Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir ŞƏRH

Bəşəriyyət yarandığı gündən çox böyük şəxsiyyətlərə, sərkərdələrə, onların əldə etdikləri şanlı qələbələrə şahidlik edib, bu şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları dövlətçilik ənənələri, intibah xalqlarının gələcəyinə işıq tutub, onların bəlkə də yüz illər sonrakı tarixdə mövqeyini müəyyənləşdirib. Məhz buna görə də, belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerlərini tutublar. Onların yaratdıqlarını, zəngin, böyük irsini araşdıranda, haqqında danışanda isə bir sual daim müzakirə mövzusu olub, cavabını axtarıb: yaşadığı dövrün gerçəklikləri, tarixi reallıqlar şəxsiyyətləri formalaşdırır, yoxsa böyük, güclü, qüdrətli şəxsiyyətlər öz tarixini yaradır? Təbii ki, bu suala müxtəlif zamanlarda yaşayan şəxsiyyətlərə münasibətdə fərqli cavablar vermək mümkündür. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev barədə danışarkən bu mübahisələrə birmənalı olaraq, aşağıdakı şəkildə nöqtə qoymaq olar - Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət! Bu fikri qüvvətləndirən, arqumentlərimizi genişləndirən faktlar isə yetərincədir. Ulu öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, O, Özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə Onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, bütün region xalqları, böyük İslam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu öndərimizin adı dünyanın hər yerində Uca tutulur, xatirəsi ehtiramla anılır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın və azərbaycanlıların Ümummilli lideridir

Bu dahi şəxsiyyət haqqında danışarkən öncə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz, əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə, sadəcə, bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir... Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində, daha dəqiq desək, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bu tədbirlərin fonunda isə ümummilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı. Heç şübhəsiz, bu proses çərçivəsində milli məfkurənin yüksəlişi və s. bu kimi təməl xarakterli məsələlər xüsusi diqqət mərkəzində dururdu. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında Ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Çünki milli məfkurənin sağlam ideoloji təməllər əsasında möhkəmləndirilməsi və yüksəlişi üçün buna nail olmaq, sözün əsl mənasında strateji önəm kəsb edir və ideoloji mənada, dövlət quruculuğu prosesinin onurğa sütununu təşkil edirdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi... Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərimizin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. Beləliklə, 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyası dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı. Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. İlk növbədə, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində ciddi strateji addımlar atıldı.

Belə ki, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı.Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi...

Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Ümummilli liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotiv aktora çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi...

İqtisadi dirçəlişin banisi

Bu da kimsəyə sirr deyil ki, Ümummilli lider Heydər Əliyev bir lider, siyasi xadim kimi hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına böyük önəm verib. Məhz bunun nəticəsidir ki, istər sovet Azərbaycanına, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər iqtisadiyyatın inkişafına prioritet məsələlərdən biri kimi yanaşıb. Ümummilli liderin sovet Azərbaycanına rəhbərlik etməyə başladığı 1969-cu ildə Azərbaycan keçmiş SSRİ-də, demək olar ki, iqtisadiyyatı ən geridə qalmış respublikalardan biri idi. Ümummilli lider rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanın güclənməsini, keçmiş ittifaq daxilində olsa belə, iqtisadi baxımdan müstəqilləşməsini qarşıya məqsəd qoydu. Siyasi iradəsi, böyük təcrübəsi və inandırmaq bacarığı sayəsində Ulu öndər nəhəng sənaye müəssisələrinin Azərbaycanda tikilməsinə nail oldu. Təkcə onu demək kifayətdir ki, Ümummilli liderin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradıldı, yeni sənaye müəssisələri istifadəyə verildi. 1970-80-ci illərdə Azərbaycan dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edirdi. Artıq 1982-ci ildə Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsinə görə SSRİ miqyasında qabaqcıl yerdə dayanırdı. Lakin sonrakı illərdə səriştəsiz rəhbərlərin dağıdıcı fəaliyyəti Azərbaycanın iqtisadiyyatına ağır zərbələr vurdu...

Xalqın təkidli tələbi ilə Ümummilli liderin ölkə rəhbərliyinə qayıtdığı 1993-cü ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin böhran içərisində idi. Bunu görən Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz Onun əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkə firavan gələcəyə doğru aparan yola qədəm qoydu. Ulu öndərin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycan beynəlxalq aləmdə etibar qazandı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi.Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi. Bu strategiyanın bu gün də uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətinə çevrilib.

Ulu Öndər Heydər Əliyev gənclərin hamisi idi

Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı barədə danışmamaq olmaz. Ümummilli liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.

Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyev hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə, yəni, ötən əsrin 70-80-ci illərində də Azərbaycanda gənclərin inkişafına, öz potensialını həyata keçirməsi üçün gənclərə şərait yaradılmasına daim diqqət yetirirdi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Məsələn, həmin vaxt Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açılmış, ali hərbi məktəblərdə gənc soydaşlarımızın təhsil alması üçün əlverişli şərait yaradılmışdı. Əməkdə və ictimai işdə fərqlənən gənclər irəli çəkilmişdi. Təsadüfi deyil ki, bugünkü Azərbaycanın elmi potensialının böyük bir hissəsi, məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində formalaşıb və həmin insanların çiyinləri üzərində qərar tutmaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli liderimizin həmin görüşdəki çıxışı həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının (YAP) ətrafında sıx birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Əslində, Heydər Əliyevin bu addımı Azərbaycanda gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə təminat verirdi. Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm gənclərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.Beləliklə, həm yuxarıda sadalanan addımların atılması, həm də gənclərlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi, müxtəlif fərman və sərəncamların imzalanması, qanunların qəbul edilməsi, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi və Cənab İlham Əliyevin YAP-ın II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı. Gənclər dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə çalışdılar. Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. Ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, “vətənçilik” ideyalarına əsaslanan Azərbaycan gəncləri gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar.Yəni, bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.

Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq

Son olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində yaradılmış özül və Onun tərəfindən əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. Əlbəttə ki, bütün bunlarla yanaşı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Təsadüfi deyil ki, hələ 2003-cü ildə keçirilmiş prezident seçkisi ərəfəsində Ümummilli liderimiz Heydər Əliyev xalqa müraciətində, məhz Azərbaycanın Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bildi: “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin firavanlığı yolunda çoxlu işlər görəcəkdir... inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm”.Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi kursu yaradıcılıqla inkişaf etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda verdiyi göstərişlərin icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması Onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir.

Bir sözlə, məhz Ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və ölkəmiz Heydər Əliyev siyasi kursu ilə inamla addımlayır. Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...