“Ermənistanın siyasi elitasında rasional düşüncə tərzinə malik siyasətçilər çox azdır”

2020-ci il qələbə, zəfər ili kimi çoxminillik tariximizə yazıldı. 2021-ci ildə isə biz Vətən Müharibəsində əldə olunmuş hərbi-siyasi nəticələrin dünya ictimaiyyətinə qəbul etdirilməsi ilə bağlı böyük uğurlar əldə etmiş olduq. 2022-ci il isə kommunikasiya yollarının açılması, əlaqələrin yaradılması, qarşılıqlı etimad mühitinin qurulması, müharibə riskinin azaldılması üçün qarşılıqlı addımların atılması, delimitasiya və demarkasiya məsələlərinin həyata keçirilməsi və əlbəttə, mümkün olarsa sülh müqaviləsinin imzalanması ili olaraq tarixə yazılacaqdır. Doğrusu, hesab etmirəm ki, sadalanan məsələlərin həlli asan olsun. Lakin dünyada baş verən hadisələri dəyərləndirdiyimiz və Ermənistanın düşdüyü duruma baxdığımız zaman yaxın gələcəkdə ilkin mərhələdə kommunikasiya yollarının açılması və digər məsələlər öz həllini tapacaqdır. Buna inam yaradan əsas amil Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli mövqeyidir. Bütün hallarda Azərbaycan suveren torpaqlarında öz iradəsini həyata keçirməyə davam edərək tarixi missiyası olan Zəngəzur dəhlizini gerçəkləşdirəcəkdir.

Baş verən hadisələr fövqündə əsas müzakirə mövzusu Ermənistan cəmiyyətinin sülh və etimadyaratma dövrünə hazır olub-olmamasıdır. Lakin biz kimlərinsə hazırlıq səviyyəsinə görə deyil, milli maraqlarımıza uyğun olaraq gələcək siyasətimizi formalaşdırırıq. Ermənistan hakimiyyətinin öz daxili auditoriyasına hesablanmış boğazdan yuxarı bəyanatları və sərhəddə həyata keçirdiyi təxribatlarının əsasında da məhz Azərbaycanın dəmir iradəsi dayanır. Bilirlər ki, zamanla qarşımıza qoyduğumuz bütün hədəflərə çatacağıq. Belə olduğu təqdirdə qarşıda iki yol qalır - ya Ermənistan hakimiyyətində təmsil olunanlar cəsarətli və tarixi addımlar ataraq Azərbaycanın şərtləri ilə razılaşmalı, ya da ən asan yolu seçərək istefa verməlidirlər. İstefa vermək bir növ məsuliyyətdən yaxa qurtarmaq kimi görünsə də, əslində öz xalqını çətin vəziyyətdə atıb getməyin özü ən böyük məsuliyyətsizlik və cinayət məsuliyyəti hesab olunmalıdır. Son aylar Ermənistanda baş verən hadisələri və ardıcıl istefaları nəzərdən keçirərkən məlum olur ki, Ermənistan hakimiyyətində təmsil olunan şəxslər hələ də gələcək siyasətlərini düzgün formalaşdıra bilməmişlər.

Qərbdən olan dostlarından istədiyi dəstəyi ala bilməyən Ermənistan KTMT-dən də istədiyini nə keçmişdə, nə də indi ala bilməməkdədir. Keçən ilin sonu Brüsseldə Avropa İttifaqında təmsil olunan dövlətlərin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətli dəstəkdən sonra bu ilin əvvəlində Qazaxıstana KTMT-nin qısa müddətli müdaxiləsindən həvəslənən Ermənistanın ümidləri bu dəfə də puç oldu. KTMT-də təmsil olunan bütün dövlətlər hətta Vətən Müharibəsinin ən qaynar fazasında belə bu ehtimalı istisna etmişlər. İndiki vəziyyətdə belə bir addımın atılacağına ümid etmək Ermənistanın siyasi elitasına yaraşan sadəlöhvlük olardı. Elə son günlər Fransa prezidentliyinə namizəd Pekresin

rəsmi İrəvan tərəfindən dövlət başçısı kimi qarşılanması da Brüssel görüşündən sonra pərt olmuş erməni riyakarlığının nəticəsidir. İndi Pekresi Makrona qarşı qoyan erməni hiyləgərliyi və qədirbilməzliyi Vətən Müharibəsi dövründə Fransa prezidentinin Ermənistanın xeyirinə əlindən gələni etdiyini elə bir andaca unutdurdu. Görünür, Paşinyan bu hərəkəti ilə gələcək seçkilərdə erməni diasporasının Pekresi dəstəkləməyinə işarə etmək istəmişdir. Lakin Paşinyan ölkə daxilində belə böyük bir nüfuz sahibi deyildir ki, onu hətta ölkədən kənarda yaşayan ermənilər də eşitsinlər.

Bu günlərdə Ermənistan yeni bir istefa ilə çalxalanmaqdadır. Ölkə başçısı, prezident Armen Sarkisyan bəziləri üçün ciddi səbəb, mənim üçün isə adi bəhanə hesab olunacaq fikirlər irəli sürərək istefa vermişdir. Ermənistanın artıq eks-prezidenti olan Armen Sarkisyan bildirir ki, onun daxili və xarici siyasətdə nəsə etmək ehtimalı və səlahiyyəti yoxdur. Məhz bu səbəbdən istefa verir. Mən şəxsən bu fikirləri absurd hesab edirəm. Çünki Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə formasına malikdir. Belə olan təqdirdə ölkəni baş nazir idarə edir. Armen Sarkisyan da məhz konstitusiyada bu dəyişiklik edildikdən sonra seçilib və 4 ildən çoxdur ki, vəzifədə qalaraq belə bir sərsəm iddialarla dolu bəhanələr gətirməkdədir. Bu bəhanələr siyasətçi ciddiyyətinə ziddir. Təəssüf ki, qeyri-ciddi addımlara Ermənistanda tez-tez rast gəlinməkdədir.

Ermənistan prezidentinin istefasının arxasında isə əslində bir neçə ciddi amil dayanır. Lakin o nədənsə bunları etiraf edəcək qədər cəsarətli deyil. Birincisi, Armen Sarkisyanın namizədliyi Paşinyan tərəfindən irəli sürülməmişdir. Xocalı canisi Serjik Sarkisyan konstitusiyanı dəyişib baş nazir kimi hakimiyyətdə qalmağı planlaşdırdığı zaman Armen Sarkisyanı özünün inandığı bir adam kimi parlamentdə prezident seçdirdi. Vətən Müharibəsindən sonra dəfələrlə prezidentin baş nazir Nikol Paşinyanı dəstəkləməməsi və hətta ona qarşı ciddi bəyanatlarla çıxış etməsi son nəticədə prezidentin istefası ilə nəticələndi. İkinci səbəb Ermənistan tarixində bəlkə də Rusiyayla birbaşa dialoq, rəsmi görüşlər keçirməyən yeganə dövlət başçısı, məhz Armen Sarkisyan olmuşdur. Bu səbəbdəndir ki, o müharibə vaxtı Avropa liderlərinin qapılarında qalmışdı. Lakin hətta bunun bir faydası olmadığını gördük. Üçünçü və mən deyərdim ən vacib səbəb odur ki, sülh müqaviləsi yaxın vaxtlarda imzalanacaqdır. Ermənistan indiki beynəlxalq münasibətlər sferasında əsla buna qarşı çıxacaq gücdə deyil. Qərblə Rusiyanın bu qədər gərgin münasibətlərə malik olduğu bir zamanda və Ermənistanın öz vəziyyətini nəzərə aldığımızda aydındır ki, yekun sənəd imzalanacaqdır. Ermənistanın eks-prezidenti isə baş verəcək hadisələrdən halidir və özünü məsuliyyətdən azad edərək siğortalayır. Belə ki, siyasətçilər bu vəziyyətlərdə xalqı yeni siyasi duruma və baş verə biləcək yeniliklərə hazırlamalıdırlar. Ermənistanda xalq arasında nə baş nazirin, nə də digər siyasətçilərin elə bir nüfuzu yoxdur ki, belə bir sənəd imzalanandan sonra cəmiyyəti öz nəzarətində saxlaya bilsin.

Ümumi dəyərləndirdiyimiz təqdirdə, Ermənistanda hadisələri real qiymətləndirmə qabiliyyətinə malik elə də çox siyasətçi olmadığını görürük. Ermənistanın siyasi elitasında rasional düşüncə tərzinə malik şəxslər çox azdır. Yəqin buna görədir ki, müharibədə biabırçı məğlubiyyətə düçar olsa da, erməni xalqı yenidən Nikol Paşinyana etimad göstərdi. Deyəsən, bir az o, başa düşür ki, Ermənistanın gələcək inkişafı məhz Azərbaycan və Türkiyəylə qarşılıqlı əməkdaşlıq və qonşuluq münasibətlərindən keçməkdədir.

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə