Azərbaycanda biznesin inkişafı üçün yeni imkanlar yaranıb

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmiş və bu inkişaf istehsalın və investisiyaların həcminin artmasına, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə aparılan iqtisadi islahatlar ölkədə sahibkarlığın da inkişafına təkan vermişdir. Biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinin tətbiqi və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir, sahibkarlığa dövlət dəstəyinin əhatə dairəsi genişləndirilir. Məhz bu səbəbdən də, kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətinin artırılması, institusional dəstək mexanizmlərinin formalaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi fəaliyyətə başlamışdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli iqtisadi siyasət sayəsində ölkə iqtisadiyyatında hökm sürən makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin göstərdiyi yüksək iqtisadi nəticələr onu deməyə əsas verdi ki, ölkədə keçid dövrü başa çatmışdır və Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan ölkədir. Hazırda özəl sektorun və bütövlükdə qeyri-neft sahələrinin inkişafı hökumətin yeni prioritetini təşkil etməkdədir. Qeyri-neft sektorunda artıma müasir bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq sahibkarlığın və özəl sektorun inkişafını stimullaşdıran əlverişli şəraitin yaradılması və digər tərəfdən ölkənin kommunikasiya və infrastruktur sistemlərinin modernləşdirilməsi və müasir tələblərə çatdırılması yolu ilə nail olunur.

Azərbaycanın əsas hədəflərindən biri də hüquqi tənzimləmə, qanunvericilik bazasının təkmilləşdirilməsidir. Ölkəmizdə son illər həyata keçirilən bu iqtisadi islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasını, təşviq siyasətinin davam etdirilməsini və institusional islahatları əhatə edir.Aparılan davamlı iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu tədbirlərin davamı olaraq, növbəti dövrlərdə də iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyən edilmişdir. Ona görə də, ölkəmizdə yerli şirkətlərin canlanmasına və investorların aktiv fəaliyyətinə şərait yaradacaq biznes mühiti təmin etdirilməkdədir.

44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ilə Azərbaycan yeni inkişaf mərhələsi başlanmışdı. Regionun təhlükəsizliyini və iqtisadi cəlbediciliyini təmin edilməsi əsas strateji fakorlardan biridir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq kimi tədbirlər gələcəkdə Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.

Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu daha da möhkəmləndirəcək, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artacaq.

Aidə Əliyeva

YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə