq keçməlidir və əminəm ki, keçəcəkdir. Ona görə ixrac bazarlarına yaxınlığı, əlbəttə ki, əlavə imkanlar yaradır, həm ixrac üçün, həm də idxal üçün. Yerli istehsalın genişləndirilməsi üçün, əlbəttə ki, ixrac malları da gətirilməlidir, texnologiyalar gətirilməlidir”.
İqtisadi baxımdan burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə Naxçıvanda fəaliyyət göstərən iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Zəngəzur dəhlizi Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Zəngəzur dəhlizi eyni zamanda bütün Türk dünyasını birləşdirəcək.
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında deyib: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün...”.
Prezidentimizin bu fikirləri ondan xəbər verir ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir seqmenti açılacaq. Nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən yararlanacaq və əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu açılacaq. Bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin inkişafına stimul olacaq. Bu dəhliz həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq.
Ermənistanda bəzi revanşist qüvvələrin marağında isə “Qarabağ problem”dir. Həmin qüvvələr ölkələrinə verilən bu şansı dəyərləndirmək əvəzinə hələ də artıq tarixə dönmüş, geridönüşü olmayan “Qarabağ problem”ndən danışırlar. Beynəlxalq ekspertlərin də dediyi kimi, Ermənistan Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, regional əməkdaşlığa önəm verərsə indi düşdüyü tənəzzüldən, iqtisadi böhrandan, səfillikdən, yoxsulluqdan daha tez qurtular, iqtisadi blokadadan çıxar və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.
Zəngəzur dəhlizindən Ermənistan nə qazana bilər?
İlk öncə onu qeyd etmək yerinə düşər ki, bu Zəngəzur dəhlizi Ermənistanın yeganə və dəyişilməz xilas yoludur, bu səfil ölkə bilavasitə dünyaya birbaşa çıxış əldə edəcək. Halbuki, dünya praktikasında belə yanaşmalar - Qalib Azərbaycanın məğlub Ermənistana növbəti yaşama şansı verməsi, qurtuluş yolu göstərməsi, nadir görünən hadisələrdəndir. Bəs tarixi torpaqlarımızdan keçəcək olan dəhlizdə hansı işlər görülür? Qeyd edək ki, artıq 123,8 km və 4-6 hərəkət zolaqlı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu, 70 km və 4 hərəkət zolaqlı Xudafərin-Qubadlı-Laçın yolunun inşası Qarabağ regionunun, o cümlədən, Azərbaycanın nəqliyyat dəhlizlərinə çıxışını çoxşaxəli etməklə buradan keçəcək xətlərin önəmini də artıracaqdır. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan və Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya və İran “3+3” formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi və iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir. Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə