"Şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, doğrudan da nümunəvi sayıla bilər" - Prezident

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq, Zəfər tarixini əbədiləşdirdi. Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Şanlı ordumuzun gücü və şücaəti nəticəsində xalqımızın Zəfəri ilə nəticələndi. Müharibənin ilk günlərində Müzəffər Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" deməsi xalqı qələbəyə daha da ruhlandırdı. Əlbəttə ki, Zəfər qələbəmiz əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu quruculuğu siyasətinin nəticəsi idi. Biz əminliklə deyə bilərik ki, bu möhtəşəm qələbəni Müzəffər Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər ordumuzun qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.

"BİR DƏNƏ DƏ ŞƏHİD AİLƏSİ QALMAYACAQ Kİ, DÖVLƏT ONA EV VƏ YA MƏNZİL VERMƏSİN"

Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən genişmiqyaslı sosial dəstək tədbirləri icra olunmağa başladı. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam edir. Şəhid ailələrinə ayrılan diqqətin nəticəsidir ki, bu gün onlar eyni zamanda, mənzillərlə də təmin olunurlar. "Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin", - deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu, bizim siyasətimizdir, bu, bizim yolumuzdur, biz bu yolu gedirik. Bu istiqamətdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7942 şəxsə 15841 sosial ödəniş - prezidentin təqaüdü, sosial müavinət, pensiya təyin olunub, həmçinin 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artırılıb. "Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur", - deyən Cənab Prezident qeyd edib ki, dünyada bir çox ölkələr müharibə şəraitində olublar:"O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi".

12300 ŞƏHİD AİLƏSİ VƏ MÜHARİBƏ ƏLİLİ MƏNZİL VƏ FƏRDİ EVLƏ TƏMİN OLUNUB

Statistik məlumatlara istinadən, şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. 2021-ci il üzrə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil, müharibə əlillərinə 164 avtomobil verilib. Ümumilikdə, ötən dövrdə 12300 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub. "Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib", - deyə Cənab Prezident bildirib. Qeyd edək ki, 2021-ci ilin iyun ayında başlanan "Məşğulluq marafonu"na 607 işəgötürən qoşularaq 3971 vakansiya təqdim edib. Həmin vakansiyalar üzrə artıq 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin olunub.

VƏTƏN MÜHARİBƏSİ QAZİLƏRİ ƏN MÜASİR PROTEZLƏRLƏ TƏMİN EDİLİB

5 min nəfərlə psixokorreksiya işləri aparılıb, reabilitasiya müəssisələrində 1300 nəfərə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil 193 ədəd protezlə, əksəriyyəti müharibə əlilləri olan 955 nəfər mühərrikli təkərli oturacaqla, 1197 nəfər 12948 reabilitasiya vasitəsi ilə təmin edilib. Dövlət başçısı müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərin ən müasir protezlərlə təmin olunduğunu bildirib: "Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni, Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır".

Bütün bunlarla yanaşı, bildiyimiz kimi, Prezident İlham Əliyevin 25 iyun 2021-ci il tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzləri yaradılıb. Bu mərkəzlərdə şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara 6 mərkəzi icra hakimiyyəti orqanı və müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlər "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir. Statistik məlumatlara əsasən, ötən il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində, noyabrın əvvəlindən Abşerondakı DOST mərkəzində, dekabrın 24-dən isə 19 rayon və şəhəri də əhatə etməklə üç bölgədə işə başlayan regional vahid əlaqələndirmə mərkəzlərində 8500 şəxsə xidmətlər göstərilib. Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 45 min şəxsi əhatə edib, onlara 50 min xidmət göstərilib. Qeyd edək ki, şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Şəhid ailələrinin sosial təminatı da yaxşılaşır, şəhid ailələrinə və müharibə əlillərinə, milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrdə mütəmadi artırılıb, bu qəbildən olan insanların uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Bununla da şəhid ailələrinin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən hər zaman böyük rəğbət və məmnunluqla qarşılanır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə