Soçi və Aşqabad görüşləri uğurlarla, qələbələrlə yadda qaldı - TƏHLİL

Keçirilən bütün görüşlərdə, bütün platformalarda Azərbaycanın qalib ölkə olmasının fonunda beynəlxalq hüququn norma və prinsiplərini əsas tutduğu, ədalətin bərpası, sabitlik, stabillik, sülhün təmin olunması istiqamətində ölkə başçısının, cənab Prezident İlham Əliyevin ortaya qoyduğu siyasi iradə, eləcə də qazanılan uğurlar göz önündədir. Bütün dünya şahiddir ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi humanizm prinsiplərini, hüquqi normaları, ədalətliliyi əldə rəhbər tutaraq danışıqlarda iştirak edir, sülh şəraitində əməkdaşlığı, iqtisadi yüksəlişə, inkişafa rəvac verən əlaqələri, münasibətləri dəstəkləyir və məhz bu strategiya da hərb meydanında qazanılan qələbənin ardınca diplomatik müstəvidə də qələbələrimizi, uğurlarımızı davamlı edir.

Rusiyanın təşəbbüsü və moderatorluğu ilə Soçi şəhərində keçirilən üçtərəfli görüş, eləcə də, bunun ardınca Aşqabadda keçirilən Zirvə görüşü ölkəmizin uğurları ilə yadda qaldı. Azərbaycan artıq bütün görüşlərdə qalib ölkə olaraq iştirak edir və müəyyənləşdirdiyi strateji hədəflərə doğru irəliləməkdə olduğu heç də diqqətdən yayınan deyil. Artıq bütün platformalarda Azərbaycanın haqlı olduğu qəbul olunmaqdadır və istər beynəlxaq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlər ölkəmizin ədalətli mövqeyini qəbul etmək məcburiyyətində olduqlarını yaxşı başa düşürlər. Hətta, bir zamanlar Ermənistanın tərəfini tutan, elə indi də həmin ölkənin tərəfini tutmaqda maraqlı olanlar belə ciddi faktlar qarşısında qalıblar və bir-birinin ardınca Azərbaycanın qələbələrini müşahidə edir, bununla barışmaqdan başqa çarə görmürlər, çünki ölkəmizin qüdrətini, tutduğu haqq yolunu inkar etmək mümkünsüzdür, hansıki bunu, istəsə də, istəməsə də hər kəs başa düşür.

On illliklər boyu müharibə şəraitində yaşamış Azərbaycan və Ermənistan arasında normal münasibətlərin yaradılması baxımından Soçi görüşü, cənab İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 26 noyabr tarixində keçirilən görüş möhkəm hüquqi baza rolunu oynadı desək yanılmarıq. Doğrudur, 44 günlük Vətən müharibəsi başa çatandan sonra ötən il 10 noyabr tarixində və bu ilin əvvəlində 11 yanvar tarixində də üçtərəfli görüş baş tutmuşdu, amma etiraf etmək lazımdır ki, Soçi görüşü iki ölkə, Azərbaycan və Ermənistan arasındakı bundan sonrakı münasibətlərə daha da aydınlıq gətirdi. Həm də bu görüşdə Ermənistana bir daha xatırladıldı ki, imzalanmış bəyanatın şərtlərinə əməl edilməlidir. Bir sözlə, Ermənistan tərəfə Azərbaycanın haqlı mövqeyi bir daha xatırladıldı və erməni baş nazirə üzərinə götürdüyü öhdəlikləri icra etməli olduğu bir daha bildirildi, özü də israrla.

Məsələ burasındadır ki, Ermənistan tərəfinin bu zamana qədər, hələ də məsələni uzatmaqda maraqlı olduğu, bəyanatdan irəli gələn tələbləri icra etməkdə ən azından tələsmədiyi, imkan olduqca bundan boyun qaçırmağa çalışdığı hiss olunur və bunu Rusiya tərəfi də, şəxsən bu ölkənin prezidenti Putin də görür və ermənilərin tələb kimi qarşılarına qoyulan məsələrdən yayınmaq meyillərini çox yaxşı başa düşür. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Soçi görüşündə Bəyanatda qeyd olunan məsələlərin həlli istiqamətində addımlar atmalı olduğu barədə Ermənistana ciddi şəkildə xəbərdarlıq edildi. “Dəhlizin açılmasında maraqlı olan tərəflərdən biri də Rusiyadır”, deməklə Rusiya prezidenti Ermənistana ciddi bir mesaj verdi və bunun da arxasında bir çox məqamlar var. Bilirik ki, bu zamana qədər ermənilər bütün problemlərinin həllindən tutmuş, ən xırda məsələlərinə qədər ancaq ruslardan, Rusiyadan kömək, dəstək görüblər və bir növ öyrəncəli şəkildə buna vərdiş etdikləri üçün ümidləri də tükənməmişdi ki, yenə də elə dəstək alacaqlarını zənn edirdilər, amma bunun əksini gördülər. Gördülər ki, bölgədə Azərbaycanın yaratdığı reallıqlarla hətta onların böyük qardaş hesab edib, ətəklərindən tutduqları, kömək gözlədikləri, yardım dilədikləri Rusiya belə razılaşıb, barışıb və hesablaşır da. Deməli, ermənilərin bundan sonra məsələlərdən yayınmaq, yaxud bu məsələlərin həllini uzatmaq üçün qaçış yolu olmadığı, bəyanatdan irəli gələn tələblərə əməl etməli olduğu həqiqətləri ortaya çıxır və başda elə erməni baş nazir olmaqla bütün Ermənistan cəmiyyəti buna tamamilə əmin oldu. Bu vaxta qədər ən azından düşüncələrində belə razılaşmayan, buna qarşı çıxanlar sanki tərksilah olundu və yerləri göstərildi. Üçtərəfli görüşün ardınca keçirilən mətbuat konfransında isə Putin iqtisadi əlaqələrin bərpasından danışarkən ilk olaraq nəqliyyat dəhlizlərinin açılması məsələsini diqqətə çatdırdı ki, bu da öz növbəsində Zəngəzur dəhlizinin açılmasının vacibliyi barədə düşündüyünü təsdiqləyir və sözsüz ki, burada delimitasiya və demarkasiya məsələlərinin də vacibliyi öz əksini tapır.

