“Prezidentin fikirləri stabilliyi pozmağa çalışanlara açıq mesaj idi” - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan Prezidenti cənab İlham Əliyev Hadrutun işğaldan azad olunması münasibəti ilə hadrutda bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak etdi, eyni zamanda Hadrutda məscidin təməli qoyuldu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq vurğulayıb ki, cənab Prezident Xocavənd rayonunun nümayəndələri ilə görüşdü, orada bir çox məsələlərə Azərbaycan dövlətinin, Azərbaycan xalqının dəqiq münasibətini bir daha ifadə etmiş oldu.

“Mən hesab edirəm ki, Xocavənd rayonunun və Hadrut qəsəbəsinin əhalisinin tərkibi ilə bağlı və orada ermənilərin məskunlaşdırılması ilə bağlı tarixi faktları Azərbaycan Prezidenti çox dəqiqliklə sadaladı və Hadrutun erməni yaşayış məskəni kimi qiymətləndirmək istəyən bəzi dairələrə, xarici qüvvələrə tarixi faktlarla cavab verdi. Bir daha təsdiq olundu, bir daha sübut olundu ki, bu ərazilər qədim Azərbaycan torpaqları, qədim Azərbaycan yaşayış məskənləridir.

Məhz 1813 və 1828-ci il müqavilələrindən sonra, Gülüstan və Türkmənçay razılaşmalarından sonra Azərbaycan ərazisinə, Azərbaycanın Qarabağ bölgəsinə İran ərazilərindən köçürülən ermənilərin bu ərazilərdə, Hadrutda məskunlaşdırılması nəticəsində bu yaşayış məskənlərinin etnik tərkibində tibbi dəyişikliklər baş veribdir və bu əslində süni bir proses idi. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, istənilən erməni havadarı, ermənilərə havadarlıq edən istənilən qüvvə əgər ermənilərə bu qədər canları yanırsa, öz ərazilərində ermənilər üçün ikinci dövlət də qura bilərlər, hərhansı bir status da verə bilərlər onlara. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan da həmin status verilmiş bölgəni tanıya bilər. Amma, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına Azərbaycan dövlətinin münasibəti birmənalıdır və heç vaxt da dəyişməyəcək. Azərbaycan Prezidenti bunu açıq şəkildə bəyan edibdir və bu gün Azərbaycan dövlətinin, Azərbaycan xalqının geri çəkilməsi üçün heç bir, nə tarixi, nə hüquqi, nə real əsaslar mövcud deyil. Ona görə hesab edirəm ki, Azərbaycan Prezidentinin Hadrutda Xocavənd rayonunun nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər regionda stabilliyi pozmağa çalışan, destabillik yaratmağa çalışan, konfrontasiyanı gücləndirməyə çalışan, cənub qonşumuz İran da daxil olmaqla, bir sıra qüvvələrə, eləcə də Qərbi Avropa dövlətlərinə, Fransaya açıq bir mesaj idi ki, heç bir qüvvə Azərbaycanın daxili işlərinə qarışa bilməz, heç bir qüvvə Azərbaycanın sərhədləri daxilində istənilən ərazi vahidinin yaradılması səlahiyyətində, Azərbaycan dövlətinə aid olan səlahiyyətin dəyişdirilməsi və bu səlahiyyətlərə müdaxilə etmək gücündə deyil, Azərbaycan dövləti buna imkan verməyəcəkdir, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin formalaşdırılmasına heç bir kənar qüvvə qarışa bilməz.

Eyni zamanda dostluq, qonşuluq, mehriban tarixi əlaqələrdən danışan, islam həmrəyliyindən danışan İran üçün açıq mesajlar ötürülürdü ki, əgər siz islam həmrəyliyindən, dostluqdan, qonşuluqdan, tarixi əlaqələrimizdən, mədəni əlaqələrimizdən danışırsınızsa, siz islam ədalətindən, siz islam haqqından, hüququndan danışırsınızsa, bu gün haqqı, hüququ illərlə pozulmuş Azərbaycan xalqının yanında olmaq əvəzinə, təcavüzkarın, haqqı, hüququ köbud şəkildə dünya ictimaiyyətinin gözü qarşısında pozan Ermənistanın yanındasınız. Siz 30 il torpaqları işğal altında qalan Azərbaycanla işğalçı Ermənistana fərq qoymursunuz. Əksinə, bəzi hallarda daha çox işğalçının yanında olmağı seçirsiniz. Siz, islam həmrəyliyindən danışan İran bu gün də təəssüf ki, Vətən müharibəsi dövründə heç bir fakta əsaslanmayan ermənipərəst Fransa ideologiyasına, ermənipərəst Fransa siyasətinə xidmət edən, “azərbaycanlılar terrorçulardan müharibədə istifadə edir”, böhtanını növbəti dəfə ən yüksək səviyyədə, ən yüksək siyasi xadimlərin dilindən səsləndirirsiniz. Siz Qərbi Avropa ağalarınızdan, Fransa dövlətindən aldığınız tapşırıq əsasında heç bir fakta əsaslanmadan və sizə tapşırılan fikirlərin həqiqiliyini yoxlamadan Azərbaycanı növbəti dəfə əsassız ittihamla üz-üzə qoyursunuz.

Mən fevral ayının 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici jurnalistlərlə keçirdiyi görüşdə İran mətbuat orqanının nümayəndəsi olan xanım jurnalistin qərəzli şəkildə, məqsədli şəkildə səsləndirdiyi sualı və Azərbaycan Prezidentinin həmin suala verdiyi cavabları xatırlatmaq istəyirəm. Azərbaycan Prezidenti o vaxt da, ondan sonra etdiyi bir çox çıxışlarda da İran tərəfinin səsləndirdiyi böhtanları açıq şəkildə faktlarla, sübutlarla əsaslandırmağı xahiş və tələb edibdir. Azərbaycan haqqın və ədalətin yanında olduğunu, Azərbaycan öz gücünə işğal altında olan torpaqlarını azad etdiyini, bölgəyə sülh, barış gətirdiyini, işğal altında olan 130 kilometrdən artıq Azərbaycan-İran sərhəddinin artıq dövlət nəzarətinə keçdiyini, bu sərhədlərdən İrana heç bir təhdid, təhlükə gəlməyəcəyini bəyan etdiyi halda, İran bunun qarşılığını Ermənistana verdiyi dəstəklə, Qarabağdakı bir ovuc separatçı qüvvələrə verdiyi dəstəklə qaytarmağa çalışır. İran əslində bununla Azərbaycanın daxili işlərinə, suveren hüquqlarına müdaxilə etmiş olur. Mən hesab edirəm ki, Azərbaycan dövləti İran qarşısında kifayət qədər tutarlı faktlarla onların səsləndirdiyi əsassız bəyanatları cavablandırıbdır, bundan sonra İran addımlarını atarkən, bəyanatlar səsləndirərkən daha korrekt davranacaq və tarixi qonşuluq, islam həmrəyliyi prinsiplərinə əməl etməyə çalışacaq”, deyə politoloq Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...