Bu Festival Şuşanı, o cümlədən Azərbaycanı dünyaya tanıdır – DEPUTAT ŞƏRH ETDİ

“Şuşa mədəniyyətimizin beşiyi, 44 günlük müharibədə qazanılan qələbəbəmizin rəmzidir. Ümumiyyətlə, Şuşa bütün zamanlarda Azərbaycanın ayrılmaz ərazisi olub, xalqımız üçün xüsusi bir önəm kəsb edib. Bu şəhərin erməni və Ermənistanla heç bir əlaqəsi yoxdur. 1992-ci ilin 8 may tarixindən 2020-ci il 8 noyabrına qədər erməni silahlı birləşmələrinin işğalı altında olduğu dövrü çıxmaq şərti ilə bütün zamanlarda Azərbaycanın idarəçiliyində olub. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. 2021-ci ildən başlayaraq Şuşada ənənəvi keçirilən müxtəlif mədəniyyət tədbirlərinin yenidən keçirilməsi həm Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqlarının olmasını sübut edirsə, digər tərəfdən min illər boyu xalqımızın Qarabağda yaratmış olduğu mədəniyyətin dünya mirasının bir parçası olduğunu nümayiş etdirməkdir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın may ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümündə Füzuliyə, sonra isə Şuşa növbəti səfəri, bunun ardınca V “Xarıbülbül” Festivalında iştirakı həm də rəmzi məna daşıyır: “Hələ 8 noyabrın 2020-ci ildə Prezidentimiz Şuşanın azad olunması münasibətilə xalqa müraciətində bildirmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək və özünün əvvəlki şöhrətini qaytaracaq. Ötənilki festivalın açılış mərasimində isə dövlətimizin başçısı “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək”, - demişdi. Artıq dünəndən başlayan V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi ölkə rəhbərinin dediyi fikirlərin əyani sübutudur. Bu günü bizə yaşadan əlbəttə, ölkə Prezidenti, Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Qələbə olub. Bu qələbənin əldə edilməsində Azərbaycanda yaşayan bütün etnik və dini icmaların nümayəndələri böyük rol oynayıblar. Onlar vahid amal, vahid bayraq altında birləşərək erməni işğalçılarını torpaqlarımızdan qovub, 30 il tapdaq altında qalan ərazilərimizdə Azərbaycanın cuveren hüquqlarını bərpa ediblər. Bu fakt Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin nə dərəcədə qorunmasının və inkişaf etməsinin göstəricisidir. V “Xarıbülbül” Festivalında Azərbaycanda yaşayan etnik qrupların folklor qrupları ilə yanaşı, digər ölkələrinin nümayəndələrinin iştirakı isə Şuşa şəhərinin regionun mədəniyyət mərkəzinə çevrildiyi anlamına gəlir. Bu festival Şuşanı, o cümlədən Azərbaycanı dünyaya tanıdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında Şuşada qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla şəhərin tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramını ifadə edir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".

Deputat əlavə edib ki, qədim şəhərimiz Şuşanın 270 illiyi qeyd ediləcək: "Möhtərəm Prezidentimizin, eləcə də Birinci vitse-prezidentimizin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına hər səfəri bir sıra məqamlarla yadda qalır. İndi Şuşa yeni dövrünü yaşayır. Şuşamızda yenidən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu tədbirin keçirilməsi həm də ona görə lazımdır ki, bütün dünya Şuşanın əsl sahiblərinin kim olduğunu bilsin. Ermənilərin yazdığı qondarma tarixi bütün kitabların səhifələrindən silmək məqamıdır, bunu bizdən şəhidlərimizin ölməz ruhu tələb edir. Qoy dünya bilsin ki, Şuşanı inşa edən, onu yurd yerinə çevirən, mədəniyyətimizin beşiyinə çevirənlər azərbaycanlılar olub, ermənilər yox. Onun adı da Şuşadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə