Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görürlər - MÜSAHİBƏ

SİA Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor Eldar İbrahimovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir.

- Eldar müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım günü ərəfəsindəyik. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini necə şərh edərdiniz? Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü, həmçinin Naxçıvan illəri bugünümüz üçün hansı təməli yaratmışdır?

- Azərbaycan Respublikasının vətəndaşları və bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan Heydər Əlirza oğlu Əliyevin dekabrın 12-də anım gününə hazırlaşır. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq və bu irsi öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib və aktuallığını itirməyən qlobal məsələdir

Məlum olduğu kimi Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi Azərbaycan Respublikasına rəhbərliyə başlamışdır. O, fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verməsini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illər ərzində Heydər Əliyevin apardığı hərtərəfli və əhatəli işlər, onun özünə və ətrafındakı rəhbər işçilərə qarşı olan tələbkarlığı, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, neft-maşınqayırma və kimya sənayesi və bir sıra digər sahələrdə İttifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabət qabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı və müstəqil inkişafın əsası qoyuldu.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi keçən əsrin 70-80-ci illərində iqtisadiyyatın bütün sahələrində olduğu kimi aqrar-sənaye kompleksinin və onun aparıcı bölməsi olan kənd təsərrüfatının inkişafında möhtəşəm nailiyyətlər əldə olundu. Azərbaycan Respublikası bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi, üzüm istehsalında 2 milyon ton həddi keçərək SSRİ məkanında birinci yeri tutdu. Həmin dövrdə təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı də təşəkkül tapdı. Bu məqsədlə yeni zavodlar tikildi və mövcud aqrarsənaye obyektləri genişləndi.

Həmin dövrdə kənd təsərrüfatı məhsulları istehsalının artımı ilə yanaşı bu məhsulların emalı ilə məşğul olan müəssisələrin şəbəkəsi də böyüdü. Üzümçülüklə məşğul olan iri təsərrüfatların hamısında üzüm emalı zavodları tikilib istifadəyə verildi, mövcud pambıq emalı zavodları modernləşdi və yeniləri tikildi, çay, tütün, fındıq, meyvə, tərəvəz, ət, süd və digər məhsulların emalı müəssisələrinin şəbəkəsi böyüdü. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı respublikamızda yüngül və yeyinti sənayesinin də inkişafına təkan verdi.

Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yarandı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Həmin illərdə kənd təsərrüfatı respublika iqtisadiyyatının aparıcı sahəsinə çevrilməklə Ümumi Daxili Məhsulun 30-35 faizi bu bölmənin payına düşürdü. Azərbaycan Respublikası İttifaqın tərəvəz bazası hesab olunurdu. Heydər Əliyevin Azərbaycan Respublikasına həmin dövrdə rəhbərliyi sayəsində əldə edilən nailiyyətlər hörmətli Prezidentimiz İlham Əliyev cənablarının “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Sərəncamında öz əksini tapmışdır. Sərəncamda deyilir:”1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır”. Hesab edirəm ki, hörmətli Prezidentimiz İlham Əliyev cənablarının Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrünü bu qədər dərindən, əhatəli və əsaslı əks etdirən fikri Ümummilli liderin 1969-1982-ci illərdəki fəaliyyətinə verilən ən düzgün və yüksək qiymətdir.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyevin Azərbaycan Respublikasında həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması İttifaq rəhbərliyinin diqqətini əbəs yerə cəlb etməmişdi. Məhz buna görə Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Heydər Əliyev bu vəzifədə işlədiyi qısa müddət ərzində İttifaqda mövcud olan ən problemli sahələrin inkişafını, o cümlədən dünyanın ən böyük magistralı olan BAM-ın(Baykal-Amur Magistralı) tikintisini təmin edirdi. Heç də təsadüfi deyil ki, bu günlərdə BAM-ın istifadəyə verilməsinin 30 illiyi münasibəti ilə Rusiya Federasiyasının Prezidenti cənab Putinə məruzə edilərkən bu magistralın tikintisində Heydər Əliyevin əzmkarlığı və böyük əməyi xüsusi olaraq vurğulandı. Heydər Əliyev Azərbaycandan kənarda olsa da həmin illərdə respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində köməklik göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi.

Heydər Əliyev bir müddət məlum səbəblərə görə Moskvada yaşadıqdan sonra SSRİ adlı imperiyanın məhv olacağına tam əmin olduğundan öz ölkəsində və doğma diyarı olan Naxçıvanda yaşamağa üstünlük verdi və 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan həm ermənilərlə müharibə edir, həm də yaranmış iqtisadi çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün həvəslə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Bu məqsədlə də Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. Lakin səbatsız iqtidar bu fikirlərə məhəl qoymur, Kremlə sədaqət nümayiş etdirirdi. Buna baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının yaradılması üçün mübarizəsini davam etdirirdi. 1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Muxtar Respublikanın Ali Məclisinə sədr seçildi. Ali Məclisin sədri kimi o, İlk öncə ağır günlərini yaşayan Naxçıvanın vəziyyətini yüngülləşdirmək üçün qardaş Türkiyə və İranla əlaqələri yaxşılaşdırıb kömək əldə etdi. Muxtar Respublikanın gələcək taleyinin iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etməsində görən Ulu öndər tezliklə islahatların həyata keçirilməsini önə çəkdi. Dövlətçilik, qayda-qanun möhkəmləndi, vəzifə sahiblərinin və bütün işçilərin məsuliyyəti artırıldı. Muxtar Respublikada bütün qüvvələr və imkanlar əhalinin rifah halının yaxşılaşmasına və təhlükəsizliyin təmin edilməsinə səfərbər olundu. Azərbaycan Respublikasında ilk dəfə iqtisadi islahatlar Muxtar Respublikanın aqrar sahəsində başladı. Çox uğurla həyata keçirilən bu təxirəsalınmaz tədbirlər tezliklə öz bəhrəsini verdi və Naxçıvanda siyasi və iqtisadi vəziyyət getdikcə stabilləşməyə başladı. Bununla da ermənilərin Muxtar Respublikaya hücumlarını mərdliklə dəf etməyə və cəbhədə sakitliyin bərqərar olmasına imkan yarandı.Məhz Heydər Əliyevin əzmkarlığı və həyata keçirdiyi uzaqgörən siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası düşdüyü çətin vəziyyətdən çıxmağa başladı. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasına gedən yol Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başladı.

- Müstəqilliyimizin yenidən bərpasının Heydər Əliyev dövrünü Azərbaycanın xilası kimi dəyərləndirə bilərikmi?

- 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini və suverenliyini elan etdi. Bu tarix isə elə bir dövrə təsadüf etmişdir ki, bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə bizi müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləməmə aparırdılar. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildi və aciz durumda idi. Bundan azğınlaşan erməni quldurlar isə 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsr götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu.

Özünü xalqın aparıcı qüvvəsi hesab edən müsavat və xalq cəbhəsi cütlüyü bundan öz xeyrinə yararlanaraq hakimiyyəti zor tətbiq etməklə tezliklə ələ aldılar. Ancaq bu hakimiyyətdə təmsil olunanların dövlətçilik və idarəetmə təcrübəsi yox idi, onlar öz işlərini günün tələbinə uyğun qurmur, hadisələri düzgün qiymətləndirmir, nə cəbhədə, nə də dövlət quruculuğunda təsirli tədbirlər görə bilmədiklərindən ölkədə hərc-mərclik və xaos baş alıb gedirdi. Bu da erməni silahlıları tərəfindən Dağlıq Qarabağa qonşu yeddi rayonun zəbt edilməsinə şərait yaratdı.

Artıq müstəqil Azərbaycan Respublikası öz tarixinin ən ağır çağlarını yaşayırdı. Bir tərəfdən Ermənistanla aparılan müharibə, bir tərəfdən iqtisadiyyatın iflic vəziyyətə düşməsi, bir tərəfdən də hakimiyyətdə olanların təcrübəsizliyi və səriştəsizliyi hakimiyyətə qarşı narazılığı artırmaqla yanaşı Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu.

Bunun məntiqi nəticəsi kimi 1993- cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başlandı. Vəziyyətin daha kəskin xarakter alacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan iqtidar rəhbərləri məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməklə Heydər Əliyevi Azərbaycan Respublikasında rəhbər vəzifəyə dəvət etməyə məcbur oldular. Heydər Əliyev onların bu təkliflərini qəbul etmirdi, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə ikinci dəfə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Xalq özünün sevimli oğluna etimad edir və inanırdı ki, yalnız Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa bilər və Azərbaycan Respublikasının müstəqilliyini qoruyub saxlaya və inkişaf etdirə bilər.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Separatçı ermənilər tərəfindən başlanmış Ermənistan- Azərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olunması onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı. Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş bu dövlətə və insanlığa zidd hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı xarici siyasətini də formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı. Azərbaycan həm Rusiya və həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq və strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi.

Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı- Tbilisi- Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar ümummilli liderin özünün dediyi kimi Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.

Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız məhz buna görə Ulu öndəri Azərbaycanın xilaskarı kimi dəyərləndirərək özünün Ümummilli lideri elan etmişdir.

- Bu gün nəinki Azərbaycanın, Cənubi Qafqaz regionunun güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndərin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir. O illərə qısaca nəzər salmağınızı istərdik...

- Öncə vurğulamaq istəyirəm ki, bu günlərdə Ulu öndərin adı ilə bağlı olan Yeni Azərbaycan Par­tiyasının 29-cu il dönümü Azərbaycanın dövlətçilik tarixinə qızıl həriflərlə yazılan Böyük Zəfər bayramı günlərinə təsadüf etdi. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə asan olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ərazilərimizin ardıcıl işğalı, dərin iqtisadi- siyasi böhran və xaos, əhalinin sosial durumunun getdikcə ağırlaşması ölkədə həyatı iflic vəziyyətinə salmışdı. Həmin dövrdə respublikamızda 30-a yaxın siyasi partiya, ictimai təşkilat və hərəkat mövcud olsa da onlar xalqı səfərbər edəcək qədər sosial bazaya malik deyildilər və aralarında xalqın ümumi mənafei naminə birlik yox idi. Belə bir vaxtda müstəqilliyimizin qorunub saxlanmsını təmin etmək üçün xalqın onun liderinə inanıb arxasınca gedəcək lideri olan bir partiyaya ehtiyacı vardı. Bu lider isə heç şübhəsiz ki, Azərbaycan xalqının Böyük oğlu, dünya şöhrətli tanınmış siyasi xadim Heydər Əlirza oğlu Əliyev idi.

Bunu nəzərə alaraq 1992-ci il oktyabrın 16-da respublikamızın 91 nəfər tanınmış ziyalısı “Əlincə” cəmiyyətinin nəşr etdirdiyi “Səs” qəzeti vasitəsilə ulu öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir” – deyə müraciət etdi. Müraciətdə Heydər Əliyevə xitabən deyilirdi: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrüblərinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşərək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir.”

Bu müraciətdən sonra bütün Azərbaycan böyük ümidlə gözünü Naxçıvana dikərək öz Böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda” çağrışı ilə başlayan cavab verdi.

Ulu öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşməklə yaranmış vəziyyəti təhlil edərək AXC-Müsavat hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr – müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir. Görkəmli siyasi xadim Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğduğunu vurğulayaraq onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bəyan etdi. Heydər Əliyevin bu cavabından və ölkənin sağlam qüvvələrinin Ulu öndərin ətrafında sıx birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr Muxtar Respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə idarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib Muxtar Respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Buna baxmayaraq 50 mindən çox insan qısa bir vaxtda Heydər Əliyevi dəstəkləmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi cəza dəstəsi Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı. Bu hadisələr barədə Heydər Əliyev belə demişdir: ”Biz Naxçıvanda ağır şəraitdə yaşadığımız zaman - bəziləri bunu da bizə çox görürdülər, - Naxçıvanda dövlət çevrilişi etmək istədilər. Xalq Cəbhəsinin böyük bir silahlı dəstəsi .Daxili İşlər Nazirliyinin binasını zəbt etdi. Onların bəzi nümayəndələri televiziya ilə xalqa müraciət edib bizi devirmək çağrışları ilə çıxış etdilər. Ancaq heç bir şey edə bilmədilər. Çünki xalq bizimlə idi.”

Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab onun böyük məsuliyyəti öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Bütün təzyiqlərə baxmayaraq, tez bir zamanda Azərbaycanın hər yerində yeni partiyanın təsis konfransına hazırlıq işlərinə başlanıldı. AXC-Müsavat hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan verməyərək çoxlu manelər törədirdi. Buna baxmayaraq partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirildi. Konfrans Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfərdən çox nümayəndəsinin iştirakı ilə Naxçıvan Dövlət Dram Teatrının binasında keçirildi. Konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu öndər yekdilliklə partiyanın sədri seçildi və Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”. Ulu öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.

Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi altında tezliklə təşkilatlandı. Ulu öndərin adını daşıyan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlət­çilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.

Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə tezliklə ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Heydər Əliyevə olan dərin hörmət və etibar sayəsində öz sıralarında yüz minlərlə insanı birləşdirən Yeni Azərbaycan Partiyası bu gün həqiqətən də yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqaz regionunun güclü və beynəlxalq aləmdə hakimiyyət partiyaları tərəfindən qəbul edilən nüfuzlu siyasi təşkilatıdır. Məhz bu partiyanı yaratmağı və inkişaf etdirməyi öhdəsinə götürməklə Ulu Öndər Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi çoxsaylı misilsiz xidmətlərdən birini də uğurla həyata keçirmişdir.

-2003-cü ildən başlanan Heydər Əliyev davamını necə ümumiləşdirirsiniz? Ümummilli Liderin xalqa”Mən Ona özüm qədər inanıram” çağırışı bugünkü reallıqlarda özünü necə doğruldub?

- Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu, son xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu tarixi müraciətindən keçən on səkkiz il onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

Belə ki, bünövrəsi Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on səkkiz ildir ki, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider dövləti kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.

Ötən 18 il ərzində sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfə artmış, yoxsulluq 49 faizdən 6 faizə düşmüş, 2 milyona yaxın yeni iş yerləri açılmaqla işsizliyin səviyyəsi 6 faizə enmişdir. Ölkə üzrə qazlaşdırma 51 faizdən 95 faizə, fasiləsiz içməli su ilə təminat 20 faizdən 67 faizə çatdırılmış, Oğuz-Qəbələ-Bakı su xətti çəkilmişdir.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin - müdafiə və kosmos sənayesinin formalaşması, dünyanın iri neft və qaz kəmərlərinin tikilib istifadəyə verilməsi, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə rəqabət qabiliyyətli məhsullar istehsalına başlaması Azərbaycanın uzun müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır. Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür.

Hörmətli Prezidentimizin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı qeyri neft sektorunun da elmi-texnoloji əsaslarla innovativ inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Bunun nəticəsidir ki, son vaxtlar ölkəmizə böyük turist axını başlamış və hər il milyonlarla turist respublikamızın səfalı guşələrində istirahət etməyə üstünlük verirlər. Aqrar sahədə həyata keçirilən bu və digər tədbirlər nəticəsində kənd təsərrüfatı istehsalı 2 dəfədən çox artmışdır.

Əlbəttə, İlham Əliyev cənablarının 18 illik Prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində çoxsaylı uğurlar əldə edilmiş, bu qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmiş, respublikamızda formalaşmış və uğurla həyata keçirilən strategiya hazırda da davam edir. Bununla belə hesab edirəm ki, 18 ildə əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində şanlı Azərbaycan Ordusunun Ermənistan ordusunu darmadağın edərək diz çökməyə məcbur etməklə qazandığı parlaq qələbə dayanır. Bu qələbə ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev cənabları ölkənin ərazi bütövlüyünü və suverliyini təmin edən Prezident kimi qızıl həriflərlə Azərbaycan tarixində yeni bir səhifə açdı. Eyni zamanda qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini və xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə və onu dünyanın ən gözəl diyarına çüvirməyə qadirdir. Məhz İlham Əliyev cənablarının rəhbərliyi ilə 30 ildən çox işğala son qoyulması müstəqil Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli vəzifənin uğurla yerinə yetirilməsini təmin etdi. Bu qələbə həm də Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaltdı. Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz əraziləri gündən-günə sürətlə qloballaşan dünyanın ən müasir çağrışlarına uyğun olaraq yenidən qurmaq, bu ərazilərə Böyük Qayıdışı qısa müddət ərzində təmin etməkdir.

Şübhə etmirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız bu şərəfli missiyanın da öhdəsindən tezliklə gələcək və bütöv Azərbaycan Respublikası bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcəkdir.

Bütün bunlar və müstəqilliyimizin son 18 ilində əldə etdiyimiz digər uğurlar onu deməyə əsas verir ki, Ümummilli Liderin xalqa “Mən Ona özüm qədər inanıram” çağırışı bugünkü reallıqda özünü ağlasığmaz dərəcədə artıqlaması ilə doğruldur. Məhz İlham Əliyevin Prezident kimi Azərbaycan Respublikasına rəhbərlik etdiyi bu 18 ildə qazanılan davamlı uğurlar Ulu Öndərin “Nə qədər ki, Azərbaycan var, mən də varam” fikrini də böyük inamla təsdiq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...