İordaniyadakı səfirliyimizdə də Anım Günü keçirilib

Azərbaycanın İordaniyadakı səfirliyində şəhidlərimizin Anım Gününə həsr olunmuş tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, anım mərasimində İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında Asiya və Okeaniya ölkələri ilə Dostluq Assosiasiyasının rəhbəri Əbdülrəhim əl-Maayah, Türkiyə Respublikasının səfiri İsmayıl Aramaz, Pakistan İslam Respublikasının səfiri Səccəd Əli Xan, eləcə də Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Cavab əl-Həmd, rəsmi “ər-Ray” və “əl-Ənbat” qəzetlərinin jurnalistləri Salah əl-Abbadi və Nemət əl-Xora, tarixçi Ömər əl-Armuti, “Orabanews” xəbər portalının baş redaktoru Sultan əl-Həttab və İordaniyada Azərbaycan Məzunları Klubunun İdarə Heyətinin üzvü mühəndis Riyad əl-Qudah iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərimizin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edib, səfirlikdə şəhidlərə həsr olunmuş guşənin önünə gül dəstələri qoyublar.

Səfir Eldar Səlimov sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan 44 günlük müharibə haqqında müfəssəl məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsi zamanı 300-dən çox şəhər və kəndi işğal azad edib, Ermənistanı 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur edib. O, təxminən 30 illik işğal zamanı Ermənistanın Azərbaycanın əzəli Qarabağ və ətraf rayonlarında mövcud təbii sərvətləri talan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını diqqətə çatdıraraq əlavə edib ki, Prezident İlham Əliyevin göstərişi əsasında bu gün azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır, hava limanları inşa edilir, nəhəng yol infrastruktur layihələrinin icra olunur, habelə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir.

E.Səlimov, həmçinin Zəfərin əldə edilməsində qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi dəstəyini xüsusi qeyd edərək, bu iki qardaş ölkənin səfirlərinə, habelə Vətən müharibəsi zamanı Azərbaycanı dəstəkləyən iordaniyalılara öz minnətdarlığını ifadə edib.

Yaxın keçmişə nəzərə salan Azərbaycan diplomatı ATƏT-in Minsk Qrupunun 30 il ərzində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini icra edə bilmədiyini xatırladaraq, dövlətimizin bu missiyanı 44 gün ərzində yerini yetirdiyini vurğulayıb, bu gün “Dağlıq Qarabağ” məfhumunun artıq tarixə qovuşduğuna, dövlətimizin başçısının cari il iyulun 7-də imzaladığı sərəncama əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradıldığına diqqət çəkib.

Sonra İordaniya Nümayəndələr Palatasında Asiya və Okeaniya ölkələri ilə Dostluq Assosiasiyasının rəhbəri Ə.Əl-Maayah, Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş direktoru C.Əl-Həmd, tarixçi Ö.Əl-Armuti və baş redaktor S.Əl-Həttab çıxış ediblər.

Çıxışlarda Azərbaycan Prezidenti və xalqımıza parlaq Zəfər münasibətilə təbriklər ünvanlanıb, bu Qələbə torpaqları işğal altında olan xalqlar üçün nümunə kimi göstərilib. Natiqlər Azərbaycan dövləti və xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıblar.

Anım mərasiminin sonunda qonaqlar səfirliyin Xatirə kitabında ürək sözlərini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə