Armen Sarkisyanın istefası Ermənistanda siyasi gərginliyi artıracaq

Erməni ekspertləri müxtəlif proqnozlarla çıxış edirlər

Ermənistanın prezidenti Armen Sarkisyanın istefası məsələsi gündəmə gəldikdən sonra ölkə daxilində bir sıra mülahizələr və fikirlər səslənməkdədir. Belə ki, Armen Sarkisyanın istefasının səbəbi kimi onun səlahiyyətlərinin olmaması əsas gətirilsə də, digər iddialar da ortaya atılır və prosesin get-gedə növbəti siyasi böhrana səbəb olması ətrafında müxtəlif proqnozlar verilir.

Boris Navasardyana görə, Armen Sarkisyanın fəaliyyəti Nikol Paşinyan tərəfindən qısqanclıqla qarşılanıb

SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, maraqlı iddialardan biri də 24 TV-nin “İntevyu” proqramına müsahibə verən Boris Navasardyan tərəfindən irəli sürülüb. İrəvan mətbuat-lubunun sədri bildirib ki, Londonda Sarkisyanlar ailəsinin toplantısı keçirilib və qərara gəlinib ki, Armen Sarkisyan səmərəsiz işlə məşğul olmasın.

Onun sözlərinə görə, Ermənistanın prezidenti özünü yad hiss edib və eyni zamanda, heç bir ideyasını həyata keçirə bilməyib. O cümlədən, onun fəallığı mövcud hakimiyyət tərəfindən qısqanclıqla qarşılanıb.

Navasardyan ehtimal edib ki, Armen Sarkisyan fəaliyyətinin son dövrlərində bir sıra ərəb ölkələri ilə razılaşmalara nail olmuşdu, lakin onun əldə etdikləri İrəvanda lazımi şəkildə diqqətə alınmayıb.

Edmon Marukyan, Aram Sarkisyan, yoxsa Levon Ter-Petrosyan?

Siyasi analitik Armen Baqdasaryan isə fakt-info-ya açıqlamasında bildirib ki, ölkədə yaxın günlərdə elə proseslər baş verəcək ki, bu proseslər öz ciddiliyi ilə seçiləcək. Belə ki, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri çərçivəsində bir sıra məsələlərin müzakirələri gözlənilir Bu baxımdan, Armen Sarkisyan həmin məsələlərdə məsuliyyət daşımaq istəməyib.

Baqdasaryan əlavə edib ki, əgər prezident istefası ilə bağlı yazdığı ərizəsini bir həftəlik müddətdə geri götürməzsə, onun istefası rəsmiləşəcək və parlamentin sədri onu imzalayacaq. Hətta Armen Sarkisyanı əvəzləyəcək şəxslər barədə də bəzi məlumatar səslənməkdədir. Onların arasında “Maarifçi Ermənistan” partiyasının lideri Edmon Marukyanın, “Respublika” partiyasının sədri Aram Sarkisyanın və Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın da adları da var.

Ekspert Edmon Marukyanı ciddi namizəd kimi görməsə də, Levon Ter-Petrosyanın namizədliyini istisna etmir.

Armen Baqdasaryan: “Nikol Paşinyan həmin postda onun sözünə baxa biləcək yaxın ətrafındakıları görməyi arzu edir”

“Birincisi, Levon Ter-Petrosyana təklifin ediləcəyini istisna etmirəm. Bu təklif edilərsə o razı olmayacaq. Aram Sarkisyana gəldikdə isə bu barədə də nə isə deyə bilmərəm. İstənilən halda Nikol Paşinyan həmin postda onun sözünə baxa biləcək yaxın ətrafındakıları görməyi arzu edir”, deyə Armen Baqdasaryan bildirib.

Erməni eksperti proseslərin fonunda ölkədə yeni siyasi gərginliyin yaşana biləcəyini proqnozlaşdırıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə