Yerli seçkilərdəki məğlubiyyət Paşinyana nə vəd edir? SİYASİ RAKURS

Ermənistanın baş naziri gücünü ölkə əhəmiyyətli seçkilərə saxlayır

Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilər barədə gəlinən ilkin nəticələr paralel olaraq özündə bir sıra və növbəti proqnozları da ehtiva etməkdədir. Belə ki, bu seçkilər parlament seçkilərindən sonra sayca ikincisidir. Ümumi tendensiya isə belədir: birinci seçkilər kimi ikinci seçkilərdə də hakim partiyaya qalib gələnlər yerli elitalardırlar ki, onlar parlament müxalifəti ilə - yəni sabiq iqtidarçılarla həmfikirlik təşkil edirlər. Ancaq bu, o demək deyil ki, parlament seçkilərində Koçaryanla Sarqsyanın qalib olmamaları üçün Nikol Paşinyana səs verən erməni seçicilərinin keçmiş iqtidar nümayəndələrinə görə “gözləri atır”. Yəni Ermənistan əhalisi mövcud hakimiyyətə etibar və etimad göstərməsə də, sabiqlərə daha çox nifrət bəsləyir.

Paşinyana alternativ ola biləcək üçüncü qüvvələr

Lakin hər şeyə rəğmən, Paşinyan da anlayır ki, ona qarşı narazılıqlar artır və nə qədər ki, siyasi səhnədə Koçaryan-Sarqsyan faktorları mövcuddursa, o öz hakimiyyətini davam etdirməyə, prosesləri isə idarə etməyə imkanlar tapacaq. Və əgər bu gün Paşinyana real alternativ yoxdursa, nə zamandasa həmin alternativin də üzə çıxmayacağını kimsə deyə bilməz. Daha dəqiq desək, Paşinyan üçün təhlükəli alternativ yalnız belələri ola bilər – həmin fiqur həm mövcud iqtidara, həm də sabiqlərə qarşı çıxmalıdır. Özü də erməni siyasi kuluarlarında belə siyasətçilər kifayət qədərdir: prezident Armen Sarkisyan, ombudsman Arman Tatoyan, Edmon Marukyan, politoloq Vardanyan. Bu adamların hər biri Ermənistanın siyasi səhnəsində üçüncü qüvvə rolunu əldə etmək mərhələsindədirlər. Ancaq daha bir inkaredilməz faktor budur ki, üçüncü qüvvə roluna qərbyönlü güclər də namizəd olacaqlar.

Lakin yerli özünüidarəetmə seçkilərində məğlubiyyətə uğramaq amili Paşinyanın özünün legitimliyini şübhə altında qoymur.

Qalib gələnlər ya kiçik partiyalar, ya da yerli elitalar, kiçik oliqarxlardır

Fakt budur ki, o, parlament seçkilərindən qalib çıxdı və legitim baş nazir statusunu daşıyır. Amma daha bir məsələ ondan ibarətdir ki, əgər parlamentdəki hakim fraksiyada çatlar yaranarsa, növbəti seçkilərdə də məğlubiyyətlər baş verərsə, bu zaman Paşinyan iqtidarı ciddi dilemmalar qarşısında qalmalı olacaq – ya gedəcək, ya da getməməsi üçün güc yolunu seçib xalqa qarşı çıxacaq.

Ermənistandakı yerli özünüidarəetmə orqanlarına seçkilərdə alınan məğlubiyyət hakim partiyanın sistemli məğlubiyyəti hesab oluna bilinməz. Qalib gələnlər ya kiçik partiyalar, ya da yerli elitalar, kiçik oliqarxlardır. Bu isə Nikol Paşinyanın hakimiyyəti vasitəsi ilə onları çərçivədə saxlamasına kifayət qədər imkan yaradır. Söz yox ki, Azərbaycan üçün bir sıra sənədlərə imza atmış Paşinyanın hakimiyyətə qalması sərf edir. Başqa yandan, erməni baş naziri də dərk edir ki, o üzərinə götürdüyü məsuliyyətini icra edəcək və onun başqa yolu da yoxdur. Ona görə də iqtidarını əldə saxlaması üçün gücünü yerli özünüidarəetmə orqanlarındakı seçkilərə deyil, ölkə əhəmiyyətli seçkilərə saxlayır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə