"Bu, Azərbaycanın regionda və dünyada güc göstərisidir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Həqiqətən də, Füzuli aeroportunun qısa müddətdə tikilib başa çatdırılması Azərbaycanın bölgədə və dünyada güc göstərisidir". Bunu SİA-ya açıqlamasında deputat, politoloq Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu, bütün beynəlxalq subyektlər tərəfindən lazımınca qiymətləndiriləcək. Minalar düşərgəsinə çevrilmiş ərazidə əvvəlcə təhlükəsizlik tədbirlərinin görülməsi, onun ardınca 8 ay müddətində beynəlxalq standartlara cavab verən hava limanının inşa olunması sözün əsl mənasında Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyətinin göstəricisidir. Bu həm də Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir.

Elşad Mirbəşiroğlu bu barədə fikirlərini belə izah edib: "Beynəlxalq hava limanı ilk dəfə qardaş ölkənin prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın səfərinə şahidlik etdi. Bu səfər rəsmi səfər idi. Birincisi, ilk dəfə xarici bir dövlətin prezidentini işğaldan azad edilmiş ərazilərdə cənab Prezident qarşıladı. Bu həm də o anlama gəlir ki, bundan sonrakı mərhələlərdə həmin ərazilərlə bağlı başqa bir ölkənin iddiası ola bilməz. Bu fikri ağıllarından belə keçə bilməz. Çünki cənab Prezidentin də vurğuladığı kimi müharibə bitib. Amma mübarizə davam edir. Çünki Ermənistanı hələ də təxribatlara sövq edən qüvvələr var. Qərb dairələri Cənubi Qafqazda Azərbaycan və Türkiyənin rəhbərliyi ilə yaranmış yeni geosiyasi vəziyyət ilə barışmaq istəmirlər. Onlar alışıblar ki, onların təklifləri həyata keçsin. Amma Azərbaycan Prezidentinin qətiyyətli davranması nəticəsində Cənubi Qafqazda vəziyyət dəyişildi. Regionda cərəyan edən proseslər Azərbaycanın maraqlarına uyğun həyata keçməkdədir. Bu ədalətlidir. Çünki torpaqlarımız 30 il ərzində Ermənistan tərəfindən işğal altında olub. Ermənistanın bu işğalçılıq siyasətini dəstəkləyən dövlətlər olub. Bu dövlətlər bu gün də bu niyyətlərinə çatmaq istəyirlər. Amma mən deyərdim ki, xülyadadırlar. Ərazi bütövlüyümüzə yönəlmiş hər hansı hərəkətin qarşısı qətiyyətlə alınacaq. Cənab Ərdoğanın Azərbaycanın işğaldan azad olunmuş ərazisində səfərdə olması, onun dövlət təyyarəsinin Füzuli hava limanına eniş etməsi hesab edirəm ki, bu dünyaya əsaslı bir mesajdır. Həm də o mənada mesajdır ki, Azərbaycan ilə Türkiyə bir yerdədirlər. Azərbaycan ilə Türkiyə qardaşlığı sarsılmazdır. Ayrıca olaraq Füzuli hava limanının açılması Azərbaycanın hərbi, siyasi təhlükəsizliyi üçün böyük rol oynayacaq. Çünki Füzuli strateji bir regionda yerləşir. Cəbrayıl, Zəngilan, eyni zamanda Şuşa istiqamətində unikal kommunikasiya xətləri üçün Füzulidə şərait var".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...