Siz də əgər başınızı qaldırsanız sizi də əzərəm - MÜSAHİBƏ

Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Rusiya-Ukrayna münasibətlərində gərginlik pik həddə çatmaqdadır. Müharibə baş verə bilərmi?

- Mən müharibə olacağını düşünmürdüm. Hesab edirəm ki, məsələlər səngiməyə doğru gedir. Çünki masada daha çox müəyyən məsələlərin həll olunması ilə bağlı danışıqlar gedir. Rusiya ordusunun bir hissəsi geri çəkilməyə başlayıb. Düşünürəm ki, bu bir əzələ nümayişi oldu və əslində məsələ Ukrayna davası deyildi. Əsas məsələ yeni dünya düzəni məsələsidir və böyük güclərin savaşı idi. İkiqütblü, birqütblü yoxsa çoxqütblümü dünyadır sualının cavabı axtarılırdı. Əslində Ukrayna bir alət kimi istifadə olundu. Ukrayna heç bir şey qazanmadı. Ukrayna onsuz da Kırımı itirmişdi. Belə hesab edirdilər ki, guya Rusiya yenidən əraziləri götürmək düşüncəsindədir. Kırıma əsasən quru yolu olan Manipol ərazisini işğal etmək fikrindədir. Hətta Ukraynanı tamamilə işğal etmək, hakimiyyəti dəyişdirmək kimi fikirlər var idi. Amma biz NATO-Rusiya münasibətlərində yeni baxış olduğunu qeyd edə bilərik. Bu qarşıdurmalar 1949-1989-cu illər arasında gedən soyuq müharibənin yeni forması idi. Hesab edirəm ki, 1989-ci ildən sonra 20 il müddətində Rusiya geri çəkilmişdi. Amma Putin dönəmindən sonra həm hərbi sahədə, həm də iqtisadi sahədə yeniliklər edilməyə çalışıldı. İqtisadi sahədə Avrasiya İttifaqını yaratmaqla bağlı və hərbi sahədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını yaratmaqla bağlı istədi ki keçmiş SSRİ-ni əvəzləyən bir sistem yaratsın və Varşava müqaviləsi paktında olan dövlətləri əvəzləyəcək bir sistem yaratsın. Amma bu istək baş tutmadı. Çünki NATO Varşava müqaviləsinin tərkibindən çıxdıqdan sonra böyüdü. Əvvəlki razılaşmalarda qeyd edilmişdi ki, NATO-nun sərhədləri böyüməyəcək. Amma yeni qüvvələr NATO-ya üzv olduqca onun sərhədləri genişləndi və Rusiya bundan ciddi şəkildə narahat olmağa başladı. Ona görə də Ukraynanı qırmızı xətt kimi ortaya qoydu. SSRİ dağıldıqdan sonra boşluğu bölgə dövlətləri tutmağa başlamışdı. Rusiya isə bu boşluğu özü doldurmaq istəyirdi. Yeni dövlətlər üzə çıxmışdı. SSRİ dağıldıqdan sonra Rusiyanın mövqeyi xeyli zəifləmişdi və baltikyanı dövlətlər faktiki olaraq Rusiyanın nəzarətindən çıxmışdı. Rusiya bu zonada olan dövlətləri öz orbitinə qaytarmağa çalışdı. Məsələ bu idi. Həm təhlükəsizliyi təmin eləmək adı altında ciddi bir şəkildə gücə çevrilmək, həm də həmin dövlətlər üzərində nəzarəti bərpa etmək istəyirdi.

- Rusiya əgər fevralın 15-də Ukraynanı işğal etmək üçün hərəkətə keçsəydi Amerika, Avropa Ukraynaya dəstək olardı?

- Ukraynaya əslində çox ciddi dəstək verildi. Həm iqtisadi, siyasi dəstək verildi, həm də ordusu yenidən quruldu, xeyli silah-sursat verildi. Fransa təklif etmişdi ki, Avropada yeni bir silahlı qüvvələr yaransın, Avropa İttifaqının özünün siıahlı qüvvələri olsun. Amerikanı qısqandığı üçün belə bir layihə irəli sürmüşdü. Amma Rusiya amili bütün o dövlətləri birləşdirdi. İndi Ukraynanın 160 min sərhəddə ordusu var, 20 yeni briqada yaradıldı, ən müasir silahlarla təchiz olundu. Məncə, Ukrayna-Rusiya toqquşması olsa idi heç kimin köməyi olmadan Rusiyanın Ukraynanı məğlub edə biləcəyi sual altında idi. Yəni Ukrayna Rusiyanı məğlub edə bilərdi. Bu çox ciddi bir məsələ idi. Rusiyanın zabitlər ittifaqının sədri İvaşov müraciətində Putini istefaya çağırdı və dedi ki, biz bu savaşa girsək bu Rusiya dövlətinin sonu olacaq. Biz Ukraynaya uduzacağıq.

Qeyd edim ki, o vaxtlar Qazaxstanda hadisələr baş verəndə Putin Rusiya adından mesaj vermişdi ki, biz rəngli inqilablara postsovet məkanında imkan verməyəcəyik. Bu mesaj həm də Rusiyanın daxilinə ünvanlanmışdı. Yəni əhaliyə bildirib ki, postsovet məkanında olan inqilabı mən əzirəm. Siz də əgər başınızı qaldırsanız sizi də əzərəm.

- Rusiya Ukrayna müharibəsi olsa idi Moskva, Kiyev, Sank-Peterburq kimi şəhərlərin dağıması ehtimalı ola bilərdimi? Yəni oradakı əhali vahiməyə düşəcəkdimi?

- Böyük savaşdan Rusiya özü çəkindi. Putin qeyd etdi ki, NATO ilə qarşı-qarşıya dayanmışıq, onların imkanları daha çoxdur. Amma bizim də nüvə silahımız var. Bu o deməkdir ki, biz uduzsaq dünyanı dağıtmaqda maraqlıyıq. Putin bir dəfə də belə ifadə işlətmişdi ki, əgər Rusiya olmayacaqsa dünyanın olması mənim nəyimə lazımdır. Əslində bu cür yanaşma əlbəttə düzgün yanaşma deyil. Açıq şəkildə nəticələrdən qorxduqları üçün müharibədən imtina etdilər. Onu da deyərdim ki, Rusiyanın savaşa başlamağa imkanı yox idi. Əvvəldən Rusiya müharibəyə hazırlaşmırdı. Çünki nə maddi cəhətdən buna hazır idi, nə də texniki cəhətdən müharibəyə hazır idi. Yəni hərbi hospitallar belə yaradılmamışdı.

Rusiya anladı ki, Amerika onları təhrif edir. Amerikanın təhriki ilə müharibə etsəydi ola bilər ki Rusiya ilk günlər uğur qazansın. Amma böyük bir ərazidə 160 minlik ordusu olan bir dövlətlə müharibənin sonu məğlubiyyət idi. Yəni nəticə Rusiyanın xeyirinə deyildi. Rusiya mütləq şəkildə məğlub olacaqdı, onun başqa alternativi yox idi. Düşünürəm ki, Rusiya ilə Amerika arasında bu razılaşdırılmış bir oyun idi. Bu münasibətlərdə heç kəs həç nə qazanmadı. Əslində bütün bunlar yeni dünya düzəninin doğuş sancılarıdır və yeni dünya düzənini qurmaq üçün Ukrayna amilindən istifadə edirlər.

Hesab edirəm ki, Rusiya Ukraynaya hücum etmək niyyətində deyildi. Əslində hücum edən tərəf Ukrayna olmalıdır. Çünki Kırım da Donbas da işğal altındadır. Bunları azad etməlidir. Nə vaxtsa ola bilsin ki, böyük müharibə başlasın. Ukrayna ərazilərini xilas edənə qədər sakitləşməyəcək.

- Donbasın və Luqanskın azad edilməsi üçün Ukrayna tərəfi hərbi əməliyyatlar başlayarsa Rusiya yenidən növbəti oyununu oynayacaqmı?

- Donbasda və Luqansda 8 milyona qədər rus yaşayır və onlara vətəndaşlıq verilib. Düşünürəm ki, Rusiya həmin ərazilərdən geri çəkilmək məcburiyyətindədir. Qeyd edim ki, Rusiyanın daxilində belə hakimiyyətə etimad edilmir. Məncə, dinc yolla həmiz ərazilər Ukraynaya qayıdacaq. Rusiya Kırımı inkişaf etdirə bilmir. Orada əhalinin vəziyyəti çox pisdir. Kırımı su ilə belə təmin edə bilmir. Quru yolu yoxdur. Bunlar ciddi məsələdir. Zaman-zaman Ukrayna ədalətli statusunu bərpa edəcək

- Dövlət dumasının Donbasın və Luqanskın tanınması ilə bağlı müraciəti bəzi separatçı rejimləri ruhlandırır. Həmçinin Qarabağda da hal-hazırda separatçılar, terrorçular var və onlar bunu böyük canfəşanlıqla qarşılayırlar. Qarabağla bağlı problem böyüyə bilərmi?

- Belə amillər bizim prosesə təbii ki, təsir göstərməmiş deyil. Ümumiyyətlə separatçı rejimlər bəzi məsələlərdə həmrəylik nümayiş etdirirlər. Bir neçə il bundan əvvəl Qarabağdakı separatçı rejim Gürcüstana təbrik mesajı göndərmişdir. Mən Gürcüstan parlamentinin üzvlərinə müraciət etdim ki, Ermənistan tərəfinə məsələ ilə bağlı münasibətinizi bildirin. Çünki həmin separatçı qüvvələr Ermənistan siyasətinin tərkib hissəsi olaraqdan belə hərəkət ediblər. Donetsk və ya Luqanskda hadisə baş verdiyi zaman separatçı qüvvələr ruhlanırlar. Amma hesab edidəm ki, Qarabağda artıq bu məsələlər bağlanıb. Cəmi 27 min erməni yaşayan ərazidə hər hansı bir dövlətdən danışmaq mümkün deyil. Ermənistan tərəf bu məsələlərdə çalışırlar ki, ehtiyatlı davransın və Paşinyan bu cür hərəkətlərin baş verməməsi üçün qadağalar qoymuşdur.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə