"Səbrli və dözümlü davranış növbəti cinayətə və təxribatlara səbəb ola bilər" - POLİTOLOQDAN AÇIQLAMA

"Mən güman etmirəm ki, Azərbaycan sərhədində və Azərbaycan ərazisində, xüsusilə Qarabağın ermənilər yaşayan hissəsində ciddi bir hərbi toqquşmalar baş versin". Bunu SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə bu Ermənistan dövlətinin eyni zamanda Nikol Paşinyan hökümətinin mənafeyinə uyğun davranış deyil: "Bildiyiniz kimi bununla bağlı son zamanlar Azərbaycan antiterror əməliyyatı aparmaq üçün çox ciddi hazırlıqlar görür. Bu yöndə həm müasir təchizat baxımından, həm də heyət tərkibi baxımından peşəkar bir şəkildə bu prosesə hazırlanır. Bu konteksdə Azərbaycanın, Türkiyənin və Pakistanın xüsusi təyinatlı qoşunları arasında ikili və üçlü hərbi təlimlər keçirildi. Və bu hərbi təlimlər Qarabağ ərazisində, xüsusilə də Laçının dağlıq ərazilərində anti-terror əməliyyatı, yəni terrorçuların zərərsizləşdirilməsi adı altında keçirilir. Bu təlimlərin hədəfi bəllidir. Bu, həm də Ermənistana və Ermənistanın havadar dövlətlərinə verilən mesajdır. Buna görə də düşünmürəm ki, dövlət səviyyəsində Azərbaycanla yerli hərbi qarşıdurmaya hazırlıq konteksində baş versin. Bilirsiniz ki, Ermənistanda hələ də Rusiyanın nəzarətində olan, eyni zamanda revanşist qüvvələrin nəzarətində olan hərbiçilər mövcuddur. Yəni, Qarabağ klanına aid olan zabitlər hələ də Ermənistan ordusunda xidmət edirlər. Xidmət edən zabitlər təkcə Qarabağ klanına deyil, həm də Rusiyaya bağlıdırlar. Buna görə zaman-zaman bu cür hərbi təxribatların olması gözləniləndir. Ona görə də Azərbaycan ordusu hər zaman ayıq-sayıq olmalıdır və bu cür hərbi təxribatlara adekvat cavab verməlidir. Çünki səbrli və dözümlü davranış növbəti cinayətə və təxribatlara səbəb ola bilər. Buna görə də hər zaman bu təxribatlara qarşı adekvat cavablar verilməlidir. Ayrıca bildiyiniz kimi bu gün Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində danışıq prosesləri gedir. Gələn həftədən yenidən toplaşmaq və kommunikasiyaların açılması müzakirə olunur. Belə həssas məqamda düşünürəm ki, bu cür hərbi təxribatların baş verməsi düşünülmüş aksiyadır və Paşinyan hökumətini pis vəziyyətdə qoymağa hesablanıb. Həm də Azərbaycanı arzu olunmaz hadisələrə təhrik etmək xarakteri daşıyır. Bu hərbi təxribatların başlaması məqamı məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri öncəsi baş verir. Rusiya Türkiyə və Azərbaycan münasibətlərini korlamaqdan ibarətdir. Rusiya sülhməramlılarının özlərinin də etiraf etdikləri kimi içib keflənmiş erməni əsgər və zabitləri bəzən sərxoş vəziyyətdə Azərbaycanın mövqələrini atəşə tuturlar. Yəni bu cür məsələr də var. Birmənalı olaraq konkret səbəb demək çətindir. Bir məsələni dəqiq demək mümkündür ki, bu gün Azərbaycan ordusu ilə qarşıdurmada Paşinyan hökuməti maraqlı deyil. Çünki, növbəti hərbi əməliyyatların başlaması həm Ermənistan, həm də Ermənistan hökümətinin başında olan Nikol Paşinyan üçün arzuolunmaz situasiya yaradacaqdır. Növbəti hərbi əməliyyatlar birdəfəlik Qarabağdan ermənilərin qaçışını, Qarabağda olan qanunsuz silahlıların ləğvi və eyni zamanda sərhəd mövqelərinin Azərbaycanın əlində olması ilə başa çatacaq ki, bu da Nikol Paşinyanı növbəti dəfə çox pis vəziyyətə qoya bilər. Bu baxımdan birmənalı demək olar ki, təxribatların səbəbi hökumətdən deyil. Nikol Paşinyan və müdafiə nazirliyi bütövlükdə orduya nəzarət edə bilmir. Ona görə mövqelərdə bu cür hərbi təxribatlar gözləniləndir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...