Soçi görüşü Azərbaycan üçün konkret olaraq çox uğurlu oldu deməkdə hər kəs haqlıdır. Əvvəla ona görə ki, görüşdə diktə edən ölkə kimi iştirak edən Azərbaycanın dövlət başçısının mövqeyi, tələbləri yekun sənəddə öz əksini tapdı. Digər tərəfdən, xüsusi olaraq Zəngəzur dəhlizinin açılması barədə öhdəliyini Ermənistan tərəfi Soçi görüşündə bir daha, növbəti dəfə təsdiqlədi. Ələlxüsus, Rusiyanın bu dəhlizin açılmasında maraqlı olduğu da Ermənistan tərəfinə bəyan edildisə, bu ondan xəbər verir ki, sözügedən dəhlizin açılmasına qarşı ermənilərin istənilən cəhdi zərərsizləşdiriləcək və bu məsələdə Rusiya da Azərbaycanın yanında olacaq. Nəhayət, bir məsələ də ondan ibarətdir ki, ermənilər artıq Rusiyanın Azərbaycanla bağlı mövqeyinin də şahidi oldular və əmin oldular ki, Azərbaycanla münasibətlərə, yaxınlığa, əməkdaşlığa daha çox maraq göstərilir, hətta bu maraq kimlərlə isə müqaisəyə gəlməz dərəcədə yüksəkdir.

Aşqabadda İƏT Zirvə Görüşü də Azərbaycan üçün çox əlamətdar oldu, ölkəmizin üstün olduğunu, qalib olduğunu hər kəsin qəbul etdiyi öz təsdiqini tapdı və bu fonda dövlətimizə dəstək göstərilməsi bizim növbəti diplomatik qələbələrimiz silsiləsindəndir. Aşqabadda keçirilən Zirvə Görüşündə torpaqların işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqının və hökumətinin təbrik edilməsi xüsusi diqqətə layiq bir məqam hesab olunur. Unutmaq lazım deyil ki, Aşqabadda Azərbaycanı qələbə münasibəti ilə təbrik edən, yekun sənədə imza atan dövlətlərdən üçü, daha dəqiq desək, Qırğısıstan, Qazaxıstan və Tacikistan Ermənistanın təmsil olunduğu və İrəvan üçün xüsusi ümid yeri hesab olunan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, KTMT-nin üzvləridir. Yəni, bu gün Ermənistanın təmsil olunduğu təşkilatın üzv ölkələri belə Azərbaycana dəstək nümayiş etdirirsə, bu böyük qələbədir və bu qələbəni də biz Aşqabad Zirvə Görüşündə əldə etdik.

Aşqabadda keçirilən Zirvə Görüşündə əlbəttə ki, ölkə rəhbərimizin İran prezidenti ilə görüşü dəqqəti xüsusilə cəlb etdi və hesab olunur ki, bu görüş tədbirin kuliminasiya nöqtəsidir. Çünki, istər Vətən müharibəsi dövründə, istərsə də müharibə bitdikdən sonrakı dövrdə İranın Ermənistana yük daşıması, yardım etməsi, hətta İrəvanın mövqeyindən çıxış etməsinin ardınca Aşqabadda cənab Prezidentimizlə görüş zamanı ölkəmizi dost, qardaş ölkə adlandırması məsələlərə birbaşa aydınlıq gətirdi və ermənilər hesablarını getdilər. Anladılar ki, bundan sonra güvəndikləri, köməyinə arxalandıqları İran belə onların yanında deyil və reallıqlarla barışmaqdan başqa çarələri qalmayıb. Yəni, ermənilər İranın belə müqavimətinin qırıldığının şahidi oldular və bu da ondan xəbər verir ki, indi bir erməni belə Azərbaycana qarşı İran faktorunun ola biləcəyi qənaətinə gələ, buna ümid edə bilməz. Bu da öz növbəsində qələbələrimizdən biri və ən önəmlilərindəndir.

Etiraf olunmalıdır ki, bu vaxta qədər olan bütün görüşlər Azərbaycanın diplomatik qələbələri ilə yadda qalıb və bunun şahidi təkcə biz deyilik, amma qarşıda daha həssas və dinamik addımlar atmaq, qələbələrimizi davamlı etmək, ərazi bütövlüyümüzü, süverenliyimizi daha da möhkəmləndirmək, daha sürətli inkişafa nail olmaq, ölkəmizin qüdrətini daha da artıqmaq missiyası durur. Nəzərə almaq lazımdır ki, bu günə qədər əldə etdiyimiz uğurlarımızda, qələbələrimizdə məhz ölkəmizin güclü, qüdrətli olması xüsusi önəm kəsb edib və bu baxımdan qarşımızda daha böyük strateji hədəflər durur, hansıki bu hədəflər də bizim gələcək uğurlarımıza zəmin yaradacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə