"Görüş Azərbaycanın növbəti diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir” - ŞƏRH EDİLDİ

“Bu günlərdə Soçidə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş naziri arasında üçtərəfli görüşün keçirilməsi və onun yekun nəticələri Azərbaycan üçün çox uğurlu hesab olunmalıdır. Bu görüşdə biz cənab Prezidentin bütün qarşısına qoyduğu məqsədlərə çatdığını görə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, əvvəla yekun bəyanatda ümumiyyətlə Qarabağ, Dağlıq Qarabağın statusu kimi fikirlər işlədilmədi: “Nikol Paşinyanın görüş vaxtı suveren sərhədlərimiz, hərbi əsirlərlə bağlı məsələlərdən danışmasını bu yekun bəyanatda biz görmədik. Ümumilikdə bunların hər biri Azərbaycanın uğuru sayılmalıdır. Cənab Prezident İlham Əliyev Soçi görüşündə hərbi əməliyyatları bitirdikdən sonra 100 nəfərdən çox erməni hərbiçisinin Ermənistana qaytarıldığını qeyd etdi. Ümumiyyətlə bu görüşlərin gələcəkdə bütün sahələrdə pozitiv əməkdaşlığa gətirib çıxaracağına ümid etdiyi bildirdi”.

Vüqar İsgəndərov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya Pezidenti Vladimir Putinin mətbuat üçün verilən bəyanatda hər fikri ilə demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə həmfikir olduğu açıq-aşkar görünürdü: “10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı dəhlizin açılması məsələləri öz əksini tapmışdır. Burada da bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinin dəhliz fikirlərini işlətməsi onu göstərir ki, Rusiya Prezidenti Azərbaycan Prezidenti ilə həmfikirdir və Rusiya həmin dəhlizin açılmasının tərəfdarıdır və onun tezliklə həyata keçirilməsində israrla artıq bildirir. Çox vacib olan digər bir məsələ sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu məsələ ilə bağlı Azərbaycan artıq konkret olaraq öz mövqeyini ortaya qoyub. Burada Rusiyanın rolu əvəzsizdir. Bilirik ki, bu görüşdə qoyulan bütün məsələlər Azərbaycanın tam mənafeyinə uyğundur və bu görüş Azərbaycanın növbəti diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə