Sülh müqaviləsini gecikdirmək Ermənistanı çökdürür - TƏHLİL

Artıq 44 günlük müharibədən 1 ildən də çox vaxt keçməsinə baxmayaraq, Ermənistanla nə delimitasiya və demarkasiya məsələləri həll olunmayıb, nə Zəngəzur dəhlizi açılmayıb, nə də ən əsası, sülh müqaviləsi imzalanmayıb. Təbii ki, bunun hər şeydən öncə acısını çəkən, zərərini görən Ermənistandır. Nəzərə alsaq ki, “Dəmir yumruq” yerindədir və ortada bir il öncə imzalanan Bəyanat, erməni baş nazirinin Kapitulyasiyaya imza atması faktı var, deməli, təxribatçı ermənilər üçün tələblərdən nə qaçış yeri var, nə də məsələləri Ermənistan tərəfinin bu şəkildə uzatmasının zərərdən başqa onlar üçün heç bir nəticəsi gözlənilmir.

Hazırda Ermənistan cəmiyyətində müşahidə olunan xaos, narazılıqlar, fikir ayrılıqları, bəzi təxribatçı qrupların revanşist fikirləri ilk növbədə məhz bu cəmiyyətin özü üçün yaxşı heç nə vəd etmir. Müxalifətçi ermənilər işğalçı ölkənin mövcud hakimiyyətini sıxışdırmaqda davam edir və Paşinyan hakimiyyəti də bu təzyiqlərin fonunda daxili auditoriyaya hesablanan fikirlər, sərsəm bəyanatlar səsləndirir ki, nəticə etibarı ilə bundan erməni xalqı əziyyət çəkir. İndi erməni cəmiyyətinin qorxu hissini, ələlxüsus müharibə qorxusunu da istisna etmək olmaz və məhz 44 günlük müharibədən sonra bu cəmiyyət yaradılan miflərin puç olduğunu, xülyalarının mənasız olduğunu artıq dərk edib deyə, bundan sonra yalançı vədlərə də inanan deyil. Əksinə, bəzi qüvvələrin oyuncağına çevrildiklərinin fərqində olanlar həyəcan altında yaşayır və bu da anlaşılandır. Anlaşılan odur ki, ermənilər indi yaxşı başa düşürlər ki, bəzi qüvvələrin siyasi maraqlarının, ambisiyalarının bu vaxta qədər qurbanına çevrilmələri bir daha təkrar oluna bilər və yenə də erməni xalqı bunun altını çəkəcəyindən ehtiyat edir. Məhz ermənilərin artıq Ermənistanı sürətlə tərk etməsi də bu mənada başadüşüləndir və bu artıq həmin ölkədə ciddi problemə çevrilib. Ermənistana məxsus mətbuat səhifələrinin yazdığına və rəsmi dövlət qurumlarının etirafına görə, təkcə bu ilin 9 ayı ərzində bu ölkəni 103 min erməni tərk edib və geri qayıtmayıb. Ermənistan vətəndaşlarının ölkəni tərk etmələri barədə statistik göstəricilər də müəyyən məqamlara aydınlıq gətirir. Belə ki, 2017-ci ilin 9 ayı ərzində 75 min, 2018-ci ildə 42 min, 2019-cu ildə 36 min erməni vətəndaş ölkəni tərk etdiyi halda cari ildə bu göstəricinin 103 min olması ondan xəbər verir ki, Ermənistandakı inqilab dedikləri dövlət çevrilişindən sonra mühacirət azaldığı halda, müharibədən sonra bu rəqəm olduqca artıb. Amma onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, mühacirətlə bağlı bu göstəricinin artması erməni xalqının inqilabdan gözləntilərinin puça çıxması, müharibədən sonrakı xaos, yenə də müharibə qorxusu, sosial problemlər, heç bir müsbət gözlənti olmaması, bir sözlə ölkələri ilə, yaşam tərzləri ilə bağlı ümidlərinin puça çıxmasıdır.

Ermənistandan ermənilər iş axtarmaq və sonra da geri dönmək üçün getmirlər, əksinə, daha çox gələcəyə heç bir inamın qalmaması, özündən əvvəlkilər kimi Paşinyanın da cənnət barədə nağıllarının puç olması və müharibə riskinin qalması səbəbi ilə tərk edirlər. Onlar belə bir qənaətdədirlər ki, sabaha, gələcəyə ümid yoxdur, müharibə riski hələ də qalır. Axı niyə ermənilər belə bir qənaətdədirlər? Bunun səbəbini elə özlərində axtarsalar daha doğru olar. “Qarabağ Ermənistandır və nöqtə” deməyin acısını yaşayan Paşinyandan bu toplum dərs almadı ki, indi də “revanş” sözü dövriyyəyə buraxılıb? Məgər bu toplum xəstə təxəyyüldən, xülyalardan əl çəkə bilir ki, günahı da kimdə isə axtarsın? Həm də gunah keçisi kimi ortalığa atılan beli çantalı “küçə inqlabçısını” özləri seçməmişdilərmi? Yaxud, indi Paşinyanı günahkar hesab edənlər guya onun yerində olsaydılar nə edə bilərdilər? Əgər Ermənistan adında dövlət mövcudluğu dövründə işğalçılıqdan başqa bir işlə məşğul olmayıbsa, yalanlarla, boş vədlərlə xalqı aldadıbsa, nəticədə də ortada heç nə yoxdursa, dövlət səfalət içindədirsə, iqtisadiyyat, dövlət büdcəsi, hərbi imkanlar yox dərəcəsindədirsə, Azərbaycan kimi qüdrətli bir dövlət qarşısında necə rüsvayçı məğlubiyyətlə qarşılaşmaya bilərdilər? Nikol da sadəcə olaraq özündən əvvəlkilərin ənənəsinə sadiqlik nümayiş etdirib, boş vədlər verməkdə davam edib, pafoslu çıxışlar edib, yalançı mifləri bir az da şişirdib və bir az da ölkə uçuruma yuvarlanıb. Bir də axı Paşinyandan müharibə tələb edənlər özləri erməni xalqının müharibə qorxusunu niyə nəzərə almırlar? Niyə nəzərə almıqlar ki, bir də döyüşə qatılmağa demək olar hərbçiləri, hərbi texnikaları, gücləri, taqətləri belə qalmayıb? Bu səfil durumda yenə də sülh deyil, qisas, müharibə çağırışı Ermənistan üçün nə deməkdir anlamırlarmı? Görünür, elə anlayanlardır xaos içərisində olan bu işğalçı ölkəni tərk edənlər.

Qarabağ məsələsi, daha dəqiq desək, qonşularla suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi yoluna qoyulmadan, sülh sazişi bağlanılmadan, normal əlaqələr qurulmadan ermənilər nicat tapa, Ermənistan böhran bataqlığından çıxa bilməz və bunu hər bir erməni belə bilməlidir, nəinki baş nazir Paşinyan. Lakin maraqlıdır ki, bu reallığı erməni cəmiyyəti dərk edə bilirmi? Yəqin ki, elə dərk edənlərdir Ermənistanı tərk edənlər. Yəni, sülh sazişinin bağlanması uzandıqca, daha doğrusu, Ermənistan tərəfi bunu uzatmaqda maraqlı olduqca kütləvi köçün qarşısını ala bilməyəcəklər. Ən azından dərk etmək lazımdır ki, kapitulyasiyaya imza atmaq məcburiyyətində qalan bir ölkədə revanş səsləndirilməsi bu ölkənin məhv olma yolu deməkdir və ən azından dəmir yumruğu bu dəfə başları üzərində görəcəkləri zaman buna tam əmin olacaqlar, amma çox gec olacaq. Bəlkə də bundan sonra heç Ermənistan olmayacaq və məhz bu qorxudur elə erməniləri köç etdirən. Tam aydın şəkildə görünür ki, revanşistlərin, avantüristlərin meydan sulaması gələcək üçün bədbin proqnozlar verməyə əsas yaradır və belə bir mühit də öz növbəsində müharibə xofu yaratmaya, günü-gündən bu müharibə xofunu şiddətləndirməyə bilməz. Yəni, Ermənistan hakimiyyəti, eləcə də cəmiyyəti anlamalıdır ki, ümidləri puç olanlar, yaxud müharibə olma ehtimalından qorxuya düşənlər Ermənistandan qaçır, kütləvi köç isə nəinki ildən-ilə, hətta aydan-aya daha böyük miqyasda müşahidə olunur.

Əslində, İrəvan sülh müqaviləsinin imzalanmasını nə qədər uzadarsa, bu müqaviləni daha ağır şərtlərlə imzalayacağını bilməlidir. Bilməlidir ki, eyni ilə 44 günlük müharibədən öncə qeyd olunan şərtlərdən fərqli olaraq Paşinyan daha böyük məğlubiyyətə imza atdığı kimi, bu dəfə də sülh müqaviləsini daha ağır şərtlərlə imzalamalı olacaq. Onsuz da Azərbaycanın ərazi bütövlüyünü təsbit edib möhkəmləndirməsi üçün rəsmi Bakı Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur eləməkdədir və hadisələr də bunu təsdiq edir. Təbii ki, Ermənistanda hakimiyyət də, müxalifət də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına əngəl törətmək istəyir. Onlar yaxşı bilirlər ki, müqavilə imzalandıqdan sonra nə populizmi davam etdirmək, nə xəstə təxəyyüllə manipulyasiya etmək, nə də xalqı boş vədlərlə doydurmaq mümkün olmayacaq. Elə buna görə də hələlik cabalayırlar, amma anlasalar ki, gec-tez imzalanma baş verməlidir və bu, baş verəcək, özlərini belə yormaq yadlarına da düşməz.

Qonşuları ilə münasibətlərdə ermənilər özlərini qəti şəkildə günahkar görmək niyyətində deyillər. Əksinə, Ermənistan tərəfi qonşu dövlətlərlə konfliktləri daha da qızışdırır, ölkə daxilində olan mövcud problemləri də qonşuları ilə münasibətlərin pis olması ilə əlaqələndirirlər. Bir növ, daxildə olan problemlərinin səbəbini qonularının pis olması kimi faktordan asılı kimi qələmə verirlər və özlərinin belə səfalət içərisində olmalarına səbəb kimi qonşularının pis olmasını göstərirlər. Bunu təkcə ətrafdakılara deyil, hətta özlərinə belə sübut etməyə çalışırlar və əksər hallarda belə bir addım daxili auditoriyaya hesablanır. Amma bu, heç də vəziyyətdən çıxış yolu deyil və sülh müqaviləsindən qaçmaq üçün şans sayıla bilməz.

İndi erməni baş naziri hər şeydə, məğlubiyyətdə, səfalətdə və bütün məsələlərdə günahlandıranlar bilməlidirlər ki, ermənilər öz dövlət başçılarını deyil, təfəkkürlərini, düşüncə tərzlərini dəyişməlidirlər. Hər bəlalarında özlərini deyil, başqalarını günahkar gömək kimi bir ənənədən əl çəkmədikcə, işğalçı ölkə uçuruma yuvarlanmaqda davam edəcək. Bir sözlə, günahkar olduqları ilə, mövcud vəziyyətlə, Azərbaycanın bölgədə yaratdığı reallıqlarla barışmadıqca, sülh müqaviləsini imzalamadıqca bu ölkə daha ağır bəlalara düçar olacağına hazır olmalıdır. Ermənilər bilməlidirlər ki, sülh müqaviləsini gecikdirmək heç də onların xeyrinə deyil, əksinə, daha böyük bəlalar vəd edir və Ermənistanı çökdürür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə