Azərbaycan adını zirvələrə ucaldan şəxsiyyət - HEYDƏR ƏLİYEV

Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

Hər bir millət, hər bir dövlət yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanında qələbəyə, çətin anlarda işığa doğru aparan rəhbərə, şəxsiyyətə ehtiyac duyur. Sözün əsl mənasında hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə daim ehtiyac var. Azərbaycanın adı bu gün dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Daim bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib.

“Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur!

Ulu Öndər Heydər Əliyevin cismən bizdən ayrıldığı gündən 18 illik bir zaman keçir. Ötən zaman kəsiyində biz bu böyük şəxsiyyətin, bu nadir siyasətçinin xalqı və ölkəsi üçün etdikləri, canı bahasına, həyatı bahasına nail olduğu işlər, göstərdiyi xidmətlər bir-bir gözlərimizin önündən keçir. Bu xidmətlər o qədər böyükdür ki, bütün bunları bir yazıya sığdırmaq, bir yazıda əhatə etmək əlbəttə ki, imkansızdır. Son 18 ildə Onun haqqında minlərlə məqalə yazılıb, haqqında filmlər çəkilib, mahnılar bəstələnib. Hər il onun doğum və anım günlərində konfranslar düzənlənib, onun haqqında inşa yazıları yazılıb, qalaq-qalaq kitablar həsr edilib. Hər bir azərbaycanlı bu böyük şəxsiyyətin qarşısında öz vətəndaşlıq borcunu, öz azərbaycanlılıq borcunu yerinə yetirməyə çalışıb. Hər kəs onu bildiyi və bacardığı kimi tərənnüm etmək istəyib. Amma düşünürəm ki, biz nə etsək, nə yazsaq, nə danışsaq yenə də bu borcu qaytara bilmərik.

O xalqının qurtuluşuna imza atan, ölkəsini parçalanmaq, dünya xəritəsindən yox olmaq təhlükəsindən qurtaran bir Dahidir! Xalqının təkidləri ilə, tələbi ilə onun köməyinə tələsən böyük siyasət adamı, nəhəng bir siyasi xadimdir! Məhz Heydər Əliyevin sayəsində böyük bir xaos, qardaş qırğını, vətəndaş müharibəsi ilə üz-üzə qalan, separatizmlə qarşılaşan Azərbaycan qısa zaman kəsiyində dirçəldi, ayaqları üzərində möhkəm dayanmağı bacardı. Azərbaycanın üçrəngli bayrağı Birləşmiş Millətlər Təşkilatının önündə dalğalandı, dünya birliyi Azərbaycanı tanıdı, müstəqilliyimizi qəbul etdi. Bir sözlə, tamamilə yox olmaq təhlükəsi ilə qarşılaşan Azərbaycan məhz Ulu öndər Heydər Əliyevin sayəsində yoxdan var oldu. Azərbaycan bölgəyə, dünyaya bir günəş kimi doğdu.

“Mən ona özüm qədər inanıram. Bilirəm ki, mənim başladığım, lakin sona çatdıra bilmədiyim taleyüklü məsələləri o layiqincə yerinə yetirəcəkdir”, deyərkən yolgöstərən, dahi insan son nəfəsində belə, son vəsiyyətində belə xalqını düşündü. Xalqı üçün ən doğru olan yolu işarə verdi. Xalqı üçün xilas yolunun haradan və kimdən başlandığını açıqladı. Bu, Ulu öndər Heydər Əliyevin fiziki, mənəvi və siyasi varisi, bu gün adını Xilaskar, Qurucu, Xalq Qəhrəmanı, Müzəffər Komandan kimi çəkdiyimiz İlham Əliyev idi.

Ötən 18 il ərzində Azərbaycan bütün sahələrdə miqyası ölçüyəgəlməz dərəcədə böyük olan bir inkişaf tempinə nail oldu. Ölkəmizə illər əvvəl gələn əcnəbilər, buraya yenidən gəldikləri zaman gördüklərinə yaxşı mənada təəccüb etdilər. Belə qısa bir zaman kəsiyində, bu qədər böyük ölçülü inkişafın, mükəmməl bir ölkə quruculuğunun necə baş verdiyinə heyrətləndilər. Azərbaycan bölgəyə və dünyaya iqtisadi, sosial sahədə, beynəlxalq münasibətlər sahəsində, diplomatiya sahəsində, insani münasibətlər, tolerantlıq sahəsində bir nümuə, model ortaya qoydu.

Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm uğurlarından biri də, heç şübhəsiz, regionda iqtisadi maraqların intensivliyini artırmaq yolu ilə böyük dövlətləri ermənipərəstlikdən uzaqlaşdırmaq, onları iqtisadi maraqlar müstəvisinə dəvət etməkdən ibarət oldu. Əsrin kontraktı da, Böyük İpək Yolunun bərpası strategiyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də, bir-birini əvəz edən neçə-neçə beynəlxalq neft-qaz kontraktları da, "Qafqazda təhlükəsizlik paktı" ideyası da məhz bu böyük mərama, bu əhəmiyyətli hədəfə xidmət edirdi və hərtərəfli olaraq düşünülmüş vahid strateji planın ayrı-ayrı məqamları idi.

Əslində doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz təbii sərvətlərinə sahib çıxması, dünyanın əsas neft-qaz ixracatçısına çevrilməsidir. Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi layihələrdən biri neft strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan üçün həm siyasi, həm də iqtisadi dividendlər gətirməkdədir. Ulu Öndərin uzaqgörənliyi və qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın yeni neft strategiyasının əsasını qoydu. Bu neft strategiyası dünyanın ən qabaqcıl neft şirkətlərini Azərbaycana investisiya yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar olması üçün böyük rol oynadı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar aparılması üçün böyük baza yaradıldı, sosial islahatlar üçün iqtisadi potensial əldə edildi.

Enerji təhlükəsizliyi bütün dünya dövlətlərini düşündürən ən vacib məsələlərdən biridir. Ona görə də Azərbaycanın, o cümlədən Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına əngəl olmaq istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft kəmərinin, sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin reallaşması Heydər Əliyevin uğuru, onun böyük şəxsiyyət olaraq tarixi prosesə göstərdiyi təsirlərin nəticəsi idi.

Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir. Bir sözlə, Ümummilli liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan Ali Baş Komandanımız İlham Əliyev tərəfindən başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir.

Ruhun şad olsun Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyevin siyasəti nəticəstndə “Dağlıq Qarabağ" problemi artıq yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...