“Azərbaycan Avrasiya məkanında rolunu möhkəmləndirir” - POLİTOLOQ ŞƏRH ETDİ

Əgər biz nəqliyyat-kommunkasiya kontekstində yanaşsaq, ümumi Avrasiya məkanında həyata keçirilən yeni miqyaslı layihələrə nəzər yetirməliyik. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurğulayıb ki, son 20 il ərzində Şərq-Qərb vektorlu çox iri miqyaslı layihələr həyata keçirilibdir və biz bunu müşahidə edirik.

“Nəzərə almaq lazımdır ki, cənab Prezident də xüsusi olaraq vurğulayıbdır, Zəngəzur dəhlizini və digər infrastruktur layihələrini Azərbaycan öz maliyyə imkanlarına arxalanıb həyat keçirir. Eyni zamanda bizim bir təcrübəmiz var və Bakı-Tbilisi-Qars da məhz sırf Azərbaycanın maliyyəsi ilə həyata keçirilən, özünü sübut etmiş bir layihədir. Digər tərəfdən bu komunikasiya marşrutları ilə dəhlizlərin dünyada rəqabəti var. Şimal, Orta yol, Cənub yol var və Azərbaycan infrastruktur yaradaraq bu rəqabətdə iştirak edir. Yeni geosiyasi reallıq, hansıki müharibədən sonra formalaşıb, Azərbaycana imkan verir ki, hal-hazırda istifadə olunan Şimal-Cənub Rusiya, Azərbaycan, İran və Şərq-Qərb Xəzər dənizinin şərq hissəsi ilə qərb hissəsini bir-biri ilə birləşdirən Azərbaycan, Gürcüstan, Türkiyə, yəni Qara dəniz və Aralıq dənizinə çıxış, bax bu dəhlizlərin artıq Azərbaycanda bir infrastrukturu mövcuddur.

Eyni zamanda yenə də Şərq-Qərb və Şimal-Cənub, yəni geosiyasi reallıq Azərbaycana imkan verir ki, o paralel olaraq ikinci istiqamətdə də, həm Şimal-Cənub vektorunda, həm Şərq-Qərb vektorunda yeni dəhlizlər və kommunikasiya xətləri formalaşdırsın. Çünki, nəzərə almalıyıq ki, Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi çox ciddi şəkildə müzakirə olunur, amma onun avtomobil yolları Ermənistan ərazisindən keçirsə, onun 20 kilometri Azərbaycan ərazisindən keçir. Əgər bu dəhlizdə dəmir yolu kompanenti olacaqsa, demək ki, Naxçıvan Müxtar Respublikasının ərazisində olan dəmir yolu infrastrukturundan istifadə olunacaq. Yəni, Ermənistan istəsə də, istəməsə də bu belə olacaq. Digər tərəfdən, Şərq-Qərb vektorunda Qafqaz regionunda ikinci xətt formalaşır Bakı-Tbilisi-Qars yoluna paralel olaraq, Zəngəzur dəhlizi formalaşır, hansıki həm də yol baxımından daha məqbuldur və qısadır. Yəni, Azərbaycan bu infrastrukturu yaradaraq Avrasiya məkanında olan geoiqtisadi münasibətlərdə öz rolunu möhkəmləndirir və hətta ərazisinin kiçik olmasına baxmayaraq, bir yox iki infrastrukturla çıxış etməyə hazır olduğunu nümayiş etdirir”, deyə politoloq Fərhad Məmmədli bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